Benzinin qiymətlərində yenidən artım gözlənilir. Bu barədə iqtisadçı Qubad İbadoğlu feysbukda məlumat paylaşıb. Onun fikrincə, yeni standart yeni qiymətə hazırlığın anonsudur.
Q.İbadoğlu yazır:
Bakı neft emalı zavodunda planlaşdırılmış profilaktika ilə əlaqədar işlərin müvəqqəti olaraq dayandırılması yenidən diqqəti neft məhsullarının qiymətinə cəlb edib. Artıq A-92 markalı benzinin də xaricdən idxal olunmasına hazırlıq başlayıb. Belə ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Ölkəyə idxal edilən Aİ-92 markalı benzin 15 faizlik gömrük rüsumundan azad edilib və bu markalı benzin üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Hər iki qərar oktyabrın 1-dən qüvvəyə minib və bu ilin son 3 ayında tətbiq olunacaq.
Bununla yanaşı, Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən prezident Əliyev Bakı neft emalı zavodunda Avro-5 standartlarına uyğun benzin istehsalının anonsunu verib.
Göründüyü kimi, bütün hazırlıqlar neft məhsullarının, o sıradan da benzinin, mazutun, dizel yanacağının və sürtgü materiallarının yeni qiymətinin əsaslandırılmasına hesablanıb. Əvvəlcə, rüsum və aksizləri ləğv edib, idxal benzinin qiymətini regional qiymətlərlə tarazlaşdırmaq yolunu seçən hökumətin sonradan həmin qiyməti yeni AzEuro standart benzin və digər neft məhsullarına tətbiq edəcəyi gözlənilir. Qiymət artımını şərtləndirən başqa bir arqument ölkəyə gətirilən avtomobillərin sayında müşahidə olunan artımdır. Böyük ehtimalla, istehlakçılar yanacaq məhsullarının yeni qiymətləri sürprizi ilə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində qarşılacaqlar.