İlham Hüseyn,
AXCP Rəyasət Heyətinin üzvü
Son günlər cəbhəçilərlə ReAl-çılar arasında yaranan mübahisələrin necə və nə üçün baş verdiyini bilmək istəyənlər yazını sona qədər oxusun.
İndi yenə də bir dəstə “ictimai fəal” ortaya çıxıb, doğrunun yanında olmaq əvəzinə, saxta Dədə Qorqudluğa start verəcək: Ay aman müxalifət bir-birini qırır, hamısı bir bezin qırağıdı və s. Bütün münaqişələrdə, mübahisələrdə belə olur. Bir müddətdən sonra yaddan çıxır ki, mübahisə, münaqişə nədən, kimin səhvindən başlamışdı, hansı tərəfin günahı nə qədər olmuşdu. Məcburam ki, bəzi ReAl-çılarla, bəzi cəbhəçilər arasında son günlər yaşanan mübahisənin qısa xronologiyasını yaddaşı zəif olanlara xatırladım.
Bizim İlqar Məmmədovla bir problemimiz yox idi. Həbsdə olanda necə müdafiə etdiyimizi hamı bilir. İlqar bəy həbsdən çıxdı. Əli Kərimli dərhal ona zəng etdi, hal – əhval tutub, İlqar bəyə uyğun vaxtda görüşmək istədiyini bildirdi (Əli bəy özü canlı yayımda dedi). Onun haqqında yüksək fikirlər səsləndirdi… Sonra nə oldu? Cəbhəçilərlə ReAl-çılar arasında yaşanan əsas mübahisəli məqamları bir- bir yadınıza salım. Onda görəcəksiniz ki, bütün mübahisə epizodlarında mübahisə ocağını ReAl-çılar qalayıb. Cəbhəçilər də hər bir epizodda onların apardığı mübarizəni aşağılayan, ya da həmin mübarizəyə ziyan vura bilən açıqlamalara cavab veriblər. Yəni cəbhəçilər bu mübahisədə hücum edən tərəf yox müdafiə olunan tərəfdir.
İlk mübahisə mitinqlərlə bağlı yarandı. Cəbhəçilər üçün ilk “soyuq duş” İlqar bəyin mətbuat konfransından gəldi. İlqar Məmmədov çox böyük qurbanlar bahasına keçirilən mitinqləri “İlham Əliyevə sərf edən mitinqlər” adlandırdı. Mitinqlərin təşkilində fədakarlıq edən, buna görə işini itirən, həbs olunan bir çox insan İlqar bəyin bu açıqlamasına etiraz etdi. Haqqları yox idimi?
Bir az sonra İlqar bəy 2-ci mübahisəni açdı. Müxalifətin, həm də hamılıqla son parlament, prezident seçkilərini və Konstitusiya referendumunu boykot etdiyini hamı bilir. ATƏT-in son prezident seçkiləri haqda olduqca sərt hesabatı da daha çox onun üzərində qurulmuşdu ki, seçkidə alternativlər olmayıb, real yarış olmayıb. Bu son seçkilərdən sonra ölkədə vəziyyətin yalnız pisə doğru dəyişdiyini də hamı bilir. Bütün bunlardan sonra İlqar Məmmədovun növbədənkənar parlament seçkilərində qeyd-şərtsiz iştirak edəcəklərindən danışmağa başlaması əlbəttə ki, etiraz doğuracaqdı. Müxalifətin çox böyük əziyyət və qurbanlar bahasına apardığı saxta seçkilərdə rol almaqdan imtina siyasətini səhv elan edən adam əlbəttə ki, etirazlara da hazır olmalıydı. Bu epizodda da biz sadəcə öz haqlı mübarizəmizi, doğru bildiyimiz və həyata keçirdiyimiz strategiyanı müdafiə etmişik.
Növbəti mübahisə epizodunu ReAl katibi Erkin Qədirli yaratdı. Açıq –aşkar bir tərəfdən “ənənəvi müxalifət öyrənmək, təcrübə toplamaq istəmədi” deyib, bizi hədəf seçdi, bundan da betəri, özünü müxalifətçi elan edən bu adam “İlham Əliyev hələ bir müddət də hakimiyyətdə qalmalıdır” fikrini irəli sürməklə rejimin əzdiyi insanların yarasına duz basdı. Necə sadəlövhcəsinə ümid etmək olar ki, müxalifət adı altında rejimin hakimiyyətdə bundan sonra da qalmasını əsaslandıracaqsan və buna görə həmin rejimin tapdaladığı adamlar sənə etiraz etməyəcəklər? Bu epizodda da biz zərərçəkən, müdafiə olunanıq.
Dördüncü mübahisəli epizodu ReAl İdarə Heyəti üzvü Xalid Bağırov yaratdı. Erkin Qədirlinin cəmiyyətdən aldığı haqlı təpkini “şüvənlik”, “tumanını başına çəkmək, “sürü kimi hücum etmək” kimi etikadan kənar ifadələrlə təhqir edən Xalid Bağırov cəmiyyətin böyük bir hissəsini söyüb, təhqir etdiyinə görə əlbəttə ki, qınanmalı idi və qınandı. Bu epizodda da cəbhəçilər söyülüb, təhqir edilmiş zərərçəkənlər idi. Onların Xalid Bağırovu tərbiyəli olmağa çağırışından təbii nə ola bilərdi?
Növbəti mübahisəni yenə də İlqar bəy özü yaratdı. Təşkili böyük cəsarət tələb edən mitinqləri “mövsümi mitinqlər” adlandırmaq, onları təşkil edən müxalifət liderlərini aqronom, almayığan adlandırıb, öz aləmində onları aşağılamaq bir müxalifət partiyası sədrinin etməli olduğu iş idimi? İndi nə edək, keçirdiyimiz mitinqlərin mövsümi olmadığını, əsl konstitusion proses olduğunu, şərə,böhtana məruz qaldığımızı deməyəkmi? Bu epizodda da əziyyəti yerə vurulan, böyük qurbanlar bahasına apardığı mübarizə aşağılanan biz deyilikmi?
Nəhayət, 6-cı, hələlik son epizod. Demokrat olduğumuz üçün, səudiyyəli cəlladlara sanksiya istədiyimiz üçün Erkin Qədirli hamımızı maymaq adlandırdı. Dərsini verməsəydik, o maymaq adını haqq etməzdikmi?
Dostlar, bizim bu rejimdən başqa nə hədəfimiz, nə rəqibimiz var. Ancaq kimsə həyatımız, azadlığımız bahasına apardığımız mübarizəni aşağılamağa, ona mane olmağa qalxmasın. Adını müxalifət qoyub, dolayı yolla rejimə xidmət edib, bizim də bu saxtakarlığa susacağımızı gözləməsin.
Birdə ki, özü yıxılan ağlamaz. Siyasi büdrəmələrin isə ağrısı lap böyük olur. Ona görə də ayağısürüşənlər günahkar axtarmasınlar. Ayaqlarını hara basdıqlarını, niyə basdıqlarını düzgün ölçsünlər. Bizim ayağımızın üstünə isə çıxmaq lazım deyil. Biz ayaqlarımızı xalqın yerə atılmış haqlarını yığmaq üçün hərəkətləndirmişik. Sizin ayağınızın ünvanı haradırsa, birbaşa ora tərəf gedin. Daha cəmiyyəti “ayaq izləri” ilə çaşdırmayın.