Paşinyanla üz-üzə görüşmək, Qarabağın gözlərindəki yaşı silməyəcək
Bu ölkədə çoxdandır ki, ciddi məsələlər qeyri-ciddi libas geyinib. Artıq “milli maraqlar”, “vətəndaşın rifahı”, “humanizm”, “tolerantlıq”, “inkişaf” sözləri qulaqlara lətifə kimi çatır. Çünki 25 ildir dəyərlərin soyqırımı prosesi gedir və hökumət ciddi məsələlər üzərində “evcik-evcik” oyunu oynayır.
Bu mənada qulaqlarımız “Qarabağ danışıqları” sözünü eşidəndə də fərqli reaksiya verir. Hamı başa düşür ki, hakimiyyətin Qarabağla bağlı danışıqları imitasiyadır, məğlubiyyətin ömrünü uzadır və düşmənin xeyirinə işləyir.
Ümumiyyətlə, rəsmi təbliğata könül versək görərik ki, Ermənistanda adam qalmayıb, düşmən əsgərləri səngərdən qaçıb və Qarabağı işğaldan azad etmək an məsələsidir. Koçaryanın dövründə də, Sarkisyanın zamanında da, Paşinyanın hökmranlığında da eyni vəziyyət olub. Yəni, bütün dövrlərdə “Lazım”ın adı gəlib, özü gəlməyib. Bütün dövrlərdə “danışıqlarda irəliləyiş var” deyilib, geriyə addım atılıb. Bütün dövrlərdə “danışıqlar məntiqi sonluğuna çatıb” bəyanatı yayılıb, amma məntiqsizlik ortaya çıxıb.
Xatırlayırsızsa, bir müddət əvvəl “biz mənasız danışıqlardan imtina edirik”, “bundan sonra nəticəsi olmayan danışıqlar aparılmayacaq” kimi “qətiyytli” vədlər verirdilər. Paşinyanın məlum bəyanatlarından sonra isə danışıqların tamam əsassız olduğu və bu illər ərzində heç bir uğur əldə olunmadığı aşkar göründü. Paşinyan Qarabağın Ermənistana birləşdirilməsindən, bu ərazilərin Azərbaycana məxsus olmadığından, Azərbaycanın tərəf kimi qondarma Dağlıq Qarabaq hökumətilyə danışıqlar aparmalı olduğundan dəm vurur. Hətta Rusiya prezidenti ilə görüşdə də təmsil etdiyi dövlətin maraqlarını açıq ifadə etdi. Yeri gəlmişkən, aprel döyüşləri zamanı da məlum oldu ki, Ermənistan zərrə qədər torpağı geri qaytarmaq fikrində deyil və buna görə müharibə etməyə də hazırdı.
Məsələ burasındadır ki, dünya da, Rusiya da, Ermənistan da Azərbaycna hökumətinin Qarabağ məsələsindəki qətiyyətsizliyini görür. Bütün məqamlarda aydın görünür ki, bu hökumətin sözdə olsa da, əməldə Qarabağ boyda dərdi görünmür. Ərzisini işğaldan azad etmək haqqında düşünən, tez-tez düşməni “lazım”la qorxudan hökumət, ilk növbədə daxildə xalqla dil tapmalıdır, dövlətin imicin yaxşılaşdırmalıdır, demokratik idarəçiliyə start verməlidir, dövlətin sərvətlərini talana etməkdən əl çəkməlidir və.s
Və belə bir məqamda deputat Zahid Oruc təklif edir ki, Azərbaycan və ermənistan birbaşa danışıqlara başlamalıdır. Bəli, Zahid Oruc mövqeyi ortada olan Paşinyanla birbaşa danışıqların vacibliyini vurğulayır.
Guya, birbaşa danışğa gedəndə Rusiyanın sifarişindən imtina edəcəklər? Yoxsa, ilk danışğın uğursuzluğundan sonra “torpaqlar tam işğaldan azad olunmayana qədər müharibəyə satart veririk” qərarı veriləcək? Dolayısı danışıqlarla hansı uğura imza atıldı ki, birbaşa danışıqlarla da hansısa nəticə əldə olunsun?
Deyəsən, mənasız danışıqlar da bizim hökumətimz üçün “tükənməz sərvət” qismindədir. “Danışıqlar limiti tükənməyib” deyərək, 25 ildir düşməni gücləndirməyə, Azərbaycanı borc bataqlığına salmağa xidmət ediblər.
Mən danışıqlar yoluyla Qarabağın işğaldan azad edilməsinə inanıram. Ancaq bunu mövcud hakimiyyət heç vaxt bacarmayacaq. Çünki öz vətəndaşıyla danışıqlardan imtina edən, ölkənin ləyaqətli insanlarına divan tutan, dövlətə gəlir gəitrən obyekt kimi baxan, düşmənin qarşısında qətiyyət nümayiş etdirə bilməyən, bu işğala “yaşıl işıq” yandıran Rusiyanı qarşısında təzim edən hökumət heç vaxt danışıqlar masasından qalib ayrıla bilməz. İndiki mərhələdə isə Paşinyanın mövqeyi aydın görünür və bu vəziyyətdə danışıqlara can atmaq növbəti qətiyyətsizlik, qürursuzluqdur.
Danışıqları aparnaların isə 25 illik məğlubiyyəti praktikası var. Məğlubiyyət danışıqlarına bu qədər sadəqət varsa, qalibiyyət sevincini yaşamaq mümkün olmayacaq. Paşinyanla üz-üzə görüşmək, Qarabağın gözlərindəki yaşı silməyəcək
İlham