Noyabrın 17-də Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərkən həbs edilən və 48 saata yaxın polisdə saxlanılan AXCP sədri Əli Kərimli və daha 10 nəfər fəalın məhkəməsi olub. Bu gün Səbail məhkəməsində keçirilən proseslərdə Əli Kərimli və daha 8 nəfər cərimə olunaraq sərbəst buraxılıb, 3 nəfərə isə 20 sutka inzibati həbs cəzası verilib. AXCP sədri 2500 manat, qalanları isə 400-500 manat cərimə olunub.
Əli Kərimli – 2500 manat
Ramid Nagiyev – 400 manat
Fatimə Mövlamlı – 500 manat
Sərdar Cəfərov – 400 manat
Nurlan Libre – 500 manat
Ramiz Cəfərov – 500 manat
Tahir Həsənli – 400 manat
Əlixan Rəcəbov – 500 manat
Ağababa Cəfərov – 20 sutka
Ruslan Əmirov – 20 sutka
Cavid İbrahimov – 20 sutka
Səbail məhkəməsinin önündə rəhbərləri başda olmaqla, AXCP və Milli Şura üzvləri, ictimai-siyasi fəallar, jurnalistlər toplaşaraq prosesin bitməsini, xüsusən də Əli Kərimli barəsində hansı qərarın qəbul olunacağını gözləyiblər. AXCP sədrinə qədər sərbəst buraxılanlar da məhkəmə binasının önündə gözləyənlərin sırasına qatılıb. AXCP sədrinin məhkəmədən çıxması isə binanın qarşısında toplananların böyük coşğusu ilə qarşılanıb. Əli Kərimli tərəfdarları və jurnalistlər qarşısında qısa açıqlama ilə çıxış edib.
Noyabrın 17-də saxlanılan AXCP sədri Əli Kərimli və partiya üzvlərinin Səbail Rayon Məhkəməsində prosesi yekunlaşdı. Əli Kərimli azadlıqdadır.
Publicerat av Meydan Tv Måndag 19 november 2018
Publicerat av Azadlıq Qəzeti Måndag 19 november 2018
Məhkəmə prosesinin özünə gəlincə, hakim Nurəddin Bağırov olub. Proses zamanı AXCP sədrinin vəkili Fuad Ağayev Şəhidlər Xiyabanı ətrafında olan video-müşahidə kameralarının görüntülərinin alınıb araşdırılması barədə vəsatət qaldırıb: «İnzibati Xətalar Məcəlləsinin 65.4.6 maddəsində göstərilib ki, inzibati xəta yeri video-müşahidə altındadırsa, şəxsin o görüntüləri əldə etmək hüququ var. Bu, birbaşa hüquqdur. Əgər Əli Kərimli inzibati xətaya yol veribsə, bu, aydın görünəcək. Yaxud da bilinəcək ki, polis qanunsuzluq edib».
Vəkil deyib ki, həmin gün AXCP sədri başda olmaqla, cəbhəçilər bayram tədbiri keçiriblər – Milli Dirçəliş gününün 30 illiyi ilə əlaqədar Azərbaycanın müstəqilliyi uğrunda ölənlərin məzarları üstünə güllər qoymaq istəyiblər. «Sərbəst toplaşmaq haqqında» qanuna görə isə bayram tədbirləri bu qanunla tənzimlənmir.
Vəkilin vəsatəti təmin edilməyib.
F.Ağayev bildirib ki, Ə.Kərimli polis idarəsində vəkili kimi onunla əlaqə yaradılmasını, idarəyə çağrılmasını istəyib. Lakin ona idarədən bu barədə heç bir məlumat verilməyib.
AXCP sədri haqqında inzibati xətaya dair protokolu tərtib etmiş polis zabiti Allahverdi Cəfərov bildirib ki, AXCP sədri protokolu imzalamaqdan imtina edib. Partiya üzvlərinin Şəhidlər Xiyabanına buraxılmamasının səbəbi barədə danışan A.Cəfərov deyib ki, həmin gün orada dövlət tədbiri, eyni saatda qonaqlar gələcəkdi. Onun sözlərinə görə, Şəhidlər Xiyabanına girişin məhdudlaşdırılması barədə iki gün öncədən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə xəbərdarlıq edilib.
Vəkil F.Ağayevin «Nə tədbir vardı? Niyə məhdudlaşdırılırdı?» sualına A.Cəfərov belə cavab verib: «Turistlər gəlib-gedir axı…».
F.Ağayev bildirib ki, ölkəyə 365 gün turist gəlir, o zaman vəziyyət necə olacaq?
Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Anar Hüseynov bildirib ki, noyabrın 17-də adamlar Şəhidlər Xiyabanına tərəf irəliləyirdi, Ə.Kərimli gələndə onu alqışlamağa başladılar: «Şüar səsləndirəndə onları saxlamaq qərarı verildi».
Çıxışında öncə saxlanma şəraitindən danışan Ə.Kərimli deyib ki, prosessual hüquqları pozulub, telefonu dərhal alınıb, iki gün ərzində ailəsiylə əlaqə saxlamasına imkan verilməyib, evdən göndərilən paltar və yemək qəbul edilməyib: «Mən kostyumda yatmağa məcbur qalmışam».
17 noyabrda keçirdikləri tədbirə gəlincə, Ə.Kərimli söyləyib ki, onlar siyasi aksiya, yürüş yox, anım mərasimi keçiriblər: «Bu barədə öncədən Facebook səhifəmdə də yazmışdım ki, Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 1988-ci ildə – mən hələ tələbə idim – biz Meydan hərəkatını başlatdıq, Azadlıq meydanını Kommunist partiyasından aldıq. Həmin gün başlayan hərəkat Azərbaycanın dövlət müstəqilliyinə, indi bu zalda olan üçrəngli bayrağın yenidən dalğalanmasına gətirib çıxardı. Biz ona görə məhz həmin gün bu ölkənin müstəqilliyi uğrunda canından keçən adamların ziyarətinə getmək qərarı verdik».
AXCP sədri deyib ki, indiyədək 70-80 dəfə Şəhidlər Xiyabanını ziyarət ediblər, heç vaxt da orada siyasi aksiya keçirməyiblər.
Ə.Kərimli bildirib ki, noyabrın 17-də gəlib tədbir iştirakçılarına qoşulanda artıq adamların qarşısını kəsmişdilər, bir hissəsini də tutmuşdular: «Yenə də irəlilədik. Polis kordonu qarşımızı tam kəsəndə dayandım, polislərə rəhbərlik edən şəxslərə başa salmaq istədim ki, şəhidləri anmaq, ziyarət etməkdə heç bir qəbahət yoxdur. Ümid edirdim ki, başa sala biləcəm. İmkan vermədilər, onda adamlar «Azadlıq!» qışqırıb yolun açılmasını tələb edirdilər. «Şəhidlər, haqqını halal et bizə!» şüarı səslənəndə mən dedim ki, «Şəhidlər, haqqını nankorlara halal etmə!».
Ə.Kərimli vurğulayıb ki, o, heç bir qanunsuz addım atmayıb, sadəcə, siyasi və vicdani borcunu yetirib: «Baş vermiş hadisə Azərbaycanı dünyada biabır edir…».
Bu yerdə hakim Nurəddin Bağırov çıxışın davamını gözləməyərək, müşavirəyə gedib.
Təxminən iki dəqiqə sonra geri qayıdıb, 2 min 500 manat cərimə qərarını elan edib.