Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra M.İbrahimin vəkili Cavad Cavadov vəsatətlər qaldırıb.
O, müvəkkilinin məhkəmə prosesi başa çatana qədər ev dustaqlığına buraxılmasını, M.İbrahimin məhkəmə zamanı onun yanında əyləşməsinə izacə verilməsini istəyib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin baxış iclası noyabrın 28-nə təyin olunub.
Qeyd edək ki(report), M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.
M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.