AXCP sədri Əli Kərimli Qobustan həbsxanasında “Nardaran məhbusları” Tale Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarlıya ağır işgəncələr verilməsinə etirazını bildirib və hakimiyyətdən bu anti-insani əməli dayandırmağı tələb edib. Ə.Kərimli feysbuk səhifəsində yazır:
Hacı Taledən, Abbas Hüseyndən, Cabbar Cabbarlıdan əl çəkin! Onlar – “Nardaran məhbusları” erməni əsirliyində deyil axı. Bəs niyə onlarla Ermənistanın azərbaycanlı əsirlərlə davrandığı kimi davranırsınız? İnsanlığa bu qədər nifrət, kin haradandır sizdə? Bu millət sizə nə edib? Bu millətin hesabına vəzifə sahibləri olmusunuz, bu millətin sərvətlərini talan edib varlanmısınız, indi nə istəyirsiz bu millətdən? Əsir götürülmüş Abbas Hüseynin anasının dediklərindən: “Abbas Hüseynin qoluna üst-üstə 3 qandal vurdurub, ağzını, gözlərini “skoç”la bağladıb ayaqlarına da zəncir vurduraraq o qədər işgəncə ediblər ki, paltarları belə əynindən çıxıb. Onun boğazından o qədər sıxıblar ki, 15 gündən çoxdur suyu belə çətinliklə içir…”. Hacı Taleyə qarşı basqılar o həddə çatıb ki, özünə xəsarət yetirib. “Nardaran məhbusları” bildiriblər ki, onlara qarşı işgəncələrə Qobustan həbsxanasının rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir. Anlamaq çətindirmi ki, əsir götürdüyünüz, əli-qolu bağlı insanlara qarşı etdiyiniz bu qədər qəddarlıq xalqı hiddətləndirir? Etdiyiniz əməllərin birbaşa cinayət olduğunu başa düşürsünüzmü? Sizə kim təminat verib ki, bütün bu cinayətlərə görə hər zaman cəzasız qalacaqsınız? Xalqımız bu anti-insani əməlləri dayandırmağı sizdən qəti şəkildə tələb edir!