Azərbaycanın ABŞ-dakı lobbiçisi Kemal Öksüz şərti olaraq 2 il azadlıqdan məhrum edilib və 20 000 dollar cərimə olunub. O 2013-cü ildə amerikalı qanunvericilərin və onların əməkdaşlarının Azərbaycana səfərinin maliyyələşdirilməsində Azərbaycanın rolu ilə bağlı Konqresə yalan məlumat verdiyinə görə dələduzluqda ittiham olunur.
“Mən utanc hissi keçirirəm və çətin anlar yaşayıram. Qanunsuz hərəkətimə görə məsuliyyəti öz üzərinə götürürəm. Üzr istəyirəm”, – 49 yaşlı K.Öksüz məhkəmədə deyib.
Texasdakı qeyri-kommersiya təşkilatının keçmiş prezidentinə 2013-cü ildə konqresmenlərin Bakıya səfərinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən maliyyələşdirilməsinin gizlədilməsi faktı ilə bağlı ittiham irəlü sürülüb.
Prokurorların sözlərinə görə, K.Öksüz bilərəkdən yalan danışıb, konqresmenlərin Azərbaycana səfərindən öncə və sonra Konqresin Etika Komitəsinə təqdim olunan sənədlərdəki məlumatları gizlədib.
O etiraf edib ki, səfərin maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət neft-qaz şirkətindən pul alıb, sonra isə gerçək maliyyə mənbəyini gizlətməklə Konqresin qaydalarını pozub.
Öz növbəsində hakim Tanya Çutkan proses zamanı deyib: “Cənab Öksüzün həbsxanaya göndərilməsi bizim cəmiyyətə necə kömək edəcək? Bunun mənası olduğunu düşünmürəm”.
ABŞ hakimiyyətindən gizlənən K.Öksüz ötən ilin avqustunda Ermənistanda həbs olunub. Üç ay Yerevan həbsxanasında qalıb. 2018-ci ilin noyabrında ABŞ-a qaytarılıb.
*Xatırladaq ki, söhbət 2013-cü ildə Amerikanın 10 konqres və müxtəlif ştatların nümayəndələrinin Azərbaycana səfərindən gedir. SOCAR həmin məqsədlə 2,2 mln. dollar ayırmışdı.
2015-ci il mayın 13-də “Washington Post” qəzeti bu səfərin maliyyə mənbələrinin şübhəli olması haqda məqalə dərc etdikdən sonra bu iş ətrafında qalmaqal yaranıb.
Turan