Yeni aksiyada yeni siqnallar gələcək!
Bəzən böyük aksiyalarda kiçik detalların uğuru gözləndiyindən daha təsirli alınır. Bəzən kiçik bir çağırış böyük bir aksiyada hər kəsin diqqətini çəkərək, yaddaşlarda silinməz izlər buraxa bilir. Necə ki, bizim bir gün əvvəl çağırışını etdiyimiz “siqnal aksiyası” 19 oktyabr mitinqində gözlənən mesajı verdi. Küçə boyunca sıralanmış yüzlərlə avtomobil deyilən saatda siqnalları işə salıb aksiyaçılarla həmrəylik nümayiş etdirdi. Yollar başlanmasa belə, minlərlə insanın “azadlıq” hayqırdığı küçələrdə tıxac quran maşınlar uzun-uzadı siqnal verməklə, xalqa dəstəyini ifadə etdi. Müxalifət lideri Əli Kərimlinin böyük dirənişlə addımladığı küçədə yüzlərlə maşından siqnallarla salamlandığını gördünüz. Böyük qələbələrə gedən yolda belə kiçik detalların uğuru misilsizdir. Böyük qələbələr üçün gedən mübarizələrdə belə kiçik detalların xalqın hisslərinə daha çox təsiri olur. O gün siqnal aksiyası, gerçəkdən də, gözəl effekt verdi. Gələcək mitinqlərdə bu təsirli detalların daha çox nəzərə alınması önəmlidir!
Şəhərdəki taksilərdən birinin sürücüsü maraqlı hadisə danışıb dostlarımıza. Sürücü deyib 19 oktyabr günü onun taksisinə 3 nəfər gənc minib. O, həmin gəncləri telefon çağırışı əsasında şirkətin sifarişi ilə götürüb. Gənclər 28 may metrosuna yaxın ərazidə taksidən eniblər və çox keçməmiş polis sürücünün başının üstünü kəsdirib. “Aksiyaya adam gətirdiyimi və buna görə cərimə ödəməyimi tələb etdi. Doğrusu, o gün həmin ünvanda mitinq olacağını bilirdim. Amma adamların kim olduqlarını bilmədiyimi və sifarişlə gətirdiyimi dedim. Mübahisəmiz uzandı və təkidlə cərimə ödəyəcəyimi bildirdi. O halda vəzifəsi olan bir tanışıma zəng edib, qanunsuz şəkildə saxlandığımı söylədim. Onun zəngi əsasında cərimə ödəmədən kardonlanmış sahədən çıxdım. Bu məqamda yol boyunca sıralanan maşınların mitinqçilərə həmrəylik siqnalı verdiyini gördüm və onlara qoşulub dəqiqələrlə siqnal səsləndirdim.” Sürücü bildirib ki, həmin gün onun mitinqdə iştirak etmək imkanı olmayıb. İş qrafikinə görə həmin saat xətdə olmalı imiş. “Məni orda üzləşdiyim ədalətsizlik avtomatik olaraq aksiya iştirakçısına çevirdi. İnsanlar hər gün belə haqsızlıqlarla üzləşirlər, belə hakimiyyət, belə idarəçilik olmaz ”- deyib gənc sürücü.
Ogünkü siqnal aksiyası göstərdi ki, özünü xalqın bir fərdi sayan hər kəs belə etirazlarda öz rolunu oynaya bilər. Hər kəs öz kiçik töhfəsi ilə böyüdə bilər o etirazları. Hər kəs ölkəsinin gələcəyi naminə imkanlarını işə sala bilər. Əsl uğur hər kəsin buna inandığı və qolunu çırmadığı zaman gələcək. Əsl uğur çəkici hamının bir zindana vurduğu zaman qazanılacaq. Əsl zəfər hamının bu ölkənin dəyişməsi üçün meydana öz çağırışı, öz şüarı, öz siqnalı ilə gəldiyi zaman yaxınlaşacaq. O günü yaxınlaşdırmaq öz əlimizdədir, yalnız öz əlimizdə.
Noyabrın 2-si bizimlə olun! Meydanda görüşərik! Bu dəfə aksiya axşam vaxtı ola bilər. Axşam vaxtı dinc kütləvi etirazlar dahilərin klassik metodur.