Yeni skandal: VIDEO
Şəhid ailəsinin faciəsi ilə özünə “reklam filmi” çəkdirən “millət vəkili”
Parlamentin “striptiz” deputatlarından hər cür rəzillik görmüşdük. Birini də Xaçmazın deputatı Eldəniz Səlimovdan gördük. Sözügedən məsələ Xaçmaz camaatını çox gəzəbləndirib. Dövlətçilik əxlaqının, vəkillik dəyərlərinin alverçilik səviyyəsinə endirildiyi yerdəyik. Adamlar millət vəkilliyi statusunun müqəddəs bir dəyər, şərəf məsələsi olduğundan xəbərsiz. Ciblərindəki mandatın minlərlə Xaçmazlıların ümid vəsiqəsi olduğu haqda təsəvvürləri belə yox. Bunlar şəhid ailələrini günlərlə qapılarda süründürməkdən, təhqir etməkdən, haqqını yeməkdən, mülkiyyətini əlindən almaqdan belə abır-həya etməyən adamlardır. İndi görün, bu Xaçmazın “striptiz” deputatı Eldəniz Səlimov şəhid ailəsinin faciəsi üzərində necə bir şou düzəldib, özünü reklam edir. Üstə gəl, utanmadan öz adamları vasitəsilə bizə göndərir ki, “yayın bunu, bax görürsünüz, burada işləyən deputat bircədənə mənəm”… Utanın, cənab Səlimov, və Xaçmazlılardan üzr istəyin.
İndi isə detallara keçək. Deputatın adından ünvanımıza ağlayan şəhid anası ilə video göndərilib, yazıblar ki, Eldəniz müəllim bu şəhid anasına bazarlıq göndərib. Şəhid anası ac idi, deputat isə onu yedizdirib. Buyurun, baxın…
Bu “diqqət”in nədən ibarət olduğunu qısa videonu izləyərək, özünüz də görə bilərsiniz. Mənəviyyatsızlığın ən aşağı qatına enmək deyərlər buna!
Adamlar qısa video-çəkiliş üçün iyrənc bir ssenari qurublar. Videoda şəhid ailəsi olduğunu söyləyən qadın arabadakı uşağı göstərərək, ağlamsına-ağlamsına yalvarır: “Eldəniz müəllim siz gözəl deputatsınız, hər yerdən tərifinizi eşidirik, sizdən xahiş edirəm bizə kömək edəsiniz. Mən şəhid ailəsiyəm, Xaçmaz rayonundan. Nəvəm xəstədir, durumumuz çox pisdir, heç yerdən köməyimiz yoxdur, nə olar, kömək edin…”
Bu səhnədən sonra növbəti kadr gəlir. Evin dəmir qapısı döyülür və deputatın ağır çəkili köməkçisi iki nəfərlə əllərində 4-5 sellofan torba girir həyətə. Torbalar təhvil verilir və həmin qadının deputata duası, alqışı ilə “film” bitir.
Bu videoya ər-arvad Əliyevlər də baxmalıdır. Deyəsən, bütün xəbərləri diktatorlar bizdən öyrənir. Baxmalıdırlar ki, deputatlarının necə adlarına layiq işlərlə məşğul olduğunu gözləriylə görsünlər.
Xaçmazda skandal yaratmış bu videonu bütün respublika görməlidir, bütün ölkə baxmalıdır. Baxmalıdır ki, bu ölkədə bir şəhid ailəsinin necə təhqir olunduğuna şahid olsunlar. Bu videoya seçicilər baxmalıdır ki, sabah səs üçün qapısına gələn bu utanmaz adamı qapıdan qovsunlar.
Şəhidin adı üzərində özünə reklam quran adamlardan bu xalqa vəkil olmaz. Bu yararsız, həyasını itirmiş adamlardan qurtulmağın zamandır!
Xaçmaz camaatı bizimlə 2 Noyabr Meydanlarda olun!