Sosial şəbəkələrdə ən populyar olan deputatlardan biri Aqil Abbasdır. Bu müqayisədə o ancaq ağsaqqal həmkarı Hadı Rəcəbliyə uduza bilər. Amma Allah belə populyarlığı heç düşmənə də qismət eləməsin. Həftə səkkiz, mən doqquz adamları sosial şəbəkələrə o başa-bu başa sürüyüb hörmətdən salırlar. Bu insanların onlarla xüsusi qərəzi filan yoxdur. Bizdə deputatın yaxşısı, pisi olmaz, hamısı eyni yuvanın quşudur, nə artıq, nə əskik. Sadəcə, parlamentdə bir neçə tip adam var ki, elə bil, söyülməkdən zövq alırlar. Adamlar hər dəfə çıxıb xalqın əsəblərini oynadan elə mesajlar verilər ki, sosial şəbəkələrdə mütləq fırtına qopur. Deyəsən, Aqil Abbasın ən çox “tərif edilən” çıxışı “xalq dolana bilmirsə, getsin soğan əksin” söhbəti olub. O zaman deputat demişdi ki, “sosial şəbəkədə atamı 932 nəfər söyüb, saymışam.” Söyüş söymək yaxşı iş deyil, doğru. Amma bu adamlar saxta mandatla neçə illərdir xalqı necə söyüb təhqir etdiklərinin fərqində deyillər görəsən?
Aqil Abbas yazıçıdır, uzun illərdir “Ədalət” adlı qəzet də çıxarır. KİV-ə Dəstək fondundan davamlı yardım alan həmin qəzetin redaktoru da həyat yoldaşı İradə Tuncaydır. Ədalətin nə olduğunu isə onun polis rəisi olan oğlu daha yaxşı bilər. Deyirlər rəis olduğu dövrdə “yaxşı” ad-san da çıxarıb. Yazıçılığa gəlincə… Aqil Abbas təmsil olunduğu parlamentdə bircə dəfə haqsız bağlanan qəzetlərin, TV-lərin məsələsini qaldırıb, yazarlığını bəlli edib ki, ona yazıçı deməyə dilimiz var gəlsin? Onun etirazçılarla görüşü zamanı sual verən Kanal 13 internet televiziyasının jurnalistinə acıqlanıb “Kanal 13 sizi provokasiyaya çəkir” ifadəsini əks etdirən köhnə bir süjet var. Jurnalistin “hansı provokasiyadan danışırsınız” sualına cavab olaraq “məni media ilə hədələmə, ən böyük media mənim əlimdədir” deyir. Deputatın “ən böyük media” dedikdə, mandatımı, parlamentimi, qəzetinimi nəzərdə tutduğunu deyə bilmərik. Amma bəlli ki, adam üstüörtülü şəkildə “hakimiyyət bizim əlimizdədir, nə istəsək onu yazdırarıq” mesajını verir. Elə İlham Əliyev məşhur müşavirədəki çıxışında da bunu deyirdi. “İqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlar. İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edilir.” Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək vəziyyəti dözülməz adlandırıb. Guya prezidentin medianın durumundan xəbəri yoxdur. Guya illərdir azad medianı əzib, bir qrup kuklanı əlində girov saxlayan Əliyev onları öz maraqları üçün istismar etmir? Guya hər gün səhifələrində müxalifət nümayəndələrinə qarşı palaz-palaz çirkin yazılar paylaşan qəzetlər bunların deyil? Guya o qəzetləri dövlət büdcəsindən qidalandırıb, ətrafında böyük troll şəbəkəsi yaradan da bunlar deyil? Hamı hər şeyi bilir. Ölkə mediasını oyuncağa çevirən, öz çirkin əməllərinə alət edən, ondan rəqiblərini vurmaq üçün yararlanan məhz bu hakimiyyətdir. Əgər bu işin başında prezidentin özü durursa, məmurları niyə o imkandan yararlanmasın ki? O, öz rəqiblərini hansı iyrənc qaydada “vurursa”, məmurları da eyni üsulu tətbiq edir. Aqil Abbas da boşuna “ən böyük media mənim əlimdədir” demir ki…