Apellyasiya Məhkəməsi AXCP funksionerlərinin həbs müddətini artırdı
AXCP sədrinin müavini Seymur Həzinin həbs cəzası 15 gündən 30 günə qaldırılıb. Bu barədə oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov qərar çıxarıb.
Qərar Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun şikayəti əsasında verilib. Şikayətdə yazıb ki, Seymura Xətai Rayon Məhkəməsinin təyin etdiyi cəza yüngüldür.
Məhkəmədə idarəni Xətai rayon polis idarəsinin əməkdaşı, polkovnik leytenant Rəhman Kərimov müdafiə edib.
Seymur Həzi məhkəmədə deyib ki, bu şikayətin məqsədi onu Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqdən də kənarda saxlamaqdır, çünki 15 günlük cəzası noyabrın 1-də başa çatacaqdı:
“Dövlətin dünyəviliyi prinsipinin altına belə ling salmaq olmaz. Hüququn başına açdığınız oyunlara görə hamınız cavab verəcəksiniz. Sabah bəlkə məni öldürəcəksiniz, amma birisigün mütləq cavab verəcəksiz. Kim ki İlham Əliyevə görə millətə zülm eləyir, hamısı cavab verəcək”.
Apellyasiya Məhkəməsi AXCP-nin başqa bir funksioneri, Gənclər Komitəsi İdarə Heyətinin üzvü Nicat Nizamovun da 15 günlük inzibati həbs cəzasını 30 günə qaldırıb.