Dərslər dayandırılıb, qonşu rayonlara getmək istəyənlər yollarda qalıb
Oktyabrın 28-də Prezident İlham Əliyev Ağdaş və Qəbələ rayonlarına səfər edib. Hər dəfə olduğu kimi bu dəfə də səfər ənənəvi olaraq Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləriylə tanışlıqla başlayıb. Daha sonra Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılışı, Qəbələ və Ağdaş rayonlarının içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi, Ağdaş Telekommunikasiya Qovşağında əsaslı təmirdən sonra istifadəyə verilən Şəbəkə Xidmət Mərkəzinin açılışı, Qəbələdə elektrik yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq mərasimi olub.
Ümumiyyətlə, səfərin detalları barədə yazılı və elektron mediada yetərincə məlumat verilib. Lakin bütün mətbu orqanlar dövlət başçısının bu səfərinin ətraf rayonlara giriş-çıxışı nə cür iflic etməsi barədə məlumat verməkdən açıq-aşkar çəkiniblər.
Yayılan bülletenlərdə dövlət başçısının hər iki rayonda ictimaiyyət nümayəndələri ilə görüşdüyü qeyd olunub. Halbuki “rayon ictimaiyyəti” adlanan zümrə həmişə olduğu kimi, bir neçə ay öncədən hazırlanmış aktiv YAP-çılardan və ölkə başçısına tərif yağdırmaq uğrunda “sınaq”dan “üzüağ” çıxmış bir qrup məddahdan ibarət olub.
“Hər bir azərbaycanlının prezidenti”nin səfəriylə əlaqədar insanlar az qala öz evlərində əsir qalıblar. Təkcə bir faktı qeyd edək ki, Ağdaş Dövlət Humanitar Kollecinin tələbələrinə bir gün öncədən telefon edib Prezidentin rayona səfər edəcəyi və bu səbəbdən də dərslərin təxirə salındığına dair xəbərdarlıq olunub.
Ölkə başçısının günün ilk yarısında gerçəkləşən Ağdaş və Qəbələ səfəri zamanı bütövlükdə günün böyük bir hissəsində bölgəyə nəqliyyatın giriş-çıxışı yasaqlanıb.
Azər