“Striptiz-bar saxlamaq olar, lakin İsa Məsihə dua etmək olmaz…”
Milli Məclisin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri Rahim Axundov işdən çıxarılıb. Bu adam faktiki olaraq nazir müavini statusunda bir əməkdaş idi. Parlamentdə sektor müdürü olmaq təsnifata görə yüksək vəzifə sayılır. O işdən çıxarılma səbəbini belə izah etdi: “Milli Məclisdə işləyirdim, sektor müdiri idim. Milli Məclisin sədri Oqtay Əsədov məni dini baxışlarıma görə işdən çıxardı. İsa Məsihin adı ilə Allaha dua etdiyimə görə məni işdən çıxardılar. Bu da dini tolerantlıqla bağlı aparılan siyasətə tamamilə ziddir. Şikayətlərimə, ərizələrimə baxan yoxdur, ona görə də gəlmişəm Mehriban xanımın qəbuluna girim.”
Dünən bizə Rahim Axundovun işdən çıxarılması haqqında ölkənin məsul şəxslərinə göndərdiyi məktublar göndərilib. Həmin məktubların birində deyilir: “Milli Məclisdə işlədiyim dövrdə həmişə mənə qarşı bir növ müxalif fikirli insanlar çıxırdı və məni sıxışdırıb işdən qovmağa çalışırdılar. Allah rəhmət eləsin, Milli Məclisin sabiq sədri mərhum Murtuz müəllim həmişə məni qoruyurdu. Rəhmətlik Murtuz müəllimdən sonra Milli Məclisə Sədr seçilən cənab Oqtay Əsədov şöbəmizə Rəşid İbrahimovu müdir təyin etdi. Rəşid müəllim bir neçə gündən sonra dərhal məni kabinetinə çağırıb dedi ki, guya mənim adım qara siyahıdadır və cənab Sədrə təqdim edilib.”
Milli Məclisdən dedilər ki, işdən çıxarılma güya xüsusi xidmət orqanlarının təqdimatı əsasında oldu, lakin sonra 200 min dollar istədilər ki, işə bərpa etsinlər.
Məlum oldu ki, Milli Məclisdə hər şey pulla alınıb-satılır. Şöbə rəisi və sektor müavini vəzifəsindən tutmuş, süpürgəçi vəzifəsinə qədər hamısını satırlar. Pul spikerlə və aparat rəhbərinə çatır. Orda deputat siyahıları var, deputat olmaq üçün hər namizəddən 1-2 milyon pul istəyirlər. Məclisdə deputatlar öz adamları olan işçiləri qoruyur, otaqlarda hər kəs öz aləmindədir, iş görən yoxdur. Amma öz maraqlarına uyğun olmayan günahsız adamları işdən çıxarırlar.
R. Axundovla spiker Əsədov arasındakı fikir toqquşmasının kökü hardan gəlir, bilmirik. Ancaq hər fürsətdə dini tolerantlıqdan, fikir azadlığından dəm vurub, dini inancına görə öz əməkdaşını işdən qovmaq ikiüzlülük və riyakarlıq deyilmi? MM-də bir sektor müdiri dini inancına görə işdən qovulursa, Əliyevlər cütlüyü dünyaya tolerantlıqdan danışıb, özlərini niyə rüsvay edirlər ki?