Azərbaycan o dünyadan qurtulmaq istəyirmi?

Əslən türkiyəli olan Hasan Qılıncaslan 7 ildir plastik tullantılar və karton toplayır. Gün ərzində Bakının küçələrini, zibilliklərini gəzərək ən yaxşı halda 400 kq plastik toplaya bilir. Onun sözlərinə görə, hələ Türkiyədə yaşayarkən bu işlə məşğul olub. Daha sonra “Azərsun” Holdinqin (VÖEN:9900020991) təşəbbüsü ilə Bakıya gələrək, şirkət üçün karton və plastik tullantılar yığmağa başlayıb. “Azərsun”dan əlavə, digər müştərisi “Az-Ekol” MMC-dir (VÖEN: 1701102891). Bu şirkətlərə plastik petlərin 1 kq-nı 30 qəpiyə satır.
“Pet şişələri, plastik, karton, şişe, sizde ona ne diyorlar bilmiyorum, salafan, bizdə ona naylon diyolar. Onların toplanması”- deyən H.Qılıncaslan müxtəlif təzyiqlərlə üzləşdiyini gizlətmir. Bu təzyiqlərdən qurtulmaq üçün Vergilər Nazirliyində vergiödəyicisi kimi qeydiyyata da düşüb: “Biz burda pis iş yapmıyoruz. Üstümə çok gəldilər, ben dişli çıktım. Daha benimle işləri yok”.
Çörəyini məişət tullantılarının toplanmasından çıxaran Hasandan fərqli olaraq yerli sakinlər müsahibə verməkdən yayındılar. Utanırdılar. Əsasən yoxsul insanların məşğul olduğu bu sahə tullantıtoplama məntəqəsinin müdirinin qanuni işləməsi zamanı daha rahat olur. Tullantılar isə müxtəlif yerlərdən toplanır. Bura qanuni və qanunsuz çalışan poliqonlar da daxildi.
Ölkədə hər il adambaşına 24 kq plastik qab və polietilen torba zibilliyə atılır. Bu isə ölkə üzrə 235,4 min ton, ya da 70 milyon AZN-lək (42 milyon ABŞ dollar) plastik tullantı deməkdir. Onların böyük bir hissəsi nə zərərsizləşdirilir, nə də təkrar emala yönəldilir. İldən-ilə palstik və polietilen məhsulların satışı artır. Regionlar üzrə statistikaya rast gəlinməsə də Bakı və ətraf qəsəbələrdə 2016-ci ildə 311 ton polietilen (93.3 min AZN) məhsul satılıbsa, 2017-ci ildə bu rəqəm 2090 tona (627 min AZN) qədər yüksəlib (mənbə: Statistika Komitəsi).
Artan emal və istehlakın fonunda hansı işlər görülür?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk iş plastik torbalarin qadağasının mümkünlüyündən danışıb (https://report.az/ekologiya/umayra-tagiyeva-azerbaycanda-birdefelik-plastik-torbalarin-istifadesi-qadagan-olunacaq-musahi-be/?fbclid=IwAR3_-swle7EHzCJuiFyX2VPu9KCTr7QcyxEh7MyAYd78gZOFLqQOESJOZt8). Ötən ilin dekabrın 11-də nazirliyin mətbuat xidməti onlara ünvanlanan jurnalist sorğusuna cavab verib. Cavabda deyilir: “Nazirlik 35 şəhər və rayon üzrə plastik tullantıların toplanması və çeşidlənməsi üçün 136-dan çox konteyner yerləşdirib. Artıq yerli İcra Hakimiyyəti orqanları, sahibkarlar, müəssisə və təşkilatlar da bu təşəbbüsə qoşulub”. Lakin nazirlik təsəvvürü belə çətin olan işə keçidin asan olmayacağını düşünür:
“Yəni hazırda bu işlərin başlanması, torbaların pullu olmasıyla bağlı təkliflər, sonra digər vasitlərə keçid – alternativlər. Yəni digər vasitənin, yaxud da qablaşdırmanın ölkənin istehsal bazarına daxil olması onu indi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olması, yəni sualı elə qoyursunuz ki, bu prosesin özünü istehsal prosesin tam dəyişmək. O prosesin özünü siz təsəvvür edirsinizmi?”- Nazirliyin sektor müdiri Mehman Nəbiyev deyir.
Əmlakını satıb ölkədən getməyə hazırlaşan və özünün gizli qalmasını istəyən Rasim Əliyev (ad şərtidir) deyir ki, 100 nəfər işçisi olub, hazırda isə beş nəfər qalıb: “Dolanma yoxdu. Əlində bir manat olan da xoş gəldin. 7 000 manat işığa borcum var, onu da bağlayıb gedirəm. Düz 1988-ci ildən sahibkaram. Azərbaycana 700 min dollarla gəlmişdim, indi nə pul var, nə də para”.
Rasim Əliyev getməsinin səbəbini yeni monopolistlərin yaranmasıyla əsaslandırdı:
“Tullantı sellofanları yığırdım, sertifikat da alırdım, şlanq istehsal edirdim. Gərək “xərc” çəkəsən ki, bir adam gəlib söz deməsin. İndi Rabitə və İnformasiya Texnologiyaları nazirin dəyişdilər, fövqəladəni dəyişdilər, hərə özünə bər dənə sex açdı. Vəssalam”.
Tullantıların “yaşayış yeri” zibil poliqonları
Ölkədə leqal və qeyri-leqal formada fəaliyyət göstərən tullantı polliqonları yalnız tullantı yığanların köməyinə çatır. Tullantıları təhvil alan yerin sahiblərinin də bir qismi vergidən yayınır. Buna görə də müsahibə verməkdən çəkinirlər.
İsa Əliyev 3 ildir ki, Bakı şəhərinin Yasamal rayonunda plastik və politelin tullantıların qəbulu ilə məşğul olan məntəqə qurub. Onlar vətəndaşlardan plastik qabların 1 kq-ni 40 qəpikdən, polietilen torbaları isə 50 qəpiyə qəbul edir. Sumqayıtda və paytaxtda yerləşən sexlərə (onların da bir çoxu vergidən yayınır) və şirkətlərə isə plastik qabları 55 qəpiyə, torbaları isə 60 qəpiyə satırlar. Xırdalan, Mingəçevir, Bərdədən də mal alırlar.
Plastik tullantı və polietilen bazarının ən böyük oyunçuları sırasında “Azərsun” Holdinqin, “Fırat boru” və “ME-TAK”ın (VÖEN: 1500018681) adına rast gəlirik. Xüsusilə, “Azərsun” regionlarda mənzil-komunnal təsərrüfat birlikləri ilə aktiv şəkildə işləyir. Holdinq Şəki şəhərində təsərrüfat birliyini presləmə dəzgahı ilə təmin edib. Şəki Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsal Birliyinin şöbə müdiri Fəxri Rəsulovun dediyinə görə, Şəkinin mərkəzi poliqonuna yığılan plastik tullantıları çeşidləyib, presləyərək “Azərsun”a satırlar. Ayda bir dəfə həyata keçirilən bu satışdan əldə olunan gəlir İstehsal Birliyinin öz təsərrüfat xərclərinə yönəlir. “Plastik tullanatılar çox az yığılır, ayda 500 kq-1 ton ancaq çeşidləyib, presləyə bilirik. Bu daha çox şəhərin mərkəzini və bir neçə kəndi əhatə edir”- F.Rəsulov deyir.
Fəxri Rəsulov kəndlərdə tullantıların yığılıb onlara təhvil verilməsi üçün bələdiyyələrin, digər qurumların yardımına ehtiyac olduğunu söyləyir: “Bizim maddi-texniki imkanlarımız bütün kəndləri əhatə etməyə yetmir”.
Təəssüf ki, fərdi şirkətlər, fiziki şəxslərin həyata keçirdiyi bu çeşidlənmə ekoloji standartlara uyğun aparılmır, heç bir dezinfeksiya işləri aparılmır. Mövcud nöqsanlar Ekologiya və Təbii Sərvətlər və Vergilər Nazirliklərinin əlində təzyiq vasitəsinə çevrilib. Bunu müsahibə verən və açıq müsahibədən yayınan şəxslər söylədi.
Hazırda Şəkinin poliqonunda sahibsiz küçə itlərindən tutmuş iribuynuzlu mal-qaraya qədər müxtəlif heyvanlara rast gəlinir. Tullantı daşıyan avtomobillərin dolu girib boş çıxdığı poliqonda bir neçə fəhlə plastikləri toplayır. Onlar əsasən elə poliqonun boş sahələrinə tapdıqları plastiki yığıb yeni gələn maşının arxasınca gedirlər. İşsiz olduqları üçün plastik yığdıqlarını deyirlər.
Plastik tullantılar idarə olunurmu?
İqtisadi İnkişaf Naziriliyi yanında yaradılan “Təmiz Şəhər” ASC-nin (VÖEN:1301914311) fəaliyyətə başlamasından sonra Bakıdakı poliqonlarda plastik tullantıların çeşidlənib təkrar dövriyyəyə qaytarılması işlərinə başlanılıb. Paytaxtdakı Mənzil-Kommunal Təsərrüfat Birlikləri (MKTB) tullantıların zərərsizləşdirilməsi üçün dövlətin müəyyənləşdirdiyi tarif əsasında “Təmiz Şəhər”ə müəyyən vəsait ödəyirlər. Qeyd edək ki, bərk məişət tullantılarının yığılması və daşınması tarifləri əhali qrupu üçün 1 nəfərin aylıq ödənişi 30 qəpik, qeyri-əhali qrupu üçün 1 m3 10 manat, 1 ton üçün 45 manat 50 qəpikdir. MKTB-lər isə yığılan tullantıların zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” ASC-yə 1 m3-a 1.20 AZN, 1 ton üçün 5.50 AZN ödəyir.
Məişət tullantılarının idarə edilməsi üçün ayrılan vəsaitdən regionlara heç bir pay çatmır. Tikilən zavodlar yalnız Balaxanı poliqonuna atılan tullantıların çeşidlənib, emal edilməsi üçündü. Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu istifadəyə verilərkən, müəssisənin emal gücü 200 min ton göstərilirdi. Ancaq bilinmir ki, gerçəkdə nə qədər tullantı çeşidlənir, bu haqda statistika yoxdur. “Təmiz Şəhər”in hesabatlarından görünən odur ki, bu il tullantıların yandırılmasından 170 milyon kvt/s elektrik enerjisi alınıb. Bu hesabatlarda “Təmiz Şəhər”in 2017-ci ildə (3455100 m3 x 1.20 AZN) – 4.146.120 AZN, 2016-cı ildə isə tullantıların yandırılmasından 4.416.120 AZN gəliri olub.
Tullantıların çeşidlənməsi, təkrar emala göndərilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün 2006-cı ildə Tədbirlər Planı qəbul edilib. Bura dövlət büdcəsindən, beynəlxalq təşkilatlardan böyük həcmdə vəsaitlər yönəldilib.
Xüsusi təyinatlı kommunal texnikasının alınması üçün 2007-ci ildə dövlət büdcəsindən Bakı Şəhər İcra
Hakimiyyətinə 25 milyon manat yönəldilib.
“Təmiz Şəhər” ASC-nin yaradılması və fəaliyyətə başlaması ilə yanaşı, qeyri-qanuni poliqonların ləğvi, Balaxanı poliqonunun yenidən qurulması çərşivəsində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinə (2009-2018) 95.3 milyon dollar xərclənib. Onun 76 milyon dollarını Dünya Bankı maliyyələşdirib.
Bundan əlavə iki zavod tikilib – Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu. Bu zavodların tikintisnin tam xərci açıqlanmır. Dövlət büdcəsinin investisiya xərclərindən görünən hissəsində Çeşidlənmə Zavoduna 362.8 milyon manat, Tullantıların Yandırılması Zavoduna 113.4 milyon manat ayrıldığı müşahidə edilir. Fransanın “CNİM” şirkətinin tikdiyi Tullantıların Yandırılması Zavodunun ümumlikdə 340 milyon avroya başa gəldiyi göstərilir. Onun bir hissəsini İslam İnkişaf Bankı maliyyələşdirlib. Eyni zamanda Fransa şirkəti zavoda operatorluq edəcəyi hər il üçün Azərbaycan hökumətindən idarəetmə xərci də istəyir. Bu, zavodun rentabelli işləməmisinin göstəricisidir.
Balaxanı Sənaye Parkına 32 milyon manat xərclənib
Balaxanı poliqonunun yenidən qurulmasına dövlət investisiya xərclərindəkı payı 50 milyon manatdır.
Məişət tullantılarının idarəedilməsi ilə üçün ayrılan vəsaitdən regionlara heç bir pay çatmır. Tikilən zavodlar yalnız Balaxanı poliqonuna atılan tullantıların çeşidlənib, emal edilməsi üçündü. Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu istifadəyə verilərkən, müəssisənin emal gücü 200 min ton göstərilirdi. Bu isə, yalnız 5 iri şəhərin poliqonlarında qeydiyyata düşən 1.6 milyon tonluq bərk məişət tullantılarının cüzi bir hissəsini təşkil edir. Çeşidlənmə zavodundan əldə olunan plastik xammal kütləsini “Az.Ekol.” MMC və “ME-TAK” MMC-yə satır. “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. “ME-TAK” MMC isə tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olur. Hər iki müəssisə “Təmiz Şəhər”in rezidentidir.
“Bu sahədə infrastruktur təkcə Bakı şəhəri ilə əhatələnməməli idi. Ola bilsin ki, dövlətin o vaxtki imkanları Balaxanıda qurulan infrastrukturdan əlavə müəssisə yaratmağa çatmamışdı. Amma regionlarda, iri mərkəzlərdə ən azından müəyyən qəbul məntəqələrinin formalaşdırılması mümkün idi”- İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev deyir. Onun sözlərinə görə, böyük vəsait tələb etməyən bu işə kreditlər də cəlb edilə bilərdi: “Dövlət yaxşı proqram hazırlayıb, dislokasiya qura bilərdi. Bu gün Bakını çıxmaq şərti ilə digər regionlarda məişət tullantılarının toplanması və nəqli çox bərbad vəziyyətdədir”.

“Təmiz Şəhər” ASC 2008-ci ildə təsis ediləndən rentabelliliyində problemlər yaşayır. Səhmdar Cəmiyyətin dövlət investisiyaları ilə yanaşı, büdcədən aldığı subsidiya, Kommunal Birliklərin ödədikləri xidmət haqları, xammal satışından əldə olunan gəlirlər əsas maliyyə mənbələridir. Son üç il büdcədən 130 milyon manata yaxın subsidiya alıb (2017-ci ildə 53.3 milyon manat, 2018-ci ildə 37 milyon manat, 2019-ildə 37.8 milyon manat).
Balaxanı poliqonunu və adıçəkilən iki zavodu tabeliyində saxlayan “Təmiz Şəhər” ASC-nin maliyyə hesabatlarından isə görünür ki, bu qədər maliyyə yardımlarının qarşılığında zərərlə işləyir. Təkcə, 2017-ci ildə “Təmiz Şəhər”in 161 milyon manatlıq zərəri olub (https://tamizshahar.az/wp-content/uploads/2017/05/tamiz-shahar-hesabat-2015.jpg; https://tamizshahar.az/wp-content/uploads/2017/05/hesabat.pdf ; https://tamizshahar.az/wp-content/uploads/2018/10/audit-2017.png ).
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsəsrrüfat Birliyinin ASC-yə olan borcu 11 milyon manatı ötüb. Plastik xammal alıcısı olan “Az.Ekol.”un 2016-ci il hesabatına görə ASC-yə olan borcu 24.5 min manatdır.
Maraqlıdır ki, “Az.Ekol.”un adına plastik tullantıların toplanması ilə məşğul olan “qara bazar”da da tez-tez rast gəlinir.
Şirkətin direktoru Ruslan Ağayev isə “Təmiz Şəhər”dən icazə almadan suallara cavab verməyə ixtiyarı olmadığını deyir. “Az.Ekol.”un plastik petlərin geri dönüşümü ilə məşğul odluğunu iddia edən müəssisə əslində petləri texnikanın köməyilə doğrayaraq xammal halına gətirir və o cür də satır.
Qeyd edək ki, 2010-ci il 10 apreldə təsis edilən şirkətin ilk direktoru Tural Qulu oğlu Əliyev olub. Tural Əliyevin adı İqtisadi İnkişaf Nazirliyi yanında sahibkarların məlumatlandırılması sektorunda aparıcı məsləhətçi kimi görünür. İqtisadi İnkişaf Nazirliyinə işə qəbul olunduqdan bir il sonra “Az.Ekol.” şirkətinin qanuni təmsilçilərindən olur.
Səhmdar cəmiyyətin hazırkı sədri Etibar Təhməz oğlu Abbasovun qardaşı Hüseyn Abbasovun qanuni təmsilçisi olduğu “Qlobus LTD” MMC-nin (VÖEN:1100408111) adına “Təmiz Şəhər”in bir çox tenderlərində rast gəlinir.
“Qanun deyir ki, tender komissiyasının üzvləri, iştirakçılar və iddiaçılar arasında hər hansı bir maraqlar konflikti olmamalıdır. Maraqlar konflikti deyəndə nə nəzərdə tutulur? Yaxın qohumlar nəzərdə tutulur, keçmiş həmkarlar nəzərdə tutulur – ən azı 3 il əvvəl bunlar bir yerdə işləməməlidir. Əgər siz dediyiniz halda satınalan təşkilatın rəhbərinin müavini tender komissiyasının üzvüdürsə, bu halda konkret maraqlar konflikti mövcuddur. Və Dövlət Satınalmaları Haqqında Qanunun 13-cü maddəsinə ziddir” – deyir, Satınalmalar Agentliyinin keçmiş əməkdaşı Vüqar Hüseynov.
Etibar Abbasovun qardaşı Hüseyn Abbasov isə başqa söz deyir: “Mənim təklif etdiyim qiymətlər daha ucuz idi ona görə məni seçiblər. Əvvəllər təmin edirdim, indi eləmirik ki. Komissiyada qardaşım tək oturmur”.

Hüquqşünas Xalid Bağırov deyir ki, korrupsiya cinayətdir: “Cinayət Məcəlləsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. İkincisi də bu bir dövlət əmlakının dövlət satınalmasıdırsa, dölətin pulu burada kiməsə ötürülür. Belə çıxır ki, həmin müəssisənin rəhbəri qardaşının şirkəti vasitəsilə dövlətin pulunu mənimsəməyə çalışır. Təbii ki, burada həm mənimsəmə cinayətindən, həm də korrupsiya cinayətindən söhbət gedə bilər və bu cinayətlərə görə cəzalar nəzərdə tutulub. Azadlıqdan məhrumetməyə qədər də cəza ola bilər”.
“Təmiz Şəhər”in vitse-prezidenti Səbuhi Mehdizadə 2011-ci ildə yaradılan “HOVERS” Group-un (VÖEN:1501843641) təsisçisidir (Araşdırma hazırlandığı və bitdiyi dövrdə S.Mehdizadə “Təmiz Şəhər”in vitse prezidenti idi. O, bu postdan uzaqlaşdırılaraq İqtisadi İnkişaf Naziriliyi yanında “İstehlak Mallarınını Ekspertizası Mərkəzi” MMC-yə direktor təyin olunub. Təyinat bu ilin may ayının 24-ü baş verib – red.). “Hovers Group” hazırda “Təmiz Şəhər”in sifarişi əsasında, Balaxanı Sənaye Parkında anbar tikintisini həyata keçirir. Habelə digər iri dövlət layihəsi olan MİDA-dan 6.3 milyon manatlıq tenderin “qalibi” olub. Bundan başqa, Səbuhi Mehdizadə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 5 mərtəbəli qeyri-yaşayış binasının sifarişçisidir. Sifariş ARB televiziyası üçün nəzərdə tutulub. Obyektin tikintisinə 29 may 2019-cu ildə icazə verilib.
İqtisadi İnkişaf Nazirliyi isə ona yönləndirilən jurnalist sorğusunu cavablamadı. Sorğuda bu suallar öz əksini tapırdı:
- Məişət tullantılarının idarə olunmasıyla bağlı “Təmiz Şəhər” ASC yaradılıb. “Təmiz Şəhər”in nə iş gördüyü isə tam olaraq bəlli deyil. Ünvanlanan sorğulara cavab vermir. Əvəzində nə bəlli olur – İdarə heyətinin sədri Etibar Abbasovun qardaşı Hüseyn Abbasov uzun illər qurumun tenderlərinin qalibi olub. Qalib olduğu dövrdə Etibar Abbasov idarə heyətinin sədr müavini olub. Qanuna zidd bir situasiyadır. Bu cür məsələləri nazirlik necə izləyir? Və ya izləyirmi?
- “Təmiz Şəhər” ASC konkret plastik tullantıların idarəolunmasında hansı işi görür? “Az.Ekol.” MMC-yə bizimlə müsahibəyə şərait yaradılmadı. Bu səbəbdən ASC-nin özünün hansı iş gördüyünü də bilmirik. Nazirlik bu duruma necə nəzarət edir?
- “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədr müavini Səbuhi Mehdizadə “Hovers Group”un təssisçisidir. Onun da şirkəti eyni zamanda Balaxanıda ASC-nin sifarişilə istehsalat müəssisələri üçün anbar tikir. Bu iş qanunla necə tənzimlənir?
- Sonuncusu, nazirliyin əməkdaşı olan Əliyev Tural Qulu oğlunun “Az.Ekol.” müəssisəsinin qanuni təmsilçisi olmasına nə səbəb olub?
İqtisadçı Rövşən Ağayev hesab edir ki, hökumət kommunal sektorun idarəçiliyindən geri çəkilməlidir. Belə ki, “Təmiz Şəhər” ASC-ni dövlət mülkiyyəti kimi saxlayaraq, özəl sektorun idarəçiliyinə vermək mümkündür: “Regionlarda da onun analoji infrastrukturunu yaratmaq üçün özəl və dövlət sektorunun partnyorluğunu qurmaq mümkündür. O zaman vəziyyətin necə dəyişdiyini görə bilərik. Belə ki, nə şəffaflıq problem olacaq, nə də məişət tullantılarının toplanması, nəqli və emalı problemi”.
23 yaşlı Turanə Nuri plastik məmulatlardan imtina edib. Dükan-bazardan ötən ilin sonundan salafan torbada olan heç nə almır. Özü ilə parçadan tikdiyi torbaları, şüşə qabları gəzdirir. Ən əsası bu işi sosial şəbəkələrdə davam etdirir. Turanə bu cür tullantıların çoxalmamasını onlardan imtinada görür.
“Azadlıq”