Hakimiyyətin çirkin planları öz başında çatlayacaq
Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin maşınla vurulma kadrlarını hamı gördü. Ömründə avtomobil sürməyən və ya yol hərəkəti qaydalarını bilməyən adam da bunun təsadüf olmadığını düşünər. Videoda qəzanın sui-qəsd olduğuna inamı artıran iki mühüm detal diqqət çəkir. O detallardan biri sürücünün boş, açıq yolda maşını düz Oqtay bəyin üstünə sürməsi, ikincisi isə onun ifrat soyuqqanlılıqla qapını açıb maşından enməsidir. Sosial şəbəkələrdə yayılan video ilə bağlı münasibətini bildirən insanların böyük əksəriyyəti bunun qəsdən törədildiyi qənaətindədir. Artıq bir çox tanınmış şəxslər Oktay bəyin vurulma hadisəsinin məsuliyyətinin hakimiyyətin üzərində olduğunu bildirib, hadisənin araşdırılmasını və sifarişçilərin cəzalandırılmasını tələb ediblər.
Deyəsən son günlərini yaşadığını hiss etməyə başlayan hakimiyyət getdikcə aqressivləşir. Onun bu cür KGB metodlarını işə salması da yaşadığı qorxunun ifadəsidir. Görünür, diktatorun sovet beyinli başbilənləri məsləhət görüb ki, bu cür terror əməllərini işə salıb, xalqın gözünü qırmaq lazımdır. Bu xalq 26 illik hakimiyyətdən qurtulmaq istəyir. Bu xalq on illərdir səsini oğurlayaraq hakimiyyətini əbədiləşdirmək istəyən rejimdən xilas olmaq istəyir. Bu xalq dinc mübarizəsi ilə demokratik dəyişikliklərə nail olub, ölkəni dəyişmək istəyir. Hakimiyyət bu yolla insanları susduracağını düşünürsə, yanılır. Bu xalq zamanında sovet tanklarının üzərinə əliyalın yerimiş bir xalqdır. Azad olmağı bir kərə ağlına qoymuş xalqı heç bir təhdid qorxuda bilməz.
Oqtay Gülalıyevin vəziyyəti ciddi olaraq qalır. Ümid edirik ki, o tezliklə həyati təhlükəsini atladacaq və sağlamlığına qovuşacaq. Amma bu qəzanı diqqətdə saxlamaq və sonuna çıxmaq üçün bütün cəmiyyət səfərbər olmalıdır. Hadisə, şübhəsiz, xalqı daha da qəzəbləndirəcək və küçəyə çıxanların sayını birə beş artıracaq. Hakimiyyət belə çirkin əməllərə əl atmaqda böyük səhv edir. Hakimiyyət açıq terror yoluna keçməklə, ölkədəki prosesləri qorxulu məcraya sürükləmək istəyir. Bu planı pozmaq Azərbaycan xalqının öhdəsinə düşür. 2 noyabrda elliklə küçəyə çıxıb, bu qaniçən rejimə “yox” deməliyik. 2 noyabrda diktaturanın hədə-qorxusundan çəkinmədiyimizi bir daha sübuta yetirməliyik. Bu zülmkar, bandit hakimiyyətindən qurtulmaq üçün meydanlara on minlər olaraq çıxmalıyıq. Taleyinə sahib çıxmağın zamanıdır, Azərbaycan xalqı! Gəlin, 2 noyabrda 28 may metrosu və DIN binasının ətrafında bu hakimiyyəti istefaya göndərmək üçün birlik olaq!