ADR Hərəkatı polis təqibləri ilə bəyanat yayıb. Bəyanatda deyilir: “Son günlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının fəalları müxtəlif bəhanələrlə polis şöbələrinə dəvət edilir, onların ictimai siyasi fəaliyyətləri “müzakirə” predmetinə çevrilir.
Xətai rayon polis şöbəsinin əməkdaşları ADR Hərəkatı sədrinin “İnkişaf və üzvlərlə iş” üzrə müavini Ellada Məmmədlinin evinə gələrək onunla “tanış olmaq” məqsədilə Xətai rayon polis idarəsinə aparıblar. Ellada Məmmədli ilə 3 saatlıq söhbət zamanı məlum olub ki, onu çoxdan, hətta xalq hərəkatı dövründən və yaxından tanıyırlar, daim müşahidə və nəzarət altında saxlayır, bütün danışıqlarını dinləyir, sosial şəbəkədəki fəaliyyətini (yalnız statuslarını deyil, paylaşdıqlarını da) izləyirlər. Profilaktika və təhdid xarakterli söhbətlərdən sonra Ellada Məmmədli sərbəst buraxılıb
Nərimanov rayon polis şöbəsindən ADR Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Ədalət Yusuba zəng edərək ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar verilib, onun fəaliyyəti ilə “maraqlanıblar”, tezliklə görüşəcəklərini bildiriblər.
ADR Hərəkatı İdarə Heyətinin üzvü Rövşən Dəmirli Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 30-cu polis bölməsinə çağırılıb və sorğu sual edildikdən sonra sərbəst buraxılıb.
ADR Hərəkatı Suraxanı rayon təşkilatının üzvü, 19 oktyabr mitinqində zorakılığa məruz qalmış qocaman riyaziyyat müəllimi Ənvər Ağamalızadəni 33 saylı Suraxanı polis idarəsinə çağırıblar. Ənvər müəllimin yeddi arxa dönənini, bütün şəcarəsini, qohumlarını siyahıya alandan sonra onu 2 saatdan yuxarı mənasız sorğu-sual ediblər və sonra sərbəst buraxıblar..
ADR Hərəkatının Binəqədi rayon təşkilatının sədri Arif Əzizzadə 5 saylı polis bölməsinə, həmin rayon təşkilatınınü üzvləri Rauf Səlimov və Amid Süleymanov polisə idarələrinə aparıldıqdan sonra sorğu-sual edilib, sərbəst buraxılıblar.
ADR Hərəkatı Göyçay rayon təşkilatının sədri Hikmət Qasımlı Göyçay rayon Polis İdarəsinə çağrılıb “profilaktik tədbirlərdən” sonra sərbəst buraxılıb.
ADR Hərəkatının 12 noyabr 2019-cu ildə yaydığı bəyanatda bildirilir ki, son vaxtlar ölkədə baş verən kütləvi həbslər, insanların izlənməsi, polis idarələrinə çağırılması və hədələnməsi, işgəncə faktlarının artması kriminallaşmış avtoritat rejmin ölkəni xaosa, vətəndaş qarşıdurmasına sürükləməsi təhlükəsi ilə üz-üzə qoyur. 19 oktyabr mitinqinda dinc nümayişçilərə divan tutulması, AXCP sədri Əli Kərimlinin, Milli Şura üzv Tofiq Yaqublunun, istiqlalçı deputat İbrahim İbrahimlinin ağır işgəncələrə məruz qalması, kütləvi həbslər rejimin öz vətəndaşlarına qarşı apardığı fiziki və mənəvi-psixoloji terroru kimi dəyərləndirilməlidir. Nardaran, Gəncə və Tərtər hadisələri üzrə işgəncə və ölüm işlərini araşdıran fədakar hüquq müdafiəçisi Oktay Gülalıyevin izlənməsi, dəfələrlə xəbərdar olunması və hədələnməsi, 29 oktyabr 2019-cu il tarixdə isə piyada keçidi üzərində avtomobillə vurulması bu hadisənin motivində sui-qəsd versiyasını gücləndirən xeyli dəlil və şübhələrin olmasına baxmayaraq iddiaların bu günədək araşdırılmaması pislənir.
Hakimiyyətin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən ən önəmlisi vətəndaşların insan haqları və fundamental azadlıqlarının, sərbəst toplaşma və ifadə azadlığının təmin edilməsidir. Lakin hakimiyyət bu öhdəliyini addım başı pozmaqdadır. Siyasi təşkilatların mitinq və piket keçirmək haqda müraciətlərinə ya gedilməsi mümkün olmayan şəhərdən xeyli uzaq ərazilər göstərilir, ya da mütəmadi imtina cavabı verilir.
ADR Hərəkatı hakimiyyəti qanunlara hörmət etməyə, öz üzərinə göürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, vətəndaşlara qarşı apardığı izlənmə, təqib və işgəncə faktlarını dərhal dayandırmağa çağırır, yaranacaq hər hansı xoşagəlməz ssenarinin məsuliyyətinin hökumətin üzərinə düşəcəyini bəyan edir”.