ReAl-da baş verənlərdən kim qazanır, kim itirir?
ReAl partiyası ətrafında baş verənlər və təşkilatın ən önəmli simalarından biri Azər Qasımlının ordan istefası siyasi çevrədə birmənalı qarşılanmayıb. Bir sıra tanınmış şəxslər Məclis sədri Azər Qasımlının istefası ilə bağlı sosial şəbəkələrdə maraqlı fikirlər paylaşıb. Bu baxımdan Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının partiyanın sədri İlqar Məmmədova ünvanladığı ittiham dolu məktubda maraq doğuran bir sıra məqamlar var:
“Azər Qasımlının yeni qurulacaq partiyada olmaq istəməmək arzusunu çox gözəl başa düşürəm. Azər yenidən keçmişə qayıtmaq, o oyunları yenidən görmək istəmir. Alternativimiz bizimlə eyni düşünən adamlar deyil, bizimlə əks qütbdə olan adamlar olmalıdır. Biz gücümüzü və enerjimizi Əliyevlərin qurduğu avtoritar rejimi dağıtmağa yönəltməliyik. Öz əlimizlə qurduğumuz strukturu dağıtmağa deyil. Axı seçkiyə aylar qalmış mövcud strukturu dağıtmağa nə hacət var…
Gördüyüm budur ki, islahat adı altında görmək istədiyiniz iş partiyanı sıfırlamaq və yenidən həbsdən əvvəlki kluba çevirməkdir.
Dostlar, mən həm də ona görə gedirəm ki, İlqar bəy qaydasız oynayır. Açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəccüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…
Siyasət laboratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil. Hakimiyyətə iddialı insan gördüyü işə ciddi yanaşmalı və prinsipial olmalıdır.”
Bu arada partiyanın İH-nin üzvü Erkin Qədirli qınaq dolu açıqlama yayaraq, partiyanın seçkilərə hədəflənmiş məramını bir daha ortaya qoyub: ReAl-dan hər kəs gedə bilər. Amma getməyi də bacarmaq lazımdır. Siz getmədiniz, qaçdınız. “ReAl-ın gəmisi batır” deyə düşündünüz, bəlkə, bilmirəm. Elədirsə, tələsdiniz. ReAl-ın gəmisi nəinki batmır, o, hələ heç dənizə çıxmayıb, limandadır, lövbərdə dayanıb uyğun hava gözləyir. Uyğun hava nədir? Qarşıdan gələn parlament seçkiləri.” Şübhəsiz, indiki şərtlərdə seçkilərdə iştirak edərək, uğur qazanmağın mümkünlüyünə inanmaq sadəlövhlük və özünü aldatmaqdan başqa bir şey deyil. Bununla yanaşı, ReAl-la bağlı yaranmış məsələ ölkənin siyasi gündəmi ilə bağlı məsələdir və ölkədə dəyişiklik istəyən hər kəsi maraqlandırır. Bununla bağlı Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılının paylaşdığı fikirlər də maraqlıdır: “ReAl-ın problemi bizim hamımızın problemidir. Necə ki, AXCP-nin də, Müsavatın da dərdi hamımızındır. Demokratik siyasi mübarizəni, respublika dəyərlərini, dünyəviliyi, rifahı öz məqsədləri elan etmiş siyasi partiyalar bizim üçün çox yüksək dəyərlərdir. Bizdəki ağır şərtlər altında bu yükü çiyinlərinə götürənlər ikiqat dəyərlidirlər. Əsasən, həm də ona görə ki, ReAl xeyli işıqlı, amma təəssüf ki, siyasətdən kənarda duran gənclər üçün cazibə mənbəyi ola bilmişdi. ReAl- da böhran bu ümidləri xeyli zəiflədəcək, qorxuram. Bu gənclərin siyasətdə olması çox faydalı. Böhranı təhlil etməkdən və qiymət verməkdən çox uzağam. Kənardan asan deyil. Amma çox istərdim ki, gənclər, bütün toplum baş verənləri diqqətlə araşdırmaq və faydalı sonuclar çıxarmaq istəyinə və imkanına sahib ola bilsin.”
Düşünürük, Rəşid Hacılı partiya ətrafında baş verənlərlə bağlı çoxlarının ürəyindən keçənləri ifadə edib. Mövcud rejimə qarşı səfərbərlik istəyi ilə bir araya gələn hər qurumun, hər nəfərin sıradan çıxarılması itkidir və nə yazıq ki, bu itkilər ölkəni illərlə geri atır.