Saxta parlamentin Naqiflərindən qurtulmaq zamanı deyilmi?
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191104-WA0031.jpg)
Bu antimilli parlamentin istefasını istəyirsinizmi? Bu binanın qapısından içəri girmək üçün xalqın maraqlarını alver vasitəsinə çevirənlərdən qurtulmağı necə? Parlament seçkilərini mandat bazarına döndərən başabəlalardan xilas olmağı necə, istəyirsinizmi? Şərəfli bir tarixin daşıyıcısı olan bu məclisdə kimlərin oturduğunun fərqindəsiniz? İllərdir saxta mandatla burada oturmaq haqqı qazanıb, dövlətçiliyə xəyanət edənləri tanımırsınız məgər? Bu ölkədə ilk parlamentin təməlini qoyan Məhəmməd Əmin Rəsulzadəni ən ağır şəkildə təhqir edən Naqif Həmzəyevi unutmamısınız ki? Milli Məclisin Gəncədən mandat almış deputatı, YAP Gəncə şəhər təşkilatının sədri, Elmar Vəliyevin yaxın adamı. Rəsulzadəni vətən xaini adlandırdı, onun həyat yoldaşı, qurduğu dövlət haqqında nalayiq sözlər söylədi. Nəticəsi nə oldu? İntizam Komissiyasının sədri Ağacan Abiyev alovlu-alovlu onun ən ağır şəkildə cəzalandırılacağını bəyan etdi. “Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı “Azərbaycanın düşməni” adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla “vətən xaini” deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir. Onunla bir masa arxasında oturmaq istəməzdim…Düşünürəm ki, aramızda belə adam olmamalıdır”. Abıyevin səmimi olduğuna şübhə etmək istəmirik. Amma o həngamədən sonra da həmin məxluqla bağlı heç bir cəza tədbiri görülmədi. Görünür, kimsə Abıyevə dedi ki, “ay kişi, söhbəti uzatma, bizim uşaqdır, yola ver getsin”. Sonra da elə bil qurbağa gölünə daş atdılar. Naqifə nə intizam cəzası verən oldu, nə də mandatının adını çəkən. Ancaq o sözləri Heydər Əliyev haqqında demiş olsaydı, nə baş verərdi? Təsəvvür etmək belə qorxuncdur, deyilmi? Hələ onun adı Gülənin Azərbaycandakı kilid adamlarından sayılan Elnur Aslanovun MTN-də dindirmə prosesində də hallanmışdı. Lakin o yenə də sudan quru çıxıb, heç nə olmamış kimi yoluna davam etməyi bacardı.
Ölkə havasız bir boşluğun içindədir. Nə qədər boş adamlar varsa, hamısını yığıb doldurublar ora. İnsanlar ölkə parlamentindən, Prezident aparatından tutmuş lift idarələrinə qədər hamısının əlindən cana yığılıb. Ölkə yeni nəfəsə, yeni düşüncəyə, yeni üzə möhtacdır. Tarixin köhnəlik qoxusu verən bu qalıqlarından qurtulmağın vaxtdır. Yeniliyə pəncərə açmağın, boğuq havanı dəyişməyin, ölkədə köklü təmizlik işi aparmağın zamanı yetişib. 19 oktyabr işıqlı sabahlar üçün yeni üfüqlər açır. Bu sıxıntıdan, əsəbdən, ağırlıqdan xilas olmaq üçün, sadəcə, o gün 28 may metrosunun qarşısındakı meydana gəlməyin lazım. Daha bundan sonrakı etirazlar üçün onlardan icazə istəməyəcəksən. Onların diktəsi ilə oturub-durmağın zamanı keçdi artıq. Etiraz aksiyası keçirmək sənin halal konstitusion haqqındır. Haqqımıza sahiblənib meydanda əl-ələ verəcəyik. O gün Azərbaycan xalqının böyük tarix yazacağına inanırıq. İnamında və əzmində möhkəm ol, Azərbaycan insanı! Birlikdə bacaracağıq!