Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu qızı Nigar Həziyə təcridxanada ona olan misilsiz təzyiqlərdən danışıb. Bu barədə N.Həzi facebook səhifəsində yazıb: “Ata ilə danışdım. Əhvalı yaxşı idi. Bütün dostlara salam söylədi. Tofiq Yaqublu: “Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bir zabit əməkdaşı mənim saxlanıldığım təcridxanaya gələrək məni 3 saatdan çox sorğu-suala tutdu. Məndən tələb edirlər ki, Milli Şuradan istefa verim və ümumiyyətlə, siyasi fəaliyyətdən əl çəkim. Əks təqdirdə məni “Bandotdel”ə aparıb orada ağır işgəncələr verəcəklərini bildirdilər.”
Çox əminəm ki, atanı ailəsi ilə təhdid ediblər. Yəqin ki, ən çox da mənimlə. Bilirəm ki, hər yazdığımı yuxarıdakılar oxuyurlar, oxumasalar da bu işlə məşğul olan muzdlu işçiləri var. Hər şeyi xəbər verirlər. Buradan bildirirəm əgər ataya bir şey olsa, buna birbaşa İlham Əliyev məsuliyyət daşıyır. Mənim, ailəmin başına bir iş gələrsə bilin ki, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox!Sizlər gedənə kimi mübarizə aparacağıq!”.
Azadliq.info