![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191110-WA0008.jpg)
Mehriban Əliyevanın prezidentlik kürsüsünə hazırlaşması haqqında yayılan şayiələr dünənin, bu günün söhbəti deyil. Bu iddialar 3-4 ildir ortalıqda dolaşıb durur. Hələ 3-4 il bundan əvvəl dövlət strukturlarında belə bir xəbər yayıldı ki, İlham Əliyev hansısa sağalmaz xəstəliyə tutulub və onun həmin xəstəlikdən tam müalicəsi mümkün deyil. Məlum xəstəliyin xərçəng olduğu dolaşan şayiələr arasında ən çox təkrarlananıdır. Ölkə başçısının xaricdə bu xəstəlikdən davamlı müalicə alması, arada uzun müddətə yoxa çıxmasının da onunla bağlı olduğu bildirilir. Lakin bu məlumatlar doğru deyildi.
Yayın sonlarında prezidentin bir aya yaxın müddətdə ortadan qeyb olması söylənən şayiələri bir az da gücləndirdi. Prezident administrasiyasından onun harada olması ilə bağlı rəsmi məlumat verilmədiyinə görə, şübhələr daha da artdı. O ərəfədə prezidentin infarkt keçirməsi haqqında xəbərlər baş alıb getdi. Sonra Əliyev yenidən ortaya çıxdı, heç nə baş verməmiş kimi görüşlər, iclaslar keçirdi, amma bu da insanların içindəki şübhələri dağıda bilmədi. Prezidentin əvvəlki qeyb olmalar zamanında olduğu kimi saçlarını tamamən qırxdırması faktı da nəzərdən qaçmadı. İndi hakimiyyət mətbəxində müzakirə olunur ki, onun xəstəlik söhbəti həqiqətən ciddi əsaslara söykənir və hətta ömrünə sayılı günlər qalır. Lakin, söhbət ciddi xəstəlikdən getmir, yayda Əliyev çox guman ki, mikroinfarkt keçirdib.
Mehriban Əliyevanın vitse-prezident təyin olunması, son bir ayda başlanan “islahatlar”, qoca qvardiyanın sıradan çıxarılması planı da buna hesablanıb.
Hələ iki il əvvəl ortalıqda bu şayiələr təzə dolaşmağa başlayanda qeyd etmişdik ki, prezidentin mühüm səfərlərdə xanımını yanına salıb onu xüsusi təqdim etməsi şübhə doğurur. Adam sanki, bu təqdimatlarla özündən sonra estafeti onun davam etdirəcəyi mesajını verirdi. Vitse-prezident təyinatından sonra bu fikirlər bir az da möhkəmləndi. Son ayların hadisələri isə hakimiyyət daxilində gerçəkdən buna bənzər hazırlıqlar getdiyini göstərir. Ailə daxilində qurulmuş plan belədir-Prezident Əliyevin səhhəti yaxın tarixdə öz səlahiyyətlərini icra etməyə imkan verməzsə, onun rolu birbaşa xanımına ötürüləcək. Bu o deməkdir ki, Mehriban Əliyeva həmin situasiyaya tam hazır olmalı və məqamında prezidentlik vəzifəsini heç bir maneəsiz öhdəsinə götürməlidir. Nəzərə alsaq ki, hakimiyyət daxilində bu plandan məmnun olmayan, hətta ona qarşı olan xeyli adam var, bu ötür-ötür oyununun çox asanlıqla baş verəcəyi də inandırıcı görünmür. Asan deyil, söhbət dövlətin, millətin, ölkənin təhlükəsizliyinə yarana biləcək təhlükədən gedir. Adamlar 30 ildə elə bir sistem yaratmayıblar ki, kritik məqamda hər hansı keçid ağrısız şəkildə, qanunauyğun olaraq həyata keçirilsin. Elə bir demokratik sistem yox ki, dəyişiklik hüquqi şəkildə, heç bir qarşıdurmaya yol verilmədən seçki yolu ilə həllini tapsın. Başqa bir tərəfdən də, hakimiyyət daxilində yekdillik yox, qanunlar işləmir, təhlükəsizlik orqanları öz missiyasını unudub, ölkə vətəndaşlarını izləmək, şərləmək, həbs etmək və əzməklə məşğuldur. Xalq da bütünlükdə rejimdən boğaza yığılıb və ilk fürsətdə yüz minlərin küçələrə tökülməsi faktı danılmazdır. Belə bir situasiyada prezidentliyin bir ailə üzvündən o birinə ötürülməsi bilirsiniz, hansı fəsadlara yol aça bilər?
Bir də Əliyevlərin problemi təkcə hakimiyyət daxilində baş verənlərlə bağlı deyil. Ailənin içində də onları ciddi narahat edən məsələlər var. Hazırda ailə üzvlərindən daha birinin-Leylanın da ciddi sağlamlıq problemləri olduğu söylənir. Başqa bir narahatlıq isə ailənin üçüncü övladı Arzunun şəxsi həyatı ilə bağlıdır. Bildiyiniz kimi, bir müddət əvvəl mətbuatda onun ailə-məişət münaqişəsi zəminində əri Səmədi bıçaqladığı yazılmışdı. Elə indinin özündə də onların birlikdə yaşamadıqları, rəsmi evlilik qalsa da, əslində, məlum münaqişədən sonra ayrıldıqları deyilir. Və bütün bu qarmaqarışıq işlərin içində olan Əliyevlər ailəsi 26 illik hakimiyyəti ailənin üçüncü üzvünə ötürməyə hazırlaşır. Növbədənkənar prezident seçkilərinin nə zaman gündəmə gələcəyini kimsə deyə bilməz. Amma hakimiyyət daxilində ona ciddi hazırlıq getdiyi şübhəsizdir. İqtidar mətbəxindən sızan bu xəbərləri yazmaqda bizim də məqsədimiz xalqı xəbərdar etməkdir ki, yaxın gələcəkdə baş verən hər hansı kataklizmə onlar da hazır olsunlar.