İslahata Rövnəqin mandatının alınmasından başlanmalı deyildimi?
Son məlumatlara görə, Rövnəq Abdullayev tapşırıq verib ki, onun piar üzrə xidməti onun obraz və imicini düzəltsinlər. Xaricilərlə görüşlər keçirdir, gülümsəyən şəkilləri isə verilir jurnalistlərə ki, “buyurun, paylaşın”… Lakin, xalq oğurlanan milyardlarını bizim “gülərüz” SOCAR rəhbərini bağışlayacaqmı?
İlham Əliyevin “islahat” söhbəti ortaya gələndən sosial şəbəkələrdə “parlamentin buraxılmasından başlayın” səsləri artmağa başlayıb. Yüzlərlə insan gündəlik olaraq xalqa qənim kəsilmiş deputatların çirkin əməllərindən yazaraq, parlamentin buraxılmasını tələb edir. Bir az səbrli kəsim isə ən azı növbəti seçkilərdə bu MM-in tam tərkibdə dəyişilməsini istəyir. Sosial şəbəkələrin daimi hədəfində olan və lənətlənən deputatlar onluğunda yer alanlardan biri də SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. İnsanlar şirkət prezidenti olduğu müddətdə adamın ölkənin ən böyük oliqarxlarından birinə çevrilməsinə, dövlət neft şirkətini quyunun dibinə salmasına, oğlunun uzaq ölkələrdə çıxardığı hoqqalara qəzəblidir. İnsanlar onun SOCAR-ı ailə şirkətinə çevirib qohum-əqrəbalarının ixtiyarına verməsinə qəzəblidir. İnsanlar ölkənin milyardlarını ailənin ata malı kimi bölüşdürüb götürməsinə qəzəblidir. İnsanlar onun SOCAR-ın bütün mühüm şöbələrinə öz adamlarını yerləşdirib, dünyanın dörd tərəfində balalarına böyük şirkətlər şəbəkəsi qurmasına qəzəblidir. İnsanlar “ölkənin sərvətlərini talan edən Abdullayevin mandatı geri alınmalıdır” deyirlər. “Övladı bu xalqın cibindən oğurlanmış pullarla milyonluq saatlar taxan şirkət prezidentindən hesab sorulmalıdır” deyirlər. “Onların bu xalqın təknəsindən oğurladığı haram pullar geri qaytarılsın” deyirlər. Amma bu səslər İlham Əliyevə yetişmir, deyəsən. Rövnəq Abdullayevin mandat aldığı parlament də bu səslərə qulaq tıxayır. İslahatdan danışıb, belə bir adamı vəzifə başında saxlamaq hansı məntiqin nəticəsidir görsən?
Onu nədən belə qoruyurlar?
Bir sorğu aparsanız, görəcəksiniz ki, ölkə əhalisinin 90%-i SOCAR-a və onun rəhbərliyinə nifrət edir. İnsanlar ölkədə baş verən bütün bəlalarda bu şirkəti günahkar görür. “Əgər böyük neft milyardları şirkətin əli ilə çirkli oyunlara xərclənməsəydi, başımıza bu bəlalar gəlməzdi” qənaətindədir hamı. Məsələnin kökü daha dərin olsa da, xalq ittihamlarında haqlı. Milyardlar necə xərclənib, kimin adına, haralara gedib, dəxli yoxdur. Fakt odur ki, bütün bunlar Rövnəq Abdullayevin əli və imzası ilə edilib. Adam yuxarılara verdiyini verib, ailəsi üçün götürdüyünü götürüb, dövlət şirkətini müflis edib qoyub yan üstə. Analoqsuz inkişaf nağılları bitib, insanlar yoxsullaşıb, ölkənin bütünlükdə qazla təmin olunması ilə bağlı verilən vədlər heç 80% də yerinə yetirilməyib. Regionlar o yana dursun, Bakının kəndləri belə qışda qazsızlıqdan qan ağlayır. Bu qədər gəlib keçən milyardların müqabilində ölkəyə 11 milyard borc buraxan şirkət prezidentinin yeri haradır, sizcə? Bu qədər cinayətlər necə görməzdən gəlinə bilər axı? Adı bu qədər rüsvayçılığa qarışmış adamı hələ də parlamentdə necə saxlamaq olar? Rövnəq Abdullayevi belə ciddi-cəhdlə qoruyan kimlərdir? Bəylər Əyyubovmu, Oqtay Əsədovmu, yoxsa elə İlham Əliyevin özü? Baxın, xalqın Abdullayevlərə olan antipatiyasını öyrənmək üçün, sadəcə, sosial şəbəkələrə göz atmaq kifayətdir. İlham Əliyev onları dəstəkləməklə o antipatiyanı öz üzərinə çəkdiyinin fərqində deyilmi? Fərqində olmamış deyil, amma ya bundan heç bir narahatlıq hissi keçirmir, ya da Abdullayevin milyardların taleyi ilə bağlı bildikləri müqabilində susub durur. Son günlər “islahat” söhbətlərini gündəmə gətirən, ona hakimiyyət daxilində əngəl törədənlərin olduğunu deyən prezident, əngəlləri aradan qaldırmaq üçün birinci elə Rövnəqlərdən başlamalı idi. Amma görünür ki, onun belə bir istəyi yoxdur. İslahat da elə baş qatmaq üçün bir imitasiya oyunudur. Lakin hər kəs anlamalıdır ki, bu oyunla da çox uzağa getmək mümkün olmayacaq.