Ermənilər vitse-prezidentə “Bakını alarıq” mesajı göndərdi
Deyəsən diktator Əliyevlərin başı hakimiyyət oyununa elə qarışıb ki, ölkənin başında dolaşan qara buludların fərqində deyillər. Ermənistan tərəfi nəfəs dərmədən üzü Bakıya meydan oxuyur. Acgöz və utanmaz ailə hakimiyyəti isə növbədənkənar seçki həşirindədir. Nə qaçhaqaç, qovhaqovdusa, hikkəli xanım tələm-tələsik yan-yörəsinə öz adamlarını yığıb ərinin yerinə keçməyə hazırlaşır. Bu gün növbədənkənar parlament seçkilərinin rəsmi vaxtı da elan olundu – 9 fevral. Ölkənin, xalqın, dövlətin maraqları adamların vecinə deyil, bir də arsız-arsız Paşayevlər klanının hakimiyyətdəki yerini bərkitməklə məşğuldurlar. Başları seçki siyahılarına, mandat alış-verişinə qarışdığından, yəqin Nikol Paşinyanın arvadı Anna Akopyanın göndərdiyi mesajdan da xəbərsizdilər. Bilirsiniz, bu dəfə Anna özü Azərbaycan hakimiyyətini yerə soxan bəyanat verib. Özü də bəyanatı birbaşa vitse-prezdentin özünə ünvanlayıb. O, Mehriban Əliyevanın avqust ayında “Telegram”-da yayımlanan “yeganə arzumuz Qarabağ torpaqlarında muğam dinləməkdir” mesajına güllədən betər cavab göndərib: “Mehriban Əliyeva “Telegram”-da yazıb ki, onların bir arzusu var, o da Qarabağda muğam dinləməkdir. Onun bunu hansı kontekstdə yazdığını təxmini bilirəm, ancaq indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. Dəvəti qəbul etsə, özüm də Bakıya getməyə, orada qonaq olmağa hazıram. Əgər onlar muğam adı altında müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, onda muğama qulaq asmaq istədikləri yerlərin sayı da artacaq.” Onun ardınca Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan da “Facebook” səhifəsində bu sözləri yazıb: “Azərbaycanın vitse-prezidentinə meydan oxuyuram və əminliklə bəyan edirəm ki, o, Dağlıq Qarabağda muğam eşitməyəcək, mən isə Bakıda Komitasa(erməni bəstəkarı) qulaq asacağıma söz verirəm”. Tarixdən az-çox xəbəri olanlar bilir ki, belə alçaldıcı bəyanatlara görə tarixən ölkələr arasında necə müharibələr baş verib. Biz ordunun adına ayrılmış milyardları oğurlayıb ofşorlara köçürən bu korrupsioner hakimiyyətdən o hünəri gözləmirik. Amma bu qədər həqarət və aşağılanmağı həzm etmək də hər adamın hünəri deyil. Öz ölkəsinin vətəndaşlarına qan udduran Əliyevlərin səsi niyə batıb görəsən, kim verəcək Akopyanın cavabını? Təkəbbürü yerə-göyə sığmayan Mehriban Əliyeva niyə susur? Axı bir də ərini istirahətə göndərib ali baş komandan olmaq iddiasındadır modabaz vitse-prezident xanım. Erməni nazirin xanımına söz davasında uduzan Əliyeva sabah meydan davası olsa, düşməni hara kimi buraxacaq? Deputat Naira “Bakını da alarıq” mesajı verir, eşidirsinizmi? Əlbəttə, xalqın oğurluq pulları ilə dünyanın ən bahalı moda evlərindən geyinməyə bənzəməz vətən sevgisi. O, qandan, imandan gələn şeydir, milyardlarla satın alınması mümkün olmayan bir şey.
Təslimçi və qorxaq diktator cütlüyü
Vitse-diktatorun Kreml səfərini, parlament yır-yığışını təkcə ailənin hakimiyyət əndişəsinə bağlamayın. Bu işlərin arxasında həm də ölkə üçün gerçək bir təhlükə dayanır. Bunlar Rusiyanın qoltuğuna sığınıb Qarabağı təhvil verməkmi istəyirlər? Güc strukturlarının sayını gündən-günə artırıb xalqı əzməklə təslimçi sülh sazişinimi imzalamağı planlaşdırırlar? Bu qədər alçaldıcı bəyanatların cavabsız buraxılması, ermənini silahlandıran Rusiyaya sığınmaq nəyin mesajıdır? Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin açıqca demədimi, “Azərbaycan Dağlıq Qarabağdan gözünü çəkməlidir”? Adamın “Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalı, əvəzində isə Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i qaytarılmalıdır” bəyanatından sonra Kremldən orden almaq hansı əxlaqa sığırdı? Bir metal parçasına görə Putinin qarşısında əyilib “Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir” demək hansı səviyyənin göstəricisidir, sizcə? Əliyevlər bu şərtlərdə ermənilərin Bakıya gətirilməsinə xeyir-dua verməklə, “şərab diplomatiyası”na müəlliflik etməklə, Qarabağ münaqişəsinin baş ssenaristi Rusiyaya sığınmaqla ölkənin maraqlarına xəyanət etmirlərmi? Bu anti-milli ailə hakimiyyətinin davam etməsi ilə Azərbaycanı hansı fəlakətlər gözlədiyinin fərqindəmisiniz? Paşinyanın məlum nöqtə bəyanatı zamanı yazmışdıq- Azərbaycan hakimiyyəti Qarabağ məsələsində təslimçilik bayrağını qaldırmış kimi görünür. Məgər bunu hiss etmirsiniz? Bu ailə hakimiyyət kürsüsünü qorumaq üçün bütün gücünü ölkə daxilindəki müxalif qüvvələri susdurmağa yönəldib. Onun işğalçı düşməni susdurmağa nə iqtidarı var, nə marağı. Torpaqlarımızı işğal etmiş düşmən isə ayağını hər gün bir az da yuxarı qoyur.
Qarabağı bizdən uzaqlaşdıran ailə hakimiyyəti
Dəfələrlə dediyimiz kimi, Qarabağ münaqişəsinin açarı ölkənin demokratikləşməsindən, hakimiyyət başına ölkənin maraqlarını kimsəyə güzəştə getməyən bir komandanın gəlməsindən keçir. İyirmi altı illik Əliyev hakimiyyəti isə öz yarıtmaz siyasəti və korrupsioner mahiyyəti ilə Azərbaycanı dünyada rəzil duruma salıb. İyirmi altı ildə Qarabağ məsələsində bir addım belə irəliləyiş baş verməyib. Başı xanım Əliyeva üçün yeni hakimiyyət komandası formalaşdırmaq məsələlərinə qarışmış bu adamların düşmənə cavab verəcək sözlərimi qalıb? Ermənilər 1988-ci ildən qarşılarına qoyduqları Qarabağı Ermənistana birləşmək məsələsində addım-addım irəliləyirlər. Görünür Əliyevlər hakimiyyəti ölkəmiz üçün 35 min insan itkisinə başa gələn müharibəni ağ bayraq qaldırmaqla bitirmək istəyir. Bunu ali baş komandan olmağa hazırlaşan xanım Əliyevanın Akopyanın alçaldıcı bəyanatı qarşısında qorxaqcasına susması da sübut edir. İlham Əliyevdən ali baş komandan olmadı, Mehriban Əliyevadan olarmı? Xeyr, olsa-olsa, ondan da əri kimi ali baş diktator olar.