Yarım milyardlıq təyyarə alan diktator xalqdan niyə qorxur?
Sosial şəbəkə fəalları İlham Əliyevin son çıxışlarında 92-93-cü illər AXC-Müsavat hakimiyyətinin tənqidinə ayırdığı vaxtı hesablayıb, poster hazırlayıblar. Məlum olub ki, ölkə başçısı məlum çıxışları zamanı “AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyətinə” xeyli vaxt sərf edib. O, 14 noyabr Dünya dini liderlərinin II sammitinin açılışında bu barədə 1.05 dəqiqə, 15 noyabr Rusiyalı din xadimləri ilə görüşdə 3.04 dəqiqə, 21 noyabr Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə 8.06 dəqiqə, 26 noyabr BDU-nun 100 illiyinə həsr olunan mərasimdə 5.46 dəqiqə danışıb. İlham Əliyevin dövlətçilikdən və dövlət adamlığı anlayışından xəbəri olsaydı, 16 illik prezident kürsüsündə 27 il əvvəlin bir illik AXC hakimiyyətini ittiham etməzdi. Həm də bunu prezidentə yaraşmayan küçə ritorikası ilə, aşağılayıcı, təhqiramiz şəkildə etməzdi. İnsanları küçədə qanına qəltan etdirib, zorla prezident kürsüsünə yiyələnməklə deyil ki, adamın içi bomboş. On altı ildə on altı qəpiklik iş görmədən özünü 3 dəfə ard-arda prezident elan etmək də bunun açıq sübutudur. Əliyev niyə hər addımda ölkəyə müstəqillik qazandırmış ilk xalq hakimiyyətini təhqir edir? Onun AXC hakimiyyəti ilə bağlı yaşadığı kompleks nədir belə? Əslində, cavab sadədir, o, xalqın seçmədiyi biridir və on altı ildir bunun kompleksini yaşayır. Adam on altı ildir “ondan siyasətçi çıxmaz” deyimini isbatlamağın yolunu xalqa qan uddurmaqda görür. Adam xalqdan qisas alırmış kimi, qanunu, məhkəməni, polisi oyuncağa çevirib, onları şəxsi xidmətçisi səviyyəsinə qədər endirib.
İlham Əliyev siyasətdə təsadüfi adam olduğuna və heç bir vaxt xalqın səsiylə seçilmədiyinə görə ondan qorxur. Ölkədən oğurladığı milyardlara, qurduğu böyük polis ordusuna, yaratdığı qatı siyasi rejimə rəğmən, yenə də qorxur. Xalqı saya almadan dövlətin büdcəsindən vitse-prezident xanımına yarım milyardlıq təyyarə alan diktator xalqdan qorxur. Adam on altı ildir ölkənin ali kürsüsünü zəbt edib, həyatın dadını çıxarır. Ölkənin taleyi, xalqın yaşamı, çevrədə baş verənlər onu qəti şəkildə narahat etmir. Ağlı, fikri ölkənin milyardlarını ailəsinin kef-damağına xərcləmək və xarici hesablara yerləşdirməkdir. On altı ildə əzbərlədiyi “analoqsuz inkişaf”, “ regionun lider dövləti” epitetləri də püf çıxdı. Neft milyardları havaya sovrulub qurtarandan sonra baxdılar ki, ölkə üçün bir çürük qoza dəyən iş də görülməyib. Əhali yoxsullaşıb, iqtisadiyyat çöküb, işsizlik gündən-günə artır, tükənməkdə olan neftdən də imdad gözləməyə də dəyməz. Onun 16 illik hakimiyyət dövrü ölkənin adını beynəlxalq aləmdə rüsvay etməyə bəs edib. Bütün dünya bunların oğurluq pullarından, korrupsiya qalmaqallarından və çirkin lobbiçilik cinayətlərindən danışır. İlham Əliyevin siyasi dünyagörüşü və mədəniyyəti olsaydı, bu qədər biabırçılıqdan sonra dirənib hakimiyyət ömrünü uzatmağa cəhd etməzdi. Amma o, inad göstərməkdə davam edir. Adamın 16 illik çürük prezidentlik dövrünü tez-tez bir illik xalq hakimiyyəti ilə müqayisə etməyi də qorxunun ifadəsidir. “Bunların bir daha hakimiyyətə gəlməsinə yol vermək olmaz” sözləri nə deyir sizə? İlham Əliyev anlayır ki, xalq hakimiyyəti qurulduğu zaman onun imza atdığı bütün cinayətlərin üstü açılacaq və xalq ədalət məhkəməsi tələb edəcək. Əslində, İlham Əliyev qorxmaqda haqlıdır. Ancaq qorxunun da əcələ bir faydası yox. O gün mütləq gələcək!