Ötən həftə İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə yeni müdir təyin edilib. Həmin şəxs bu təyinata kimi birinci vitse-prezidentin köməkçisi olan Gündüz Kərimovdur. Mühüm vəzifəyə təyin olunan yeni müdir 1977-ci ildə Qazax şəhərində anadan olub. BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini və ABŞ-da İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi üzrə dissertasiya müdafiə edib, müxtəlif təşkilatlarda hüquqşünas vəzifəsində çalışıb. Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib. “Baker McKenzie” hüquq şirkətinin Bakı ofisinin baş hüquqşünası, idarəedici partnyoru olub. Xülasə, 43 yaşlı müdirin hüquq sahəsi üzrə dosyesi xeyli zəngindir. Deyilənə görə, o, Mehriban Əliyevanın diktator kreslosuna gəlməsinin məxfi bazasını hazırlayır. O, beynəlxalq təşkilatlarla da yaxşı iş təcrübəsi var. Şübhəsiz, ölkə ictimaiyyəti onu birinci vitse-prezidentin köməkçisi təyin olunduqdan sonra tanıyıb. Aldığımız xəbərlərə görə, birinci vitse-prezident Gündüz Kərimovu təsadüfi olaraq özünə köməkçi götürməyib. Xanım uzun arayışlardan sonra xüsusi olaraq onu seçib. İndi də administrasiyada hamı onu vitse-prezidentin “məxfi adamı” hesab edir. Deyilənlərə görə, Əliyeva gələcək karyera planları ilə bağlı bütün məsələləri onunla məsləhətləşir. Kərimov da köməkçi təyin olduğu son 2 ildə xanımın etimadını tam doğruldub. Şübhəsiz, onun PA-nın Qanunvericilik və hüquq siyasəti şöbəsinə müdir təyin edilməsi də məhz vitse-prezidentin təqdimatı ilə olub.
Göründüyü kimi, Mehriban Əliyeva gələcək planları üçün indidən zəmin hazırlayır. Çevrəsində əl-ayağına dolaşanları sıradan çıxarıb öz komandasını yığır. Təbii, ona öz planlarının həyata keçirilməsində Kərimov kimi kadrlar hava-su kimi lazımdır. Mötəbər mənbənin məlumatına görə, hakimiyyətin Əliyevaya ötürülmə planının qanunvericilik paketini hazırlamaq da yeni hüquq müdirinə həvalə edilib. Yəni diktator Əliyevlər Amerikada hüquq təhsili almış yeni kadrın adını tarixə “monarxiya rejiminin” qanun bazasını hazırlayan müəllif kimi yazdırmaq niyyətindədir. Yəqin ki, onlar Kərimovun İndiana universitetində monarxiya rejimləri ilə bağlı aldığı dərin biliklərə tam güvənirlər. Azərbaycanda bunun gerçək nümunəsinin yaşandığını da nəzərə alsaq, Kərimovun təcrübəli biri olaraq, masaya mükəmməl qanunvericilik paketi qoyacağı şübhə doğurmur. Doğrudan, halına ağlanacaq bir ölkədə yaşamırıqmı? Oxu, illərini elmə həsr et, demokratiyanın beşiyi olan bir ölkədə yüksək hüquq dərəcəsi al və gəl, öz ölkəndə diktatura rejimi üçün qanun bazası hazırla. Gəl, o qədər zəhmətdən sonra mükafatın diktator ailəsinin hakimiyyətini möhkəmləndirməyə xidmət etmək olsun. Vitse-prezidentin “məxfi adamı”! Lap mafiya filmlərindəki kimi səslənir! Özünüz düşünün, heç dəyərmi?
Bəli, xanım Əliyeva ətrafını süpürə-süpürə özünə xalçalı yol açır. Hikkəli ledi əvvəlcə Kremldən xeyir-dua alıb PA-da kök salmış köhnə qvardiyanı darmadağın edib qovdu, ora öz adamlarını yerləşdirməyə başladı. Sonra parlamentin buraxılması planını işə salıb, deputatlara “biz yarıtmaz adamlarıq, işimiz qeyri-qənaətbəxş olduğu üçün prezidentdən bizi buraxmağı xahiş edirik” sözlərini dedirtdi. Hüquqi cəhətdən qeyri-qanuni olsa belə, Konstitusiya Məhkəməsinin qərarı ilə buraxılma məsələsini həll etdirdi. Qaldı növbədənkənar parlament seçkisinin gününü təyin etmək. Bu mərhələdə də xanımın əsas işi parlamentə öz sədaqətli adamlarını yerləşdirməkdir. Ona görə də, bu buraxılma bir şou idi. Köhnə deputatlar heç narahat deyillər, ona görə ki bilirlər bunu. Deyilənə görə, onun hazır siyahısı da artıq masanın üstündədir. Fövqəladə seçkidə məqsəd parlamentə Paşayevlər klanını doldurmaqdan ibarətdir. Şübhəsiz, boşalmış kisələri doldurmaq üçün əlavə yerlərə də mandatlar satılacaq. Amma bu halda belə, namizədlərin köhnə klanla bağlılığı olub-olmadığı nəzərə alınacaq. Bir sözlə, bütün yerləri vitse-diktatorun məxfi və qeyri-məxfi adamları tutacaq. Deyəsən Azərbaycanın görəcək günləri hələ qabaqdadır.