Əliyev niyə işgəncələr verir?
Əliyevlər dövründə Azərbaycanda elə tükürpədici, dəhşətli hadisələr baş verdi ki, bu hadisələr əsasında filmlər çəkmək, kitablar yazmaq, tamaşalar hazırlamaq olar. Həm də bu filmlərin, kitabların, tamaşaların real həyatdan götürüldüyünə insanların çoxu şübhəylə yanaşar. Söhbət təkcə korrupsiyadan, saxtakarlıqdan, insanların şərlənməsindən, bütün sahələrin məqsədli şəkildə məhv edilməsindən, intiharların adi hala çevrilməsindən getmir. Əliyevlər dövründə bunlardan daha dəhşətli, anti-insani bir ənənə yarandı və bu ənənə Azərbaycan tarixinin “qara səhifə”sidir.
Düşməni sevindirən zehniyyət
YAP hakimiyyəti dövründə Azərbaycan orta əsrlərə doğru sürətlə irəlilədi. Əgər imkanları olsaydı gilyotinləri, dar ağaclarını hər kənddə bərpa edərdilər və vətəndaşa göz dağı verərdilər. Amma bu ölkənin ləyaqətli, vətənsevər insanlarına qarşı edilən vəhşiliklər heç də gilyotindən, dar ağacından geri qalmadı. Bu ölkədə inanclı gəncə günlərlə işgəncə verdikdən sonra həbsxanada çarmıxa çəkdilər. Bu ölkədə siyasi fəalı həbsxanada xərçəng xəstəsi edib, 30 yaşında ölümə məhkum etdilər. Bu ölkədə pula görə onlarla iş adamını “bandotdel”in, DTX-nın işgəncə otağında ailəsiylə təhdid etdilər, insan talelərini qaraltdılar, qanlar batırdılar. Və bütün bunlar dövlətin arxasına sığınaraq edildi. Məhkəmə hakimləri, müstəntiqlər, tibb ekspertləri yuxarıların iyrənc tapşırıqlarını həvəslə yerinə yetirdilər. Amma Əliyev rejiminin bu xalqla düşmənçiliyi bununla da yekunlaşmadı. Rejimin repressiya və işgəncələri düşmənin də üzünü güldürdü. Belə ki, Qarabağ qazilərinə, düşmənə güllə atanlara divan tutuldu və bu gün da bu dəhşətlər davam edir. Qarabağ qazisi Babək Həsənliyə, Asif Yusifliyə, Əfqan Muxtarlıya, Saleh Rüstəmliyə qarşı xüsusi qəddarlıq edildi. Erməni əsirinə meyvə suyu, rəsm çəkmək üçün sulu boya, skaypla ailəsiylə danışmaq imkanı yaradanlar, Babək Həsənlinin bədənin məhz əməliyyat olunmuş nahiyəsinə zərbə endirdilər, elektrikə qoşdular. Bu gün də bu şəxslər zindandadır. Onların yeganə günahı haqqı demələri, ölkədəki ədalətsizliyə etiraz etməlidir. Göründüyü kimi, Əliyev rejimi bu ölkənin qəhrəman hesab edilən oğullarına divan tutub və bununla düşmənə ən böyük hədiyyə verib. Əli Azərbaycanlıların qanına batmış Sarkisyanlarla, Köçəryanlarla gülə-gülə danışıb, əlini-qolunu bu vətən uğrunda fəda edənlərə isə zəhm göstəriblər. Vətən sevdalılarına, vicdanla yaşayanlara işgəncə vermək rejimin hobbisinə çevrildi. Elə bir vəziyyət yaratdılar ki, düşmənə ehtiyac qalmadı.
Kütləvi vampirlik və siyasi mazoxizm
Faktiki olaraq Əliyev hakimiyyəti ağlagəlməz əməlləri reallaşdırdı. Düşmənin Azərbaycan əsgərinə vermədiyi işgəncəni, faşizmin həyata keçirə bilmədiyi üsulları, öz vətəndaşlarımızın üzərində gerçəkləşdirdilər. “Nardaran işi”, “Gəncə işi”, “Tərtər işi” məhkəmələri ən yaxın tarixin müsibətləridi. “Tərtər işi” məhkəmələri göstərdi ki, Azərbaycan əsgərinə insanlığa zidd işgəncələr verilib. “Gəncə işi” məhkəməsində adamlara kütləvi şəkildə zülm edildiyi meydana çıxdı. Günahsız adamları məcburi ifadə almaq üçün ən yaxın adamlarıyla şantaj ediblər. Nardaran hadisələri zamanı yalan ifadə vermək istəməyən şəxsi atasını zorlayacaqları ilə hədələyiblər. Yaxud, əsgərin cinsi orqanına elektrik qoşub, yalan ifadə verməyə məcbur ediblər. Normal insani keyfiyyətə sahib olan, zərrə qədər vicdan daşıyan kimsə bu hadisələri törədə bilməz. Hakimiyyəti zəbt etmiş vampirlər, dövlətin verdiyi səlahiyyətdən sui-istifadə edərək, mazoxizmlə məşğul olublar. Fakt budur ki, ölkə vətəndaşı üzərində eksperiment aparılır və ölkə cəza laboratoriyasına çevrilib. Bu zehniyyət siyasəti, idarəçiliyi zülm etməkdə, qan tökməkdə, şərləməkdə görür. Təkcə keçmiş MTN-in iş prinsipi göstərdi ki, bu xalqa ən böyük təhlükə bu rejimin başında dayananlardı. 21-ci əsrdə Azərbaycana vəba kimi yayıldılar və hələ də “xəstəlik” canımızdadı.
Əliyev bilir və zövq alır
Azərbaycanda repressiya maşınından keçmiş hər kəs açıq şəkildə mübarizə aparıb. Bu gün zindanda olan siyasilər də mərdanə, ləyaqətlə savaş aparıblar və aparırlar. Amma pulu, ordusu, silahı olan rejim bu insanlarla namərdcəsinə mübarizə aparıb. Əliyev ən gənc siyasi məhbusun qarşısına da mərdanə çıxa bilməyib. 20 yaşlı gənc siyasi fəalı şərlətdirməyi də özünə icazə verib. Bədəninin 80 faizi iflic olmuş yaşlı şəxsdən qisas almağı da özünə sığışdırıb.Bəli, Əliyev hər fürsətdə bəyan edir ki, ölkədə baş verənlərdən xəbərdardı, medianı izləyir. Hətta son çıxışlarında Əli Kərimlinin “layk”larını saydığını da, mitinqdə döyülənləri gördüyünü də etiraf etdi. Eyni zamanda rəqiblərinə qarşı ən aşağılayıcı leksikonda danışmaqla, bütün pislikləri dəstəklədiyini sübuta yetirdi. Digər tərəfdən, Azərbaycandakı repressiyalar, işgəncə faktları dünyanın nüfuzlu media orqanlarında, beynəlxalq hesabatlarda, beynəlxalq təşkilatların müzakirələrində öz əksini tapır. Yəni, bütün dünyanın və ölkə ictimaiyyətinin bildiyini, Əliyevin bilməməsi mümkün deyil. Avtoritar rejimlərdə bütün çirkli fəaliyyətlər birinci şəxsin göstərişiylə həyata keçirilir.Belə olan halda ortaya nə çıxır? Aydın görünür ki, Əliyev övladları işgəncəyə məruz qalan anaların göz yaşını da, atalarından ayrı düşmüş övladların naləsini də, məhkəmələrin həyasızcasına çıxardığı qərarları da, insanla heyvan kimi rəftar edən səlahiyyət sahiblərini də görür və bunu alqışlayır. Üstəlik, mənfi reputasiyalı şəxslərin vəzifəsini artırır, fəxri adlara layiq görür. Bu günə qədər adı “qara siyahı”ya düşmüş heç bir “işgəncə maşını” cəzalandırılmayıb.Deməli, Əliyev bu işgəncələrdən həzz alır. Deməli, ölkənin başında duran şəxs anti-insani rəftarı məqbul hesab edir. Belə bir düşüncə sahibi bir xalq üçün təhdiddir, bir dövlətin faciəsidir. İşgəncəni siyasət hesab edən adam heç vaxt dəyərlərin daşıyıcısı ola bilməz və xalqı ən yaxşı halda kölə etməyə köklənər. Bütün sadalanan faktlar sübut edir ki, bu adam üçün insan taleyinin heç bir əhəmiyyəti yoxdur. Pula və hakimiyyətə görə milyonlarla insanı qurban vermək, bu zehniyyət üçün su içmək qədər asan qərardı. Mənəviyyata zidd olan hər şey, bu komanda üçün ən etibarlı silah hesab edilib.