Şahvələd Çobanoğlu
AXCP üzvlərinin (həmçinin digər fəalların) həbsi və partiya sədri Əli Kərimlinin izolyasiya edilməsi onların haqlarının tapdalanması ilə yanaşı, ümumilikdə cəmiyyətə qarşı ciddi siyasi təhdiddir. Belə çıxır ki, hökumət istənilən vaxt qəbul etmədiyi adamın telefonunu, internetini kəsə, özünü və ailəsini susuz, çörəksiz qoya bilər. Təkcə siyasi izolyasiya yox, şəxsi blokada yarada bilər. Bu, cəmiyyət üçün daha bir təhlükənin güclənməsidir. İlham Əliyevin çıxışı da göstərdi ki, onların arzu etdiyi konfiqurasiyaya daxil olmayan hər qüvvəni, hər kəsi bu cür düşmən saymağı, sıradan çıxarmağı düşünürlər. Bu təhlükə hamı üçündür, bütün cəmiyyət üçündür.
Bəlkə islahat və siyasi dialoq adı altından baş verənlər hakimiyyətin plan cızanlarını həvəsləndirir – plana uymayanların asanlıqla sıradan çıxarılacağını düşünürlər. Amma görməlidirlər ki, nəticə başqa olacaq, əksinə, təklənən, hədəfə alınan qüvvə narazı qüvvələrin birmənalı rəğbətini qazanacaq, daha da nüfuzlanacaq.
Narazılığı azaltmağın yolu düzgün və ədalətli addımlardır. Hər zaman belə olub, indi də belədir. Cəza tədbirlərini yeganə çıxış yolu kimi görənlər yanılır. Bir vaxt sistemi qoruyan amillər, sonradan onu dağıda bilir. Necə ki, suyu isti saxlayan enerji mənbəyi bir vaxt onu qaynadır – dağıdır.
Bütün hallarda siyasi təqiblərə belə ağır vaxtlarda ad tapmaq çox çətindir. Tofiq Yaqublunun həbsi, İlkin Rüstəmzadəyə qarşı qanunsuz hərəkətlər, ictimai fəallara həbs cəzalarının verilməsi də daxil olmaqla bu addımlar çox ağır günlərdə cəmiyyətə arxadan vurulan zərbələrdir. Bunlara son qoyulmalıdır.