Rüfət Səfərov
3 il bir elə də uzun zaman kəsiyi deyil.
Amma baxırsan ki, bu müddətdə Azərbaycan çox dəyişikliyə məruz qalıb: beyinlərdə inqilabın ən azı ilk 2 hərfi özünə yer edib, duyğular toplusunda qorxunun ən az ilk 3 hərfi məhv olub.
Bəli, mən 2016-cı ilin sentyabrında məhbəsə gedərkən bu cəmiyyətdə ictimai şüurun önəmli forması olan politik bilinç yoxa tay idi. Hətta vəziyyət o həddə “ş. koreyalaşmışdır” ki, 1-2 müxalifət liderindən başqa İlham Əliyevin adını belə dilə gətirməyə özündə cəsarət tapan vətəndaş yox idi, qorxudan az qala leksikondan “İ” və “Ə” hərfləri çıxarılmışdı. Vətəndə…
Fəqət 3 il sonra azadlığa çıxdıqda yeni kommunikasiya vasitələrinin fonunda tamamilə başqa bir mənzərənin şahidi oldum. Başqaları üçün ola bilsin ki, hiss olunmayacaq bu meyli dörd divar arasından cəmiyyətin içinə yenidən atılarkən həmən duydum. Məsələn, artıq şəhərin düz göbəyində İlham Əliyev açıq-aşkar nəinki tənqid, hətta aşırı təhqir olunmağa başlanmışdı, hərçənd ki, təbii, bunu təqdir etmirəm…
Və bir neçə günə mənimçün aşkar idi ki, bu yeniliyin əsas səbəbkarlarından biri, bəlkə də birincisi avtoritar üsul-idarəyə qarşı səmimi mücadilə verən müxalif fikir daşıyıcıları üçün keyfiyyətli tribunanın yaradıcısı, informasiya savaşında peşəkarlığı ilə fərqlənən şəhid Osman Mirzəyevin qızı dəyərli Sevinc xanımdır.
Məxləs, mənimçün belədir: müharibə dövründə nadir tembr və təsiredici səsə malik Yuri Levitan kim idisə, bu gün amansız və zorakı rejimə qarşı xəbər müharibəsində müstəsnalılığı ilə fərqlənən Sevinc Osmanqızı da odur. Kimsə irad tuta bilər ki, durumu süsləyirəm, mübaliğəyə yol verirəm, amma mahiyyət dəyişmir, məncə, düzəm.
Qoy kimsə də inciməsin, əgər inciyən olsa, dostluqdan və həyatından bu saniyə rədd edə bilər:
O dövrdə Levitana qarşı çıxan faşizmin əlinə oynayırdısa, bu gün də Osmanqızını aşağılamaq, xidmətlərini görməzdən gəlib, vicdansızlıq edənlər bilərəkdən, ya bilməyərəkdən YAP rejiminin əlinə oynayır.