AXCP sədri Əli Kərimlinin blokadaya alınması və müxalifətə basqılarla bağlı yeni vəziyyətə dair Milli Şuranın bəyanatı
Artıq bir həftədən çoxdur ki, AXCP sədri Əli Kərimli tam təcrid vəziyyətində saxlanılır. Aprelin 13-dən bəri onun internetə çıxışı kəsilib, stansionar və mobil telefonları işlənməz hala gətirilib. Bu müddətdə bəzi hallarda qısa fasilələrlə evdəki mobil telefonlardan bu və ya digəri xidmətə açıq olub. Problemin texniki olmadığına əminlik üçün AXCP sədri evə yeni modem quraşdırıb, başqa mobil cihazdan istifadəyə çalışıb. Amma nə yeni alınmış modem, nə də mobil rabitə aparatı işləyib. Bir daha aydın olub ki, Əli Kərimlinin evi xüsusi bloklayıcı tədbirlərlə ətraf aləmlə rabitə imkanlarına qapadılıb.
Ən son məlumata görə, AXCP sədrinin internet üzərindən xəbərləşmə hesabları və e-mail adresi də dövlət səviyyəsində ələ keçirilib. O, istifadəçisi olduğu WhatsApp, Telegram və başqa platformalardan mesaj alıb ki, hesabına yad cihazdan giriş cəhdi var, göndərilən müvafiq kodu daxil etməklə hesabını təsdiqləsin. Lakin Əli bəyin internetə çıxışı olmadığından təbii ki, bunu edə bilməyib. Əvəzində həmin kodları onun abunəçisi olduğu Azercell-dən götürməklə xüsusi xidmət orqanları Əli Kərimlinin sosial şəbəkə hesablarını ələ keçirib.
Bundan başqa Əli Kərimlinin evi daimi nəzarətə götürülüb, evin önündə əməliyyatçılar keşik çəkir, evə getmək istəyən AXCP fəalları, hətta jurnalistlər də həbs olunur. Onunla qapı qonşusu olan mənzilə xüsusi xidmət orqanları əməkdaşlarının kirayəçi adı ilə yerləşməsi haqda məlumat yayılıb və bu məlumata həmin mənzilin sahibi, Milli Bankın sədri Elman Rüstəmovun aydınlıq gətirməsi istənilib, lakin Elman Rüstəmov heç bir izahat və cavab verməyib.
Aprelin 20-də “Azad Söz” yutub kanalı üçün Əli Kərimlidən müsahibə alınıb, lakin müsahibəni kanalın rəhbərliyinə göndərməli olan jurnalist Teymur Kərimov onu izləyən xüsusi xidmət orqanlarının 4 mülki geyimli əməkdaşı tərəfindən oğurlanaraq döyülüb, texniki avadanlıqları sındırılıb, video-müsahibənin yazıldığı yaddaş kartı isə əlindən alınıb. Bu da AXCP sədrini tam təcrid vəziyyətində saxlamaq üçün atılmış addımdır.
Bütün bunlar AXCP sədrinin taleyi ilə bağlı tərəfdarlarında və ümumən cəmiyyətdə haqlı narahatlığa səbəb olur. Azərbaycan hakimiyyəti isə cəmiyyətin narahatlığına və ölkə müxalifətinin liderlərindən birinə qarşı bu rüsvayçı əmələ son qoymaq barədə çağırışlara əhəmiyyət vermədən vəziyyəti daha da tündləşdirir.
Hakimiyyət bu ərəfədə ümumən Milli Şura və AXCP-yə qarşı yeni repressiyaya start verib. Aprelin 20-də Salyanda AXCP fəalı Zamin (Əlizamin) Salayev barəsində məhkəmə Həmzə adlı bir polisin şikayəti əsasında tələm-tələsik, elə ilk iclasdaca 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıb. Rayonda Həmzənin bir qadını aldadaraq zorladığı xəbəri yayılıb (sonradan qadının valideynləri də mediaya açıqlamalarında bunu təsdiqləyiblər), Zamin Salayev də bu motivdə onunla mübahisə edib. Bu hadisəyə görə Salayev bir neçə ay qabaq Bakıda şərlənərək 30 sutka inzibati həbsə məhkum edilib və həbs zamanı polis bölməsində ağır işgəncəyə məruz qalıb, sağlamlığına təhlükə yaranıb. Zamin Salayev o vaxt alıdğı işgəncənin fəsadlarına görə bu yaxınlarda cərrahi əməliyyatdan çıxıb və sağlamlığı hələ tam bərpa olunmayıb. Lakin yerli məhkəmə heç bir əsas olmadan onu xəstəhal vəziyyətində həbsxanaya göndərmək hökmü çıxarıb.
Aprelin 20-də həmçinin Milli Şura Koordinasiya Mərkəzinin üzvü, mart ayında şərlənərək həbs edilən Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayəti təmin olunmayıb. Aprelin 21-də isə onun barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişidirilməsinə dair vəkilin verdiyi vəsatəti Nizami rayon məhkəməsi təmin etməyib. Tofiq Yaqublu tamamilə qurama ittihamla saxlanılıb, heç bir əsas olmadan barəsində həbs-qətimkan tədbiri seçilib. Onun həbsi də, apellyasiya şikayətinin və ev dustaqlığına buraxılmaq vəsatətinin rədd edilməsi də yüksək səviyyədə verilən siyasi sifarişin nəticəsidir.
Hakimiyyət bu müddətdə müxalif fəalları koronavirusa görə karantin rejimindən sui-istifadə edərək inzibati həbslərə də məruz qoyub. Mart ayından bəri 20 nəfərdən artıq fəal bu aspektdən repressiyaya uğrayıb. Təkcə AXCP-dən son 10 gündə 9 nəfər fəal karantin qaydasını pozma və polisə müqavimət kimi saxta ittihamlarla əsasən 30 gün müddətinə olmaqla həbs edilib. Onların əksəriyyəti partiya sədri Əli Kərimliyə yaxın fəallardır, aralarında onun ictimai əsasla köməkçisi və mühafizəçiləri də var. Bu həbslər də paralel olaraq Əli Kərimlinin ətraf aləmdən təcridini gücləndirməyə xidmət edib.
Milli Şura bütün bu baş verənləri qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı yeni repressiya dalğasına son qoymağı tələb edir. Milli Şura tələb edir ki, AXCP sədrinə qarşı dövlət səviyyəsində tətbiq olunan blokada dərhal aradan qaldırılsın, onun internetə çıxışı və mobil rabitədən maneəsiz istifadə imkanı təmin olunsun, ona qarşı törədilən kibercinayətkarlığa görə cavabdehlər cəzalandırılsın, həbs olunan AXCP üzvləri və başqa fəallar, eləcə də Tofiq Yaqublu və Zamin Salayev dərhal azad olunsun.