Ənnağı Hacıbəyli
Bəraət – haqqı pozulmuşların gecikən ədalətidir.
Adətən gecikən ədaləti ədalət saymırlar. Amma bu, ümumi qiymətdir. Onun hər halının və hər sahibinin öz qiyməti də var.
Bəraət o zaman bəraət olur ki, təmiz əllərdən alınsın. Minnətsiz və şərtsiz. Minnətli və şərtli bəraət şərti azadlıq kimi bir şeydi – şərt azadlığın başı üzərində Domokl qılıncı kimi asılır. Asılır və səni asılı edir – kimdənsə, nədənsə, hətta özündən də. Çünki sən asılısan, özgür və bağımsız qərar vermək haqqını bəraətə haqq olaraq ödəmisən.
Qayıdaq bəraəti verənlərə. Ölkədə gerçək bəraəti verən təmiz əl yoxdur. Çünki onu verənlərin özü ələbaxandır. Sən haqqını aldığın əllərin natəmizliyi barədə şərtsiz mövqedə olmusansa və bunu dəfələrlə şərtsiz bəyan eləmisənsə, cənin bəraətinə başqa baxış, onu bəraət saymağın qəbul edilməyəcək. Sən bununla razılaşmalısan, əks halda sənin izahın qəbul edilməyəcək və sadəcə cığallığa yozulacaq.
Cığal görünməmək üçün etiraf edim ki, bu haldan – təmiz əllərdən bəraət almağın mümkünsüzlüyündən alibi kimi yararlana bilərsən. Amma toplumun da sənin bəraətinin təmizliyinə bu sübutu qiymətləndirmək haqqı var. Sən bunu inkar edə bilməzsən. Bu inkarın rədd edilməsi barədə vəsatətin əsassız sayılacaq və sən əvvəlki nüfuzunu bərpa etmək haqqını itirəcəksən. Bu halda ictimai rəyi Azərbaycan müstəntiqini və hakimini günahlandırdığın kimi asan suçlaya bilməyəcəksən. Çünki o, sənin müstəntiqlərindən və hakimlərindən daha özgür və bağımsızdır. Hələ də gerçək özgürlük və bağımsızlıq əldə edə bilməyən toplum olsa belə. Bağışla, bu gerçək özgürlük və bağımsızlığın hələ də əldə edilə bilməməsində sənin də günahın olduğu üçün səni müdafiə edə bilmirəm.
Bəraətə çox yöndən baxıla bilər. Çünki onun aşiqləri, sahibləri, onu alan və satanların, istəyən və verənlərin sayı çoxdur. Bu çoxluq bəraətə birtərəfli baxışı mümkünsüz edir. Bu baxışların hamısı ədalətli deyil və ola da bilməz. Axı hər kəsin öz həqiqəti var! Sən hamının həqiqətini inkar edib öz həqiqətini yeganə son və mübahisəsiz instansiya saya bilərsən, amma onu ətrafındakı beş-on nəfərdən başqa kimsəyə sırıya bilməyəcəksən.
Lənətə gəlmiş siyasət siyasətçini verilmiş bəraətdən qürurlanmaq haqqından, onun dadını çıxarmaq imkanından da məhrum edir.
Sənin yeganə çıxış yolun bütün bunlara əl yelləyib öz bildiyini demək və eləməkdir. Özəlliklə siyasətçilər üçün bu, gedilmiş və tapdanmış yoldur. Hətta bəzən məqbul sayılan yoldur. Sən məqsədə doğru yolu özün seçirsən və ya seçim qarşısında qoyulursan. Qərar sənindir – seçimin sənin haqqın, uğurun və ya fəlakətindir. Öz yolunu get, kimsəyə hesabat verməyə özünü borclu bilmə. Amma ictimai rəylə işin olmasın, sən onun qarşısında məğlub elan olunmusan və bu qərarı dəyişmək qüdrətində deyilsən. Çox güman ki, deyilsən.
Sənə qarşı qərəzim yoxdur. Vicdanım qarşısında təmiz qalmaq naminə deyim ki, bu yol çətin, enişli-yoxuşlu, təhlükəli yoldur. Kimsəni saymadan verilən qərarlar qərar sahibinin çox haqqını əlindən alır. Ən azı “mən azad və demokratik cəmiyyət uğrunda mübarizə aparıram” bəyanatın artıq ölü doğulub – çünki sən topluma sayğısızlıqla qərar verərkən artıq demokratiya haqqını itirmişdin.
Keçmiş olsun.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.