
Milli Şuranın sədri Cəmil Həsənli
Ölkədə virus böhranı dərinləşməkdə davam edir. Hökumət effektli antivirus tədbirləri həyata keçirə bilmədi. Lazımi tibbi avadanlıq, ilk növbədə nəfəs aparatları çatışmadığı üçün adamlar boğularaq həyatı tərk edir.
Vəziyyətin təhlükəli həddə çatması Bakı şəhərinin hədsiz yüklənməsi ilə bağlıdır. Mənzil İstismar idarələri və keçmiş kənd sovetlərinin məlumat bazası əsasında keçirilmiş sonuncu (2019) əhali sayımı gercək demoqrafik mənzərəni ört-basdır etdi. Bakı şəhərinin infrastrukturu 2-2,5 milyon əhaliyə hesablansa da faktiki 4-5 milyon insana xidmət edir. Bu şəraitdə sosial məsafə və digər tələbləri gözləmək mümkünsüzdür. Səbəb! Vaxtıyla regionların sosial-iqtisadi inkişafı üçün ayrılan böyük vəsaitləri basıb yedilər. Regionda iş, çörək və güzaran tapmayanların xeyli hissəsi Bakıya axışıb.
İri şəhərlərdə nörmal bələdiyyə şəbəkəsi, etibarlı səhiyyə və azad mətbuat olmadan Covidə qarşı mübarizə effektsizdir. Bələdiyyə şikəst, fədakar həkimlər olsa da, səhiyyə sistemi bərbad, mətbuatı da Coviddən qabaq boğdular. Operativ qərargahın volyuntarist qərarları da bura əlavə olunsa mənzərənin necə acınacaqlı olduğu aydınlaşar. İndi də 190 manatlıq sədəqənin həcmini və əhatə dairəsin genişləndirmək əvəzinə, daha da məhdudlaşdırıblar. Öz hotelləri üçün bir günlük 240 manat karantin müştəri “xərci” ödəyib, ehtiyac içində boğulan vətəndaşa bir aylıq 190 manat ayırmaga can ćəkirlər. Bu yardım karantin cografiyasına görə deyil, işsilik cografiyasına görə tətbiq edilməli, onun əhatə dairəsi genişləndirilməlidir. Ağanın malı gedər, muzdurun canı çıxar “sədaqəti” ilə bütün ölkəni ac və yalavac vəziyyətə salıblar. Muzdur təbiətli adamların gördüyü iş bundan artıq ola bilməz.