Qənimət Zahid
Dünyada işgəncəli istintaq metodundan bilirsizmi nə zaman imtina edilib ? Əlbəttə, bütün dünyada eyni zamanda imtina edilməyib, amma mədəni dünyada bu imtina qərarı ilk dəfə 1754- cü ildə Prussiyada qəbul edilib. Ondan sonra indi adına « mədəni dünya » dediyimiz coğrafiyada bu praktikadan rəsmən imtina edilib, hesab ediblər ki, cinayətdə şübhəli şəxsin əməlini sübut etmək üçün dövlətin səlahiyyət verdiyi şəxslər və orqanlar cinayətkardan ağılllı olmalıdırlar. Yəni, 250 il bundan əvvəldən başlayaraq istintaq orqanları özlərini gəlişdirmə yolu ilə sübut etməyə çalışmaqdadırlar ki, onlar cinayətkarlardan axmaq deyillər.
İndi istintaq zamanı işgəncə praktikasından demək olar ki, bütün dünya ölkələri rəsmən imtina ediblər. Qanunda, Konstitusiyada belə yazılıb. Amma bir sıra ölkələr var ki, həmin ölkələrdə hələ də yalnız istintaq orqanları deyil, siyasi hakimiyyətlər də praktik olaraq cinayətkarlardan, cinayətdə şübhəli saydıqları şəxslərdən ağıllı olmadıqlarını etiraf edərək işgəncə verməkdən qopa bilmirlər.
Azərbaycan bu ölkələrin sırasındadır. Əlbəttə, Niyaməddin Əhmədovun başına gətirilən işlərdən çıxış edərək yazıram, amma qeydə alınan fakt yalnız bu deyil. Azərbaycan hüquq mühafizə orqanlarının ən çox müraciət etdiyi istintaq metodu işgəncədir. Azərbaycan Konstitusiyası bunu qadağan edir və istintaq prosesində işgəncənin tətbiq edilməsini cinayət sayır. Bu halda, günahsız insanları tutub onları döyməklə hansısa cinayət faktlarını etiraf etdirmək dövlətin vətəndaş qarşısında cinayətə yol verməsidir. Siyasi mülahizələrlə həbs edilən insanlara işgəncə verərək etmədikləri əməllərlə bağlı etiraflar qoparmaq və ya buna cəhd etmək isə həm də siyasi cinayətdir, yəni, ikiqat cinayətdir.
Bundan əvvəl də belə hadisələr çox olub, yüzlərlə dəfə təkrar edilib və Azərbaycanın hüquq mühafizə orqanlarının təcrübəsi də get-gedə daha da azğınlaşıb. Niyaməddin Əhmədovla bağlı halda da biz bu azğınlığı bir daha müşahidə edirik. O, vəkildən məhrum edilib. Hələ «qarantin qaydalarını pozmaq» ittihamı ilə tutulub saxlandığı təcridxanadan Dövlət Təhlükəsizlik Xidmətinə işgəncə üçün aparılanda vəkil dəflərlə onunla görüşməyə cəhd edib, amma görüş verilməyib. İndi bəlli olur ki, ona dövlət tərəfindən ayrılan vəkilin iştirakı ilə işgəncə verilərək ya etirafedici ifadələr alıblar, ya da hər halda bu cəhdlər davam etdirilir. Nəhayət, xəbər yayıldı ki, onu terrorçuluğu maliyyələşdirmək ittiham edirlər.
Daha bir cəbhəçinin ağır ittihamlarla həbs edilməsi özü-özlüyündə adi fakt kimi görünə bilər. Yəni, «onsuz da cəbhəçiləri hər cür bəhanə ilə həbs edirlər, bu da olsun, onlardan daha biri» deyərək üstündən keçiləcək hadisə deyil. Bu dəfə siyasi fəala qarşı terrorçuluqla bağlı ittiham yapışdırmaq presedenti var. Bu, çox təhlükəlidir.
Nəyə görə təhlükəli olduğunu xüsusi qeyd etməyə dəyərmi? Bir zamanlar narkotiklə şərləmə dəbdə idi. Siyasi fəallara qarşı bu ittihamı kütləvi qaydada tətbiq edirdilər. Buna görə də, adiləşdi. Sonra ünvansız söyüş və ya polisə müqavimət «çərəz» kimi istifadəyə buraxıldı, adiləşdi. İndi terrorçuluq dəbə mindirilir. Bu, sadəcə olaraq daha ağır və daha sürəkli işgəncə nəticəsində etiraf qoparmaq təcrübəsi deyil, işin bu tərəfinin azğınlıq və ağılsızlıq olduğu bəllidir, amma bir də presedentdən danışırıq axı… İştah diş altındadır. Mədəni dünyanın ağuşunda vəhşiləşmə vərdişləri isə əlbəttə, artıq yenilik deyil, uzun zamandır davam edən prosesdir. Uzun zamandır davam edən bu vəhşiləşmə prosesinin yaratdığı vərdişlər indi AXCP fəalı Niyaməddin Əhmədovu 214-cü maddənin 1-ci bəndi ilə terrorçuluğu maliyyələşdirməkdə ittiham etməyi asanlaşdırır. Axı, sivil idarəetmə qaydaları, mədəni dünyanın etiketləri tamamilə dəfn edilib və Azərbaycan cəngəllik qaydaları ilə idarəçiliyi özününküləşdirib.
Şübhəsiz, Niyaməddin Əhmədov ağır işgəncələrə məruz qoyulub və bu, cinayətin bir epizdodudur. Ona dəxli olmayan cinayət əməli üzrə rəsmən suçlu elan edilib, bu da növbəti cinayət epizodudur. Bu halların hamısında, eynilə bu zamana qədərki bütün hadisələrdə olduğu kimi cinayət dövlət əli ilə törədilir. («Hakimiyyət başqa, dövlət isə başqadır» düsturunun istənilən metodla həlli üzərində tətbiq edə bilərsiz).
Növbəti cinayəti isə bizim Azərbaycan cəmiyyəti toxumaqdadır. «Bu bizimki deyil» yanaşması ilə. Bu yanaşma isə siyasi opponentləri, vətəndaş cəmiyyəti fəallarını növbəti mərhələyə atır: terrorçuluq ittihamının buz kimi soyuq sifətinə doğru.
Niyaməddin Əhmədov isə Əli Kərimlinin mühafizəçisi deyil. «Əli Kərimlinin mühafizəçisi» adlı ştat yoxdur, bundan rahatsız olmaya bilərsiz. Əgər hansısa tədbirlərə gedəndə AXCP liderini müşayiət edən hansısa cəbhəçi varsa, bu, hələ «mühafizəçi» demək deyil. Bütünlükdə Azərbaycan cəmiyyətinin mühafizəsi yoxdur. İndi terrorçuluğu maliyyələşdirmə və sabahkı terrorçuıluq ittihamları ağına- bozuna baxmadan bütün azərbaycanlıları mühafizəsiz qoyur. 250 il əvvəlki dünyanın vəhşi qaydaları Azərbaycan cəmiyyətinə qənim olmaqda davam edir.