Təzəxan Mirələmli
Dostlar, barəmdə açılmış cinayət işinin detalları və məhkəmə hökmü barədə detallı yazaçağım barədə söz vermişdim. Bəzi məqamları ətraflı yazıram. Xahiş edirəm, tarixlərə və hadisələr diqqət edin.
İlk öncə məlum hadisə barədə Ata Abdullayevin şikayəti əsasında Xətai rayon polis İdarəsinin 37-ci Polis şöbəsində təhqiqat başlayıb. Təhqiqatçı polis mayoru Sərraf Cəfərov 2 mart 2020-ci il tarixdə məni dəvət edib ifadəmi alıb, elə həmin gün ekspertiza rəyinin cavabı məlum olub. Saxlanılağıma əsas olmadığı üçün sərbəst buraxılmışam. Amma görünür yuxarıdan gələn sifariş cinayət işinin başlanılması, gələcək planların yerinə yetirilməsi üçün mənim polisdən asılı vəziyyətdə olmağım lazım imiş.
Təhqiqat matrealı ya rədd edilməli ya da aidiyyat üzrə istintaqa göndərilməli idi. Sərraf Cəfərovla 2-3 saatlıq söhbətim zamanı anladım ki, təcrübəli bir işçidir, əvvəllər əməliyyatçı işləyib, o üzü də həmin hadisədə cinayət tərkibinin olmadığını bilir, təhqiqat materialına xitam vermək istəyir. Daha sonra özüm işlə maraqlandım martın 7-də Polis Şöbəsinə getdim, Sərraf Cəfərovu soruşdum, bildirdilər ki, məzuniyyətdədir. Bu qayda ilə sakitlik davam etdi. Martın 13-də Ata Abdullayev sosial şəbəkədə Xətai Rayon Polis İdarəsinin müstəntiqi polis mayoru Samir Ağayevin 11 mart 2020-ci il tarixli cinayət işinin başlanılması qərarını paylaşır. Mən isə öz növbəmdə bu barədə mənə məlumat verilmədiyi barədə qeyd paylaşmaqla kifayətlənirəm. Nəhayət, 18 mart 2020-ci il tarixdə Xətai RPİ-nə çağrılıram, onu da dəqiqləşdirirəm ki, məlum cinayət işi ilə bağlı şahid qismindəyəm… Şahid kimi ifadəmi verirəm, onu da öyrənirəm ki, təhqiqat materialını aidiyyatı üzrə istintaqa göndərən başqa bir təhqiqatçı olub- polis kapitanı Orxan Məmmədov… Bundan sonra yenə sakitlik başlanır. Nə istintaqa çağıran olur, nə də zəng edən…
Nəhayət, aprelin əvvəlində karantin rejimi başlanır. SMS-lə icazə sistemi işə düşür. Amma media təmsilçilərinin sərbəst hərəkətinə icazə var. Bu arada Əli Kərimlinin köməkçisi Faiq Əmirov (08.04.2020-ci il), ictimai əsaslarla köməkçisi Ruslan Əmirov (09.04.2020), AXCP təşkilat şöbəsinin təlimatçısı Nicat Abdullayev (10.04.2020) həbs olunur. Bu həbs olunanların ardınca məhkəmələrə gedən kimdir? Əlbəttə, mən… Növbəti həftənin ilk iş günü- 13.04.2020-ci il tarixdə yenidən Xətai RPİ-nə çağrılıram. Məlum olur ki, 06.04.2020-ci il tarixdə məlum iş üzrə müstəntiq başqa işə keçməsinə görə işdən uzaqlaşdırılıb, cinayət işi Xətai RPİ-nin müstəntiqi polis mayoru Cahid Musayevin icraatına verilib. Yenidən ifadəm alınır və təqsirləndirilmiş şəxs qismində cəlb olunuram. İş materialları ilə tanış olub, vəsatətlərimi verirəm.
Elə həmin gün, 13 aprel 2020-ci il tarixində, Bakı vaxtı ilə saat 22:30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Osmanqızı” youtube kanalında canlı yayımın qonağı olmalı idi. Bu müsahibə barədə kanalın sahibi və aparıcısı, jurnalist Sevinc Osmanqızı anons paylaşmışdı. Müsahibənin başlanmasına 15 dəqiqə qalmış onun mənzilinə internet xidmətini qəfil dayandırıb. Canlı yayım efirə getmədiyi üçün müəyyən şayiələrin yaranmasına səbəb yaranır. Həmin vaxt Əli Kərimlidən xəbər öyrənmək üçün SMS icazəsi alıb həmin əraziyə gələn Süleymanov Baba adlı AXCP fəalı saxlanılır. Mən gecə saat 2:00 radələrində media işçisi kimi Əli Kərimlinin yaşadığı evə gedib, olanlar barədə ictimaiyyətə məlumat vermək istədim. Həmin an istifadəmdə olan mobil telefonumda internetim kəsilir.
Səhəri gün həbs olunan Baba Süleymanovun axtarışı ilə məşğul oluram. Ondan sonra mütəmadi olaraq Əli Kərimli ilə yaxınlığı olan şəxslər növbə ilə həbs olunmağa başlanılır. Hər bir saxlanılan isə konkret olaraq 30 sutka inzibati həbslə cəzalanır.
15.04.2020-ci il tarixdə müstəntiq məni yenidən polis idarəsinə çağırır və vəsatətlərimin təmin olunmaması barədə qərarı təqdim edir, yəni bu artıq işin yekunlaşması demək idi.
17.04.2020-ci il tarixdə saat 18:00 radələrində yenidən Əli Kərimlinin evinə müsahibə üçün gedirəm, bu zaman hiss edirəm ki, mobil internetim artıq kəsilib. Üstəlik evdən çıxarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları məni saxlayaraq Xətai Rayon polis İdarəsinə aparır, guya barəmdə olan cinayət işi ilə bağlı məni çağırıblar, mən getməmişəm, bu səbəbdən məni istintaqa çağırırlar. Müstəntiqin qərarını göstərib, onların yalan danışdıqlarını sübut edirəm. Mən saat 23 radələrinə kimi idarədə saxlanılıb sonra sərbəst buraxılsam da mobil interneti aktiv olmur. Bu barədə feysbuk səhifəmdə status paylaşıb, telefonlarımı Əli Kərimliyə verməkdə şübhəli bilmələrini də qeyd edirəm.
Bundan sonra hər dəfə müsahibə üçün AXCP sədri Əli Kərimlinin evinə gedəndə, mülki geyimli şəxslər tərəfindən şəklimin şəkilməsini görür, oradan çıxdıqdan sonra müəyyən vaxt ərzində internetim kəsilir, bu haqda da sosial şəbəkədə müvafiq qeydlər paylaşıram.
Sonradan cinayət işinin məhkəməyə göndərilməsi barədə mənə heç bir məlumat verilmir. Amma mətbuatdan cinayət işinin Xətai Rayon məhkəməsinin hakimi Fərid Yaqubovun icraatına verildiyi barədə tanış oluram.
Ardı var… Məhkəmənin gidişi barədə ayrıca yazacağam.