
14-15 iyul “Qarabağ aksiyası”ndan sonra həbs edilmiş AXCP üzvü İsmayıl Həsənov aclıq elan edib. O, iyulun 19-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib. İyulun 21-də məhkəmə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
AXCP-dən verilən məlumata görə, Həsənov avqustun 16-dan aclıq aksiyasına başlayıb və bu barədə saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə yazılı xəbərdarlıq edib.
“Aksiyanın səbəbi Həsənovun haqsız istintaqa cəlb olunması, barəsində həbs-qətimkan tədbiri seçilməsi və ailəsilə telefon əlaqəsinə imkan verilməməsidir”, deyə AXCP-dən bildiriblər.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Contact.az