
Avqustun 18-dən haqqında məlumat olmayan AXCP Gənclər Komitəsinin fəalı Orxan Səlimzadənin inzibati məsuliyyətə cəlb olunduğu bəlli olub. Ailəsinin DİN-in 102 xidmətinə zənglərindən sonra Xətai RPİ-nin 37-ci Polis Şöbəsi ilə əlaqə saxlamaq məsləhət görülüb. 37-ci Polis Şöbəsindən isə Binəqədi rayonu ərazisindəki İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə zəng etmələri bildirilib. Məntəqədən isə Orxan Səlimzadə barədə 30 sutka inzibati həbs cəzası verildiyi deyilib.
Elektron məhkəmə portalından isə məlum olur ki, iş materialları 18.08.2020-ci il saat 18:00-da Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim İbrahim İbrahimli tərtib olunmuş protokola görə Orxan Səlimzadəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə suçlu hesab edib, onun barəsində 30 sutka inzibati həbs cəzası çıxarıb.