
Milli Şuranın sədri Cəmil Həsənli
Rusiyada məşhur siyasətçi-bloger Aleksey Navalnının başına gələnlər bir müddət əvvəl Boris Nemtsovun faciəli taleyinin davamıdır. Avtoritar rejimlər hamısı bir birinə bənzəyir. Belə rejimlərdə gerçək müxalifət olmaq həyatınla risk etmək, qəfil gülləyə tuş olmaq, bir fincan çayla zəhərlənmək kimi bir şeydir. Əliyev kimi tiranlıq rejimlərində riskin dərəcəsi daha böyükdür.
Həmişə demişəm Milli Şuranın və Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunanlar Allahın verdiyi ömrü deyil, Əliyevin xüsusi xidmət orqanlarının, “Bandotdelinin, gizli polisinin limitləşdirdiyi ömrü yaşayır. Bunun aydın nümunəsi Oqtay Gülalıyevin taleyidir. Ötən ilin 19 oktyabrında kamera qarşısında vəhşicəsinə işgəncə verilərkən Əli Kərimli həyatını itirməyin bir addımlığında idi. Elə həmin vaxt Nəsimi polisində Tofiq Yaqubluya verilən ağır işgəncə ağrılı nəticələr verə bilərdi. Gültəkin xanımın övladın əlindən almaq istəyirdilər. Son həbs zamanı Fuad Qəhrəmanlının işgəncə altında “ölüm” xəbərinin yayılması sarsıdıcı məlumat idi. Nardaranda, Gəncədə, Tərtərdə, istintaq altında öldürülən vətandaşlar tiranlığın qurbanlarıdır.
Mən Nəbatat bağında gəzəndə orada tez-tez rastlaşdığım Heydər Bünyadov (Ziya müəllimin oğlu) xəbərdarlıq etdi ki, tək gəzmə səni burada izləyirlər. Hətta, onunla orada bir neçə dəfə qarşılaşıb 3-5 dəqiqə hal-əhval tutanda “güdükçülər” qalın kolluğun içərsindən şəklimizi də çəkmişdilər. Hələ Sovet dövründə xaricdə iş təcrübəsi olduğu üçün belə şeylərdə çox həssas idi. Vədə verib görüş yerinə gedəndə təhlükəsizlik əməkdaşları və gizli polis bizdən öncə orada peyda olub.
Riskin dərəcəsi İlham Əliyevin səbrindən böyükdür. Rejimin repressiya, təqib, təhdidlər məsələnin görünən tərəfidir. 2013-cü ilin prezident seçkiləri kampaniyası zamanı fiziki cəhətdən məhv edilə biləcəyim haqqında məlumat almışdım. 2007-ci ildə anonim zənglərlə ölümlə təhdid edilmişdim. Elə həmin il xaricilərlə əlbir olub dövlət çevrilişi etmək təklifi ilə MTN bir türk “vətənpərvərini” mənimlə danışığa göndərmişdi.
İndi vəziyyət daha təhlükəlidir. İlham Əliyevin səbri tükəndikcə riskin dərəcəsi daha da artır. Rayona gedərkən sürücüsü “mürgüləyən” bir KAMAZ-ın qəfildən üzərimizə çıxmayacağına əmin deyilik, ABŞ-a yola düşməzdən əvvəl Oqtay bəyə dönə-dönə xəbərdarlıq etdim ki, şəhərdə piyada keçidlərini tək keçmə. Toyda, yasda, çayxanada, yeməkxanada, hətta xaricdə belə heç nədən, o cümlədən zəhərlənmədən sığortalanmamışıq. Gəzinti zamanı qəfil gülləyə tuş gəlməyəcəyimizdən əmin deyilik. Həyatımız İlham Əliyevin kameralarının, canlı “juçoklarının”, onun gizli polisinin “gözləri və qulaqlarının” nəzarətində keçir. Bu baxımdan son vaxtlar Xalq Cəbhəsinin lideri Əli Kərimli və Milli Şuranın rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəyli daha ağır şərtlər altında yaşayır, rejimin xaricdəki əleyhdarları hədəfə gəlir. Bir sözlə, böhran dərinləşdikcə, ailə hakimiyyətinə təhlükə artdıqca riskin dərəcəsi də artıq. Axı, diktatorlar, tiranlar hamısı bir-birinə bənzəyir, müxtəlif quruluşda eyni tamaşanı dəflərlə tamaşaya qoyurlar. Böyük Şəhriyar demiş:
Öldürür xəlqi, sora xətmin tutub, yasin oxur,
Bar ilahi, xəlqə ver bu hoqqa yasindən nicat.