
Sosial mediadakı “Korrupsiyaya “yox” de” səhifəsinin həbsdə olan əməkdaşı Cəlil Zabidova oktyabrın 12-də Yardımlı rayon Məhkəməsində ikinci dəfə hökm oxunacaqdı. Onun ailə üzvlərinin bildirdiyinə görə, üç gündür həbsdə aclıq edən C.Zabidovun vəziyyəti pisləşib, bu üzdən məhkəmə təxirə salınıb.
“Oktyabrın 10-dan aclıq edir. Aclıq ona elə vəziyyətə qoyub ki, ayaq üstə dayana bilmir. Bakıdan Yardımlıya məhkəməyə görə gətirəndə müvəqqəti polis şöbəsində saxlayırlar. Şöbədə vəziyyəti pisləşib, xəstəxanaya aparıblar. Məlum olub ki, təzyiq 80-60-a düşüb. Başqa problemlər də yaranıb. Orada tibbi yardım göstərəndən sonra gördülər ki, məhkəməyə aparmaq mümkün deyil. Bir neçə polis ayaqlarında, bir neçəsi də qollarından tutub şöbəyə qaytardılar”, – ailə üzvləri bildirib.
Penitensiar Xidmət isə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Zabidovun aclığı barədə məlumatı təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu təcridxanada saxlanılan şəxslər arasında ümumiyyətlə, aclıq edən yoxdur.
Azadlıq Radiosu