
Milli Şuranın sədri Cəmil Həsənli
Bunlar öz rəzilliklərindən əl çəkmirlər. Bizim bütün poçt yazışmalarımızı izləmələri azmış, ünvanımıza gələn məktubları itirir, sürətli poçtla gələn dəvətləri dəvət olunduğumuz tədbir başa çatdıqdan bir ay sonra bizə çatdırılır, xaricdən bizə göndərilən kitab bağlamaları bir müddət poçt idarəsindən saxlandıqdan sonra müxtəlif bəhanələrlə geri göndərilir. Bu ilin iyul ayında İsraildən olan dostlarım tanınmış jurnalist və tarixçilər, Yaxın Şərqdə Sovet və Rusiya siyasəti ilə bağlı çox maraqlı kitabların müəllifləri, dünyaca məşhur “The Soviet-Israeli War, 1967-1973: The USSR’s Military Intervention in the Egyptian-Israeli Conflict” kitabının müəllifləri İsabella Ginor və Gideon Remez tanınmış yəhudi yazıçısı, tarixçisi və jurnalisti Tom Reiss-in “The Orientalist: Solving the Mystery of a Strange and Dangerous Life” kitabını poçtla mənim ev ünvanıma göndərmişdilər.
Göndərişin trackin nömrəsin İsabella mənə göndərdiyi üçün bağlamanın hərəkət traektoryasın izləmək mümkün olurdu. Israil Post Tracking-i (RR099503575IL) ilə avqust ayının 10-da Bakıya yetişən kitab bağalamsı Yasamaldakı AZ1100 nömrəli poçta göndərilsə də, lakin ünvana çatırılmayıb. Avqustun 10-dan sonra dəfələrlə qızım və həyat yoldaşım AZ1100 nömrəli poçta getsələr də, hər dəfə ya internet sistemi işləmir, ya Sizin ünvana bir şey gəlməyib bəhanəsi ilə kitab bağlamasın verməyiblər.
Əvvəlcə düşündüm ki, mənim ünvanıma xaricdən gələn kitab və jurnallar ilə bir qayda olaraq təhlükəsizlik orqanları tanış olduğu üçün, ola bilsin açıq deyə bilmirlər. Yəqin DTX görəvlisi oxuyub qurtarandan sonra Tom Reiss-in “Orientalist” kitabının Azərbaycana bir ziyanı olmadığını anlayıb kitabın ünvana çatdırılmasın təmin edəcəklər. Ancaq belə olmadı.
Təxminən 40 gün kitabı saxlayandan sonra AZ1100 nömrəli poçt şöbəsi kitab bağlamasın qaytarıb Mərkəzi Poçt İdarəsinə və onlar da sentyabrın 30-da kitabı təzədən göndəriblər İsraildən gələn ünvana. Bu gün qızım təzədən poçta gedib tracking üzrə bağlamanın çoxdan yetişdiyin deyəndə bildiriblər ki, bağlamanın üzərində ünvan olmadığı üçün biz qaytardıq Mərkəzi Poçta. Mərkəzi Poçtda eyni həyasızlıqla deyib ki, bağlamanın üstündə ünvan olmadığı üçün onu geri qaytardıq İsrailə. İndi sual olunur: dünyada hansı poçt xidməti ünvansız bağlama qəbul edər? Bunlar necə də utanmaz və əxlaqsızdırlar!
Yeri gəlmişkən bu birinci hadisə deyil. Bundan əvvəl sürətli poçtla ünvanıma ən geci 5 günə gəlməli olan dəvəti “açıb tanış olduqdan” sonra yalnız 29 gün sonra, yəni tədbir başa çatandan 2 gün sonra mənə çatdırmışdılar. Azərpoçtun belə eybəcər “nümunələri” çoxdur. Siyasi məhbusların AİHM məhkəməsinə göndərilən şikayətlərini də Azərpoçtda bax belə natəmiz üsullarla “itirirlər”. Bu də təqibin özünəməxsus bir formasıdır ki, Azərbaycanın korrupsioner, kriminal, kleptokratik rejimi utanıb qızarmadan belə natəmiz əməllə məşğul olur və poçt xidməti sahəsində qoşulduğu beynəlxalq konvensiyanı pozur. Vaxtıyla Sovet İttifaqında “etibarsız” hesab edilən yəhudilərin və dissidentlərin ünvanına gələn məktub və bağlamalarla belə rəftər edirdilər.