Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün hörmətli Elmar Həsənli bəy 1970-ci ildə nəşr edilmiş Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin ləğv edilməsi haqqında bir post paylaşıb. O yazır: “1970- ci ildə Rəsul Rzanın redaktorluğu ilə buraxılmış yaşıl üzlü ensiklopediya.Bu ensiklopediya 20 min tirajla nəşr olunub . Ensiklopediya da ” A” hərfi başlayan azərbaycanlıların sayı 180 ,ermənilərin sayı 15 -dir .Və qırmızı ensiklopediya da isə azərbaycanlıları sayı 150 nəfər ,ermənilərin sayı 51 – dir. Bu ensikloediyanı məhv etdirənlərdən biri Stepan Şamuyanın oğlu Lev Şamuyan olub. Demək olar ki ,satışda olan bütün nəşrlər yığışdırılıb doğranıb.
Bu ensiklopediyanın pdf Azərbaycanda tək məndədi”.
Elmar bəy bu ensikloediyanın məhv edilməsinin Stepan Şamuyanın oğlu Lev Şamuyana heç bir aidiyyəti yoxdur. Bu nadir cildi 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev ləğv etdirdi. 1969-cu ilin məşhur avqust plenumundan (Leninin anadan olmasının 100 illiyinə Azərbaycanda hazırlığın vəziyyəti haqqında) sonra Azərbaycanda millətçiliyə qarşı amansız mübarizə başladı və həmin mübarizənin hədəflərindən biri də yeni çapdan çıxmış qeyd etdiyiniz bu cild oldu. Mərkəzi Komitə Bürosunun qərarında göstərilir ki, 1970-ci ildə
buraxılmış ASE-nin birinci cildi millətçilik “əyintilərinə” görə qadağan edilib. Əliyev 1971-ci ilin oktyabr plenumundakı məruzəsində bu cildin 20 min nüsxəsinin məhv edilmə səbəblərini göstərir. O, qeyd edirdi ki, “Azərbaycan Sovet Ensiklopediyası redaksiyasına kifayət dərəcədə ixtisaslı rəhbərlik edilməməsi nəticəsində öz varlığının beş ili ərzində redaksiya bütün
ensiklopediyanın nəşri üçün ayrılan məbləğin yarıdan çoxunu xərcləmişdir. 20 min nüsxə tirajla çap edilmiş yeganə cildi olan birinci cild isə ciddi səhvlər və qüsurlar üzündən indi yenidən işlənməkdədir. Ensiklopediyanın baş redaktoru Rəsul Rza yoldaşı ciddi surətdə məzəmmət etmək lazım gəlir. O, yüksək ixtisaslı
kadrlar seçə bilməmiş, redaksiyanın ətrafına ən yaxşı mütəxəssislər toplamağı bacarmamış, materialların seçilməsində prinsipsizlik göstərmişdir.” (Kommunist qəzeti, 2 noyabr, 1971-ci il)
Ermənistan və Gürcüstan Ensiklopediyaların sözlüklərində azərbaycanlılara məxsus yer adları erməni və gürcüləşdirildiyi üçün həmin respublikalarda olan Azərbaycan yer və yaşayış məntəqələrinin adları keçmiş türk adları kimi verildi. Mərkəzi Komitənin qərarında Ensiklopediyanın birinci cildinin ləğv edilməsinin səbəbi kimi ASE-nin birinci cildində yol verilmiş “millətçilik” meylləri, Hacı Zeynalabdin Tağıyev və milli burjuaziyanın digər nümayəndələri haqqında materiallar verilməsi (digər cildlərin də sözlükləri artıq daxili istifadə üçün çap edilmişdi), Ermənistan və Gürcüstandakı Azərbaycan yer adlarının köhnə adı ilə (Azərbaycan dilindəki kimi) verilməsi, Sovet ideologiyasından sapıntılar, tarixi keçmişin vəsf edilməsi, xüsusi ilə baş redaktor kimi Rəsul Rzanın redaksiyanın ətrafına ən yaxşı mütəxəssislər toplamağı bacarmaması, materialların seçilməsində prinsipsizlik göstərməsi və s. göstərilirdi. Mərkəzi Komitə Bürosunun 23 səhifəlik qərarında göstərilirdi ki, “nəşrə hazırlanan 1-ci cilddə bir sıra ideya-siyasi, elmi
səhvlərə yol verilmişdir. Terminlərin, xüsusi ilə şəxsiyyətlərin seçilməsində ensiklopedik prinsiplər ciddi surətdə pozulmuş, subyektivliyə yol verilmişdir”. (Bax: ASE-nin işində ciddi nösanlar haqqında Azərbaycan KP MK bürosunun qərarı. // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 1, s. 62, i. 96, v. 61-84). Yeri gəlmişkən bu məsələ MK
bürosunun müzakirəsinə çıxarılanda Rəsul Rza, baş redaktorun müavini Ramiz Məmmədov, məsul katib Arif Hüseynov, redaksiya müdirləri Vasif Musayev, Eldar Məmmədov, İmran Xəlilov, Şərbət Cərullayev və Azər Bağırovla birlikdə Zaqafqaziya ensiklopediyalarının Yerevanda keçirilən regional müşavirəsində idi. Həmin vaxt onu müşavirədən yarmçıq, təcili olaraq geri çağırdılar və Büronun qərarı ilə ASE-nın baş redaktoru vəzifəsindən azad etdilər.
Rəsul Rzanın baş redaktorluğu ilə ilk variantı hazırlanmış cildlərdə hətta 5-10 evdən ibarət olan yaşayış yerləri, kəndlərin adı da ensiklopediyaya salınmışdı. Lakin onun işdən azad edilməsindən sonra yalnız əhalisi 1000 nəfərdən artıq sovetlik mərkəzi olan kəndlərin adı ensiklopediyaya salındı. Bu da çoxlu yaşayış məntəqəsinin adının və tarixinin ensiklopediyadan kənarda qalmasına gətirib çıxardı. Ona görə də yeni hazırlanan birinci cilddə Azərbaycan haqqında məqalələr vermək “məqsədəuyğun” sayılmadı. Hətta yeni birinci cildin sözlüyü müzakirə ediləndə redaksiya heyətinin üzvü Mirzə İbrahimov istehza ilə soruşdu ki, “Azərbaycan Sovet Ensiklopediyasının 1-ci cildində Azərbaycan haqqında müxtəsər də olsa, məqalə veriləcəkmi?”. Nə isə uzun işdir.