
Milli Şuranın sədri Cəmil Həsənli
Böyük sənət fədaisi cazmen Vaqif Mustafazadənin doğum günü ilə bağlı Ali İsa bəy Jabbarov yazır ki, “Əziblər, sıxıblar söhbəti daha çox mifdi. SSRİ də ilk dəfə caz musiqiçi olaraq əməkdar artist adı alıb. Cazmenlərə fəxri ad vermirdilər. İlk o oldu. Heydər Əliyev faktoru. Ev də verdirib, Nizami küçəsində. Bığına, dəri gödəkçəsinə mız qoyan AZTV sədri isə royal və rəngli televizor verdirib. O zaman rəngli televizoru da növbə ilə alırdılar. Melodiya nəşriyyatında çıxan plastinkaların sayı da öz yerində…”
Əli İsa bəy məsələ Sizin yazdığınız kimi sadə deyildi. Əzib sıxmaq məsələsi təəssüf ki, mif deyildi. Bunun üçün Azərbaycan KP MK-nın mədəniyyət şöbəsinin, Mədəniyyət Nazirliyinin və xüsusi ilə DTK-nın 5-ci idarəsinin sənədlərinə bir az baxmaq lazımdır. Heydər Əliyev faktoru da təəssüf ki, olub. O qədər də yaxşı məna da yox.
Vaqif Mustafazadə caz ifaçılığında ilk addımlarını atanda Heydər Əliyev DTK-da rəhbər vəzifədə işləyirdi və həmin vaxtlar DTK caz musiqisi və stilyaqalara qarşı amansız mübarizə aparır, onların əleyhinə geniş müşavirələr keçirirdi. Orada məsələ belə qoyulurdu ki, caz musiqisi Sovet sistemin dağıtmaq üçün ABŞ-ın həyata keçirdiyi mədəniyət təcavüzüdür. Çıxışlarda qeyd edilirdi ki, “biz onların axırına çıxmasaq, onlar bizim qruluşu dağıdacaqlar”. Bu çıxışları edənlərdən biri də Sizin cazın “xilaskarı” kimi təqdim etmək istədiyiniz Heydər Əliyev idi.
Caz ifaçılarının, həvəskarlarının və stilyaqların siyahısı, ünvanları, toplanış yerləri haqqında məlumatlar DTK-da var idi. Onlar daha çox Nizami küçəsində ayrı-ayrı mənzillərdə görüşürdülər. Heydər Əliyevin rəhbərliyi altında DTK həmin mənzilləri nəzarətə götürmüşdü. Onların içərisinə öz adamlarını salmışdılar. Onları tez-tez profilaktik söhbətlərə çağırıdılar, “tərbiyələndirmək” istəyirdilər. Hətta, Moskvaya Amerika cazmeninin konsertinə Bakıdan bilet alıb gedənlərin adları da DTK-da var idi. Bugün də Azərbaycanda və ondan kənrarda ictimai-siyasi, “mədəni” həyatda fəallığı olan bəzi keçmiş komsomol drujinaçıları caz həvəskarları və stilyaqları güdür, onlar haqqında mərkəzi orqanlara və DTK-ya məlumatlar verirdilər. Məqsəd gəncləri cazdan çəkindirmək idi.
Bu məsələdə Vaqif Mustafazadə ilk addımlarından başlayaraq daim “diqqət” mərkəzində idi. O, həm cazmen həm də stilyaqa kimi DTK-nı əsəbləşdiridi. Lakin bu ideoloji mübarizədə DTK yox, caz qələbə çaldı. Vaqif Mustafazadənin caza milli kolorit verməsi ona böyük uğur gətirdi. Tofiq Quliyev, Niyazi, Rauf Hacıyev, xüsusiylə Qara Qarayev kimi böyük bəstəkarlar onunla bağlı müsbət rəylər verdilər, fikirlər söylədilər. Qarayev əsaslandırırdı ki, biz (yəni Sovet İttifaqı) Amerika caz “təcavüzünün” qarşısını ala bilməyəcəyik. Ona görə vəziyyətdən çıxış yolu kimi öz cazımızı yaratmalıyıq. Vaqif Mustafazadə də bizim öz cazımız oldu. Amma buna qədər ağır mərhumiyyətlər yaşadı. Ötən əsrin 60-cı illərinin sonu – 70-ci illərinin ortalarında “mötəbər” idarələrdən bədii şuralara gizli göstərişlər verilirdi ki, onun ifa və improvizasiyalarını radio və televiziya efirinə, konsert salonlarına buraxmasınlar.
1970-ci ildə Vaqif Mustafazadə Rəşid Behbudovla birlikdə Latin Amerikasına qastrola gedəndən sonra bir müddət ona müxtəlif bəhanələrlə xaricə getməyə icazə vermədilər. Xaricdən ünvanına gələn məktub və dəvətləri əvvəlcə DTK-da açıb oxuyur, sonra ona çatdırırdılar. Bu barədə də sənədlərin içində bəzi maraqlı qeydlər var.
Ev məsələsində də haqlı deyilsiniz. Heydər Əliyev ona ev-zad verməyib. Əksinə, yaradıcı ziyalılarla bağlı mənzillə təmin olunmada o zaman bəzi imtiyazlar olsa da, Vaqif Mustafazadə böyük çətinliklərdən sonra ev aldı. O, və onun ailəsi növbəlilik əsasında, gecikmə ilə, xüsusi ilə xanımın dirənişi hesabına “osvobojdyonnyi fond”dan ev aldı. Nə üçün ona əməkdar artist adı verdilər? Bu bir başqa söhbətin mövzususdur. Bu barədə də sənədlərdə bəzi maraqlı və mübahisəli məqamlar var.