
Hüquq müdafiəçisi Rüfət Səfərov
Bəzi hüquqi məsələlər barədə
Artıq hər birimizə bəllidir ki, general-leytenant Rövşən Əkbərov Cinayət Məcəlləsinin 12.1,(Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi) 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 75.1.4-cü maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən 7 il, xüsusilə ağır cinayətin törədildiyi gündən 20 il keçdikdə şəxs cinayət məsuliyyətindən azad edilir. Yalnız sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə tətbiq olunmur.
Rövşən Əkbərov isə şəxsiyyət əleyhinə olan cinayətdə, yəni xuliqanlıq niyyətilə adam öldürmədə və ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətdə, yəni xuliqanlıqda (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) təqsirləndirilir ki, hər iki cinayətə görə şəxs müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətdən azad edilə bilər.
Belə ki, CM-nin 120.2.2-ci maddəsinin sanksiyası 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etməni və ya ömürlük azadlıqdan məhrum etməni, 221.3-cü maddəsinin sanksiyası 2 ildən 5 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
(Ukraynanın Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti 15 il nəzərdə tutulur.)
Burada qeyd etmək zəruridir ki, CM-nin 75.4-cü maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir.
Deməli, Rövşən Əkbərov hakimiyyətlə “söhbətləşə” bilər.
Amma bu barədə az sonra, hələliksə digər hüquqi məsələlərə də nəzər salaq:
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatından aydın olur ki, Əliyev Elçin Fəday oğlu 1 iyun 2001-ci il tarixdə qətlə yetirilib. Hesablayanda məlum olur ki, 20 ilin tamam olmasına 2,5 ay qalır. Amma yenə də CM-nin 75.2-ci maddəsi köməyə gəlir: müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır.
Təkcə Cinayət Prosessual Məcəlləsinin 218-ci maddəsinə (ibtidai araşdırmanın müddətləri) istinad edərək xüsusilə ağır cinayətlər üzrə ibtidai araşdırmanın müddətinin 19 ayadək uzadılmasının mümkünlüyünü qeyd etsək, yuxarıdakı fikir daha da möhkəmlənər: Rövşən Əkbərov hökumətlə, hüquq mühafizə orqanları ilə rahatcana alverə gedə bilər. Bu vaxtadək getdiyi kimi…
Doğrudur, CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
Nəzərə almaq lazımdır ki, R, Əkbərov istintaqdan, məhkəmədən gizlənməyib, əkisnə göz önündə olub, qətldən 1 il sonra general-leytenant rütbəsinədək yüksəlib, ayrı-ayrı vaxtlarda 2 Ordu korpusuna komandanlıq edib.
Dostlar, yuxarıdakı qeydlərdən hansı nəticəyə gəlmək olar?
O yekun hasil olur ki, hakimiyyət cinayət və cinayət qanunvericiliyinin qeyd edilən normalarını “rəqs” elətdirə bilər, məsələn, R. Əkbərov ölkə daxilində və xaricindəki daşınar və daşınmaz əmlaklarından, bu zamanadək topladığı xüsususilə külli miqdarlardan tutmuş ta trusikinədək bütün varını-dövlətini hökumətə təslim etsə, gələn ilin bu vaxtı ibtidai və məhkəmə istintaqı bitər, “ədalətli” hakimsə müddətin keçməsi ilə əlaqədar təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edər.
Qeyd etdiyimiz kimi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edildiyinə görə “adil” hakim də R. Əkbərovun 1-ci Qarabağ müharibəsində, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində “xüsusi rəşadət” nümayiş etdirməsini, milli qəhrəman olmasını yüngülləşdirən hal kimi nəzərə alıb, onu tamamilə cinayət məsuliyyətindən azad edə bilər. Yox əgər R. Əkbərov hakimiyyətin maddi maraqlarını qanedici səviyyədə təmin etməsə, aprel ayının 1-ci dekadasınadək ibtidai istintaq cinayət işini “ildırım” sürətilə yekunlaşdırıb, məhkəməyə təqdim edər, may ayının 1-ci ongünlüyünədək birinci instansiya məhkəməsi işini bitirər, may ayının 31-i, gecə saat 23-59-da da apellyasiya instansiyası ittiham hökmünü qüvvədə saxlayar, “1 dəqiqə”nin içində R. Əkbərov gedər-gəlməzə yollanar.
Burası Azərbaycandır-“mafiya normalar”nın, “oğru qanunları”nın yeridiyi Azərbaycan!