
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədov haqqında cinayət işinin materiallarında Penitensiar Xidmətin məktubundan çıxarış var. Orada iddia edilir ki, Əhmədovun Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına sərt, bəzən təhqiramiz ifadələr səsləndirən Qabil Məmmədovla yaxın münasibətləri olub. Əhmədovun dövlət orqanları və onların rəhbərləri barədə topladığı məlumatları ona ötürdüyü, etiraz aksiyalarının təşkilində fəallıq göstərdiyi, Facebook-da iqtidarın əleyhinə materiallar paylaşdığı iddia olunur.
Əhmədovun vəkili Zibeydə Sadıqova martın 19-da məhkəmədə vəsatət qaldırıb ki, söhbətin hansı məktubdan getdiyi müəyyənləşdirilsin. Çünki məktub özü yoxdur, yalnız çıxarış var. Həm də Penitensiar Xidmət istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və həbsxananın fəaliyyətinə nəzarət edir. Bu qurumun belə bir məktubunun olması təəccüblüdür.
“Xahiş edirəm, Penitensiar Xidmətin bu məktubu yazmasına əsas olan sübutlar, sənədlər məhkəməyə təqdim olunsun. Həmçinin, məktubun özü Baş Prokurorluğun İstintaq İdarəsindən alınsın”, – vəkil belə deyib.
“Skype” vasitəsilə dindirilsinlər
Müdafiəçinin daha bir vəsatəti isə Qabil Məmmədov və həyat yoldaşı Aytən Əliyevanın “Skype” vasitəsilə şahid qismində dindirilməsi haqda olub. Vəkil bildirib ki, Əhmədov adları çəkilən şəxslərlə əlbirlikdə, terror məqsədilə onlardan pul almaqda suçlanır. Lakin bu adamlar dindirilməyib.
Hakim bu cür dindirmənin mümkünsüz olduğunu desə də, müdafiəçi etiraz edib. Sadıqova bildirib ki, pandemiya dövründə hətta bir sıra məhkəmə işlərində təqsirləndirilən şəxslər də təcridxanadan onlayn qaydada prosesə qoşulub.
Vəsatətlərin heç biri təmin edilməyib.
Azadlıq radiosu