
Bəxtiyar Hacıyev
Dünən İlham Əliyev əfv sərəncamı imzaladı. Bununla bağlı xəbər lentimdəki postların böyük əksəriyyəti günahsız insanların azadlığa çıxıb-çıxmaması haqqında idi.
Təsəvvür edin, 2021-ci ildir və biz hələ şərlənərək həbsə atılmış jurnalist, bloqer, siyasi partiya üzvü, dindarlar və s. qrup insanların azadlığa çıxıb-çıxmamasını gözləyirik. Azad edilənlərin də bəzilərinin həbsdən çıxmasına 50-60 gün qalmışdı. Məsələn, ikinci dəfə şərlənərək həbsə atılan AXCP üzvü, Qarabağ qazisi Babək Həsənovun həbs müddəti mayda bitirdi.
Xeyli şərlənərək həbsə atılmış şəxs hələ həbsdə qaldı. Onlardan əlavə birbaşa siyasi fəaliyyətinə görə olmasa da, daha çox günahsız insan bu gün həyatının illərini, aylarını həbsxana divarları arxasında keçirirlər. Heç bir günahları olmadan, heç bir cinayət törətmədikləri halda, sırf kimlərinsə tapşırığı əsasında.
Dünən çoxlarının ümidlə gözlədiyi, amma azad edilməyənlər arasında təkcə siyasi məhbus siyahısında adı olanlar yox, həm də ömürlük həbsdə olan OMONçular da vardı.
Əlavə olaraq, adı siyasi məhbus siyahısında olmasa da, 90-cı illərin əvvəllərində minlərlə insanı işlə təmin etmiş, bu günə qədər insanların yaddaşında və ürəyində sevgi qazanmış, ancaq tək günahı keçmiş baş prokuror Zakir Qaralovun maraqlarına cavab verməyən Şəmsi Səmədzadə kimi iş adamları da vardı. Adam ömrünün 20 ilini sırf Zakir Qaralovun sifarişi əsasında Qobustan həbsxanasında keçirib, Qaralov gedəndə çoxları inanırdı ki, ədalət bərpa olunacaq. Ancaq Qaralov getdi, onun tapşırıqlarını icra edən, sapı özündən olan baltalar bu dəfə də Ş.Səmədzadə kimi bir çox günahsız insanı bağlı qapılar arxasında qoydular. Halbuki, həmin adamlar Azərbaycan əsgərlərini güllələyən erməni snayper qadını Moskvadan gələn bir zənglə azad etdilər, müharibə cinayətkarı Araik Arutyunyan isə Xankəndində separatçılığına davam edir.
Ədalət olmayan, məhkəmələrdə ədalət yox, tapşırıq əsas götürülən, cinayətkar təfəkkürlü insanların rəhbər postlarda oturduğu ölkələr inkişaf edə bilməz.