
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Tərtər işinin istintaq materialları, ittiham aktı, şahid ifadələri və məhkəmə hökmünü ilə tanış olanda insanı vahimə basır. Bu bir az da Faşist Almaniyasında 1934-cü ilin iyun ayının 30-da Gestaponun Peyxsverdə həyata keçirdiyi “Uzun bıçaqlar gecəsi” (Nacht der langen Messer) əməliyyatına bənzəyir. Orada Peyxsverin 2 minə yaxın hecumçu dəstəsi bir gecədə məhv edildi. 61 nəfər yüksək rütbəli zabit yerindəcə güllələndi qalanlar həbs edilib konslagerlərə göndərildi. Tərtər işində isə Azərbaycan ordusunun 1800 nəfər zabit və hərbi qulluqçusu həbs edilərək ağır işgəngələrə və vəhşiliklərə məruz qoyuldu. Çoxlu sayda zabit və hərbi qulluqçu istintaqsız, məhkəməsiz döyülərək öldürüldü, “vətən xaini” kimi gizli dəfn edildi. “Uzun bıçaqlar gecəsi” ilə Tərtər işinin fərqi odur ki, Tərtər işində həbs edilənlərə amansız, dəhşətli, ağlagəlməz işgəncələr veriblər, onlar İlham Əliyevin işgəncə labaratoriyalarından keçirilib.
“Vətən xaini” adı ilə günahsız hərbçilərə verilən işgəncələrə diqqət edək: əl və ayaq barmaqlarının dırnaqlarının çıxarılması, çıxarılan yerdən elektrik cərəyanı keçirilməsi; əllərindən asıb ayaqlarına elektrik cərəyanı ötürmək; ayaqların altına iynələr vurmaq; damaq, diş və qulaqlara elektrik cərəyanı vermək; lüt bədənə dayanmadan su tökülməsi və sulu bədəndən elektrik cərəyanı keçirilməsi; dəmir çarpayıda sulu döşəkdə lüt uzandırmaq və bədənə elektrik cərəyanı vermək; bədənin həssas yerlərinə naqil bağlanmaqla elektrik cərəyanı ötürmək (bu zaman gözlər göz yuvasından çıxır); ayaqlarından asmaqla başını elektrik cərəyanı keçirilmiş su çəninə salmaq; klyonkanın və plastikin yandırılıb kürəyə basılması, yanan yerə duz, istiot, araq tökülməsi, botinka ilə tapdanması; əl barmaqlarının qapı arasında qoyulması; ayağa mismar vurulması; ilan, mışovul olan yerdə qaranlıqda saxlamaq; əl barmaqlarının çubuqla sındırılması; diz qapaqlarını drellə deşmək; dizləri üstə qırıq şüşədə və çınqıl daşlarında oturtmaq və üstünə çıxmaq; plastik boru, rezin şlanq, məftil və armaturla bədənin müxtəlif nahiyələrinə zərbələr endirmək; çənəni və əl barmaqlarını sındırmaq; tüfəngin şompulu ilə qarını, budu, ayağı, qolu deşmək; gözü açıq halda skoçlamaq; qolu, ayağı bağlı halda 2 dəqiqə vaxt verməklə yemək yeməyə məcbur etmək (öz boşqablarında qalan yeməyi); cinsiyyət orqanlarını məngənə ilə sıxmaq; butulka və dəmir parçasını arxa keçəcək dəliyinə salmaq; ağıza su doldurub boğmaq; üstlərinə sidik və nəcis tökmək; butulkada sidik içirtmək; bütün dişlərin tikintidə istifadə edilən kəlbətinlə çıxarılması; ağızın qulağa qədər hissəsini cırmaq…və 2-ci mərtəbədən (qolu, ayağı bağlı) asfalta atmaq və sair.
İlham Əliyevin ölkədə bərqərar etdiyi “hüquq” sistemi, istintaq “metodu”, isgəncə labaratoriyasının gerçək mahiyyəti və mənzərəsi Tərtər işində tam gücü ilə işləyib, işgəncə və insan ləyaqətinin alçaldılması ilə bağlı Azərbaycan dilinin söz lüğəti yeni “hüquqi” ifadələr və “işgəncə” terminləri ilə zənginləşdirilib. Baş verənləri biz kitablardan oxumuruq, filmlərdən seyr etmirik. İnsanlığa qarşı yönəlmiş bütün bu vəhşiliklər XXI əsrdə Əliyevlərin ailə-klan rejimi qurduğu Azərbaycanda baş verib.