
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Lukaşenkonun törətdiyi hava nəəqliyyatı terrorizmi, dövlət səviyyəsində hava piratçılığıdır. Hava nəqliyyatı haqqında beynəlxalq konvensiyanın bir çox maddələri terrora məruz qalıb. Müxalif əleyhdarı 25 yaşlı Roman Protaseviçi ovlamaq üçün adam Belarusiyaya məxsus olmayan mülki sərnişin təyyarəni qırıcılar vasitəsi ilə enməyə məcbur edib.
Roman Protaseviçin 25 yaşı var, Lukaşenkonun Belarusiyada diktatorluq tarixi ondan 2 yaş böyükdür, yəni 27 ilin quzğunu MiG-29 vasitəsi ilə 25 yaşlı göyərçini Afinadan Vilnüsə uçarkən Belarusiya fəzasında ovlayıb. Roman NEXTA Teleqram-kanalının keçmiş rəhbəri, müxalifətçi bloqqerdir. Çox istedadlı bir gəncdir. Günahı öz ölkəsini diktatorluqdan azad etmək cəhdləridir. Lukaşenkonun ideoloji və siyasi dayaqlarının sökülməsinin əsas təşkilatçılarından biridir.
Öz əleyhdarlarına qarşı olan dəruni nifrət və qisasdan yoğrulan qəzəb diktatorların gözünü bağlayır. Şəxsi düşmənləri hesab etdiy müxaliflərinə divan tutmaq üçün diktatorlar heç nədən, o cümlədən üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərdən də çəkinmirlər. Lukaşenko rekord vurdu. İndiyə qədər dünya İlham Əliyevin Əfqan Muxtarlını Tbilisi küçələrində başına torba keçirib oğurlamasının şokunu yaşayırdı. Dünən Belarus diktatoru qırıcı təyyarələr vasitəsi ilə beynəlxalq reyslə uçan təyyarəni məcburi enişə məcbur edib müxalif əleyhdarı Roman Protaseviçi həbs etməsi bütün dünyada yeni bir şok effekti yaradıb. Bunun bir adı var: dövlət səviyyəsində hava quldurluğu. Bu, quldurluğun yeni növüdür.
Somali dəniz piratçılığı siyasi xarakter daşımır, 25-35 yaş arası Afrikanın Şərq sahil sularında soyğunçuluqla məşğul olan silahlı cinayətkar banda tərəfindən pul tələb etmək üçün törədilir. Lukaşenko isə Avropanın mərkəzində hava piratçılığı ilə məşğuldur, həm də qırıcı MiG-29-ləri havaya qaldırmaqla, həm də siyasi əleyhdarlarına divan tutmaq məqsədiylə. İndi dəyişən dünyada müxaliflər nəinki yerdə, heç havada da təhlükəsiz deyillər.