
Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də sərhəddəki vəziyyətlə bağlı növbəti məlumat yayıb.
Saat 11:39-da yayılan məlumatda qeyd edilir ki, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu Azərbaycanın dövlət sərhədini iki istiqamətdə keçib: “Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb”.
Açıqlamaya görə, Azərbaycan ərazisindəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən hər iki qrupa qarşı əməliyyat tədbirləri görülüb. Bildirildiyinə görə, nəticədə onların birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanıb.
Ermənistanın digər hərbçilərinin isə Azərbaycan ərazilərini dərhal tərk edərək geriyə çəkildikləri vurğulanır.
MN: Ermənistan Kəlbəcər istiqamətində təxribata əl atıb
Ermənistan tərəfinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atdığı bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də məlumat yayıb: “Mayın 27-də saat 03:00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib”.
Məlumata görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb: “Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb…”.
Azərbaycan XİN: Onların bir hissəsi qaçmış, 6 nəfər isə…
Sərhəddəki vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb.
Qurum Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq yolları minalamağa cəhd göstərib: “Həmin qruplar aşkar edilmiş, onların bir hissəsi qaçmış, 6 nəfər isə Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanıblar. Ermənistan tərəfindən bir müddətdir ki iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir”.
Açıqlamaya görə, Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkildiyi halda, növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi: “Azərbaycan,…dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası, demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir”.
MN: Azərbaycan mövqeləri atəşə tutulub
Azərbaycan Müdafiə Nazirliyi mövqelərinin atəşə tutulduğunu açıqlayıb.
Bu barədə nazirlik mayın 26-da saat 13 radələrində məlumat yayıb.
Məlumatda qeyd edilir ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistanın Geqarkunik vilayəti ərazisindəki mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub: “Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur”.
Ermənistan təkzib edir
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atəşə tutulması haqda Bakının məlumatını təkzib edir. Qurum bunu kiçik serjant Qevorq Xurşudyanın öldürülməsini ört-basdır etməyi hədəfləyən növbəti cəhd adlandırıb.
“Ermənistan Silahlı Qüvvələri göstərilən günlərdə Azərbaycan tərəfə bircə atəş də açmayıb. Azərbaycanın Ermənistanın suveren ərazilərinə qəsdi qəbuledilməzdir”, – məlumatda deyilir.
MN: Ermənistan istiqamətinə atəş açılmayıb
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan istiqamətinə heç bir atəş açmayıb.
Məlumatda vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi onların Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yalan məlumat yayıb.
Məlumata görə, mayın 25-də günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib:
Nazirliyin qeyd etməsinə görə, onlarda olan məlumata əsasən, erməni hərbi qulluqçunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib.
Azadliq radiosu