İctimai fəal Bəxtiyar Hacıyev
SSRİ dağılandan sonra Estoniyada 5, Latviyada 6, Litvada 8 prezident dəyişib. Heç biri özünü Türkmənistandakı kimi Arxadağ, Qazaxıstandakı kimi Elbaşı, Azərbaycandakı kimi Ümumilli Lider, Tacikistandakı kimi Peshvoyi Millat (Xalqın Lideri), Özbəkistandakı kimi Yurtboşi, Belarusdakı kimi Batka və s. titullarla bəzəmədi, kresloda onillərlə qalmaq üçün vətəndaşlarını ac saxlayıb, ölkəsinin sərvətini başda Rusiya olmaqla başqa ölkələrə yedirmədilər, çətinə düşəndə ölkələrinə xaricdən qoşun dəvət etmədilər.
Müstəqilliyin ilk illərindən qarşılarına Aİ və NATO üzvü olmağı hədəf qoydular və 2004-də buna nail oldular. Rusiya və şəxsən Putin bunun qarşısını almaq üçün bu ölkələrin rəhbərlərini də ölümlə belə təhdid edib.
Şəxsən mən Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqadan Putinin həmin illərdə onu ölümlə necə təhdid etməsini özündən dinləmişəm. Amma həmin liderlər ölkələrinin maraqlarını hətta canlarından da irəlidə tutdular və xilas oldular.
Qazaxıstanda baş verənlərin Rusiyanın planı olmasını yazaraq, Rusiya başda olmaqla KTMT-in qoşunlarının ölkə ərazisinə girməsi faktından tutaraq bəziləri etirazçıları günahlandırmağa çalışırlar.
Unutmaq lazım deyil ki, hətta ən inkişaf etmiş, ən ədalətli ölkələrdə belə hakimiyyətlərə etiraz etmək, mitinqlərə çıxmaq ən təməl konstitusion hüquqlardandır. Xalq hakimiyyətdən narazı olanda, onillərlə eyni sifətləri hakimiyyətdə görəndə, eyni ailələr milyonlarla ailənin milyardlarını mənimsəyəndə, sosial və iqtisadi ədalətsizlik vüsət alanda isə belə etirazlar bir anda alovlana bilir. Bundan xarici güclər də öz maraqları üçün istifadə edə bilir.
Ancaq bir ölkədə dinc etirazlar ixtişaşa çevrilirsə, sonra da başqa ölkələr ora qoşun yeridirsə, xaos yaranırsa, burada günahlandırılacaq ən son adamlar dəyişiklik uğrunda, öz haqları uğrunda dinc etirazlara çıxanlardır. Günahlandırılacaq ilk şəxslər isə şəxsi maraqları, hakimiyyət hərisliyi ilə ölkəsinin maraqlarını arxa plana atan avtoritar liderlərdir.
Zamanında seçki bülleteni ilə hakimiyyət dəyişikliyinə imkan verməyənlər bir gün armaturla dəyişmək riski ilə üz-üzə qalırlar. Onda da ya ölkə vətəndaş müharibəsinə gedir, ya tamamilə çökür, ya da başqa böyük dövlətlərin işğalına məruz qalırlar. “Səsini çıxarma, ruslar bizi işğal edər” deyənlər hər il, ay və gün bu işğalı daha da yaxınlaşdırırlar. Ölkəsinin Liviya, Suriya, İraq, Qazaxıstana çevrilməsini istəməyənlər iradlarını öz haqlarını tələb edən insanlara yox, o haqları pozan hakimiyyətə bildirməlidirlər.