Dekabrın 30-da AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılıb
Dekabrın 30-da Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılıb.
Rüstəmovun vəkilləri o hələ aclıq etdiyi dövrdə – dekabrın 6-da məhkəməyə ərizə vermişdi ki, sağlıq durumunun ağırlığına görə cəzanın qalan hissəsindən azad edilsin. Bu iş Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin icraatındadır.
Vəziyyəti normallaşmayıb
Məhkəmə iclasına Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Rüstəmov özü də onlayn şəkildə qatılıb.
O bildirib ki, 41 günlük aclıq aksiyasından sonra səhhətində kəskin problemlər yaranıb. Aclığı dayandırmasından 14 gün keçsə də, vəziyyəti normallaşmayıb. O, vəkillərinin verdiyi ərizənin təmin olunmasını istəyib.
İş materiallarında Müalicə Müəssisəsində Rüstəmovun sağlıq durumunu əks etdirən çoxsaylı aktlar, o cümlədən professor Adil Qeybullanın, türkiyəli mütəxəssislərin verdikləri rəylər var. Həmin rəylər özəlliklə aclıq aksiyası keçirilən dövrə təsadüf edir.
“Ortada kifayət qədər həkim rəyi vardı”
Məhkəmədə prokuror deyib ki, bu rəylər kifayət deyil, tibbi ekspertiza təyin edilməlidir.
Hakim Nəriman Mehdiyev də qısa müşavirədən sonra Rüstəmovun sağlıq problemlərinin müəyyənləşdirilməsi məqsədilə tibbi ekspertizanın təyin olunmasına qərar verib. Beləliklə, iş üzrə icraat dayandırılıb.
Vəkil Bəhruz Bayramov bildirib ki, qanuna görə, bu cür ərizələrə qısa müddətdə baxılmalıdır. Rüstəmovun haqqındakı ərizə ilə bağlı ilk məhkəmə iclası dekabrın 23-nə təyin edilsə də, keçirilməyib. Bildirilib ki, iş materialları məhkəməyə gəlib çıxmayıb.
Ekspertizanın təyin olunması haqda qərarı şərh edən vəkil deyir ki, iş materiallarında yetərincə rəylər vardı:
“Qərar üç gün ərzində rəy alınması üçün göndəriləcək. Onsuz da qanun pozuntusuna yol verilib, 10 gün ərzində baxılmalı olduğu halda, gecikdirilmişdi. Biz hesab edirik ki, ortada kifayət qədər həkim rəyi vardı. Düzdür, aktlar rəy hesab olunur. Amma məqsəd adamın durumunu müəyyənləşdirməkdirsə, müxtəlif tibbi mütəxəssislərin gəldiyi nəticələr işin içində vardı”.
Azadlıq radiosu