Milli Şuranın sədri, professor Cəmil Həsənli
Zəngilanda “ağıllı kənd” tikirlər, amma heç kəs “ağılsızlıq” edib bu “ağıllı kənd”i inşa edən şirkətin adını açıqlaya bilmir. Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, bu “Ağıllı kənd” layihəsi üzrə Nazirliklə müqavilə bağlayan və subpodratçıları işə götürən baş podratçının adını açıqlaya bilməz”. Görünür dövlət sirridir. “Ağıllı kənd”in tikintisində iştirak edən 300 inşaatçı 3 aydır əmək haqqı ala bilmir və bu barədə 300 dövlət orqanına 300-dən çox teleqram göndəriblər, amma qorxudan onları işlədib pullarını verməyən şirkətin adını çəkə bilmirlər. Biçarə fəhlələr deyirlər: “Bizi gətirib buraya atdılar. Soyuqda yaşayırıq, elementar şərait yoxdur. Bu dövlətdə prezident var, ümid edirik ki, bizim problemlə məşğul olacaq”. Zəngilandan ağıllı adamlardan alınan məlumata görə “ağıllı kənd” tikintisinə səfərbər edilmiş inşaatçıların bir hissəsi “ağılsızlıq edərək” iş yerlərini tərk edib və bu səbəbdən də Əliyevin prioritet dövlət tikintisi elan etdiyi “ağıllı kənd”in tikintisi dayandırılıb. Deyəsən “ağıllı kənd”imiz də başsız qalacaq. Amma axı dövlət televiziyalarında və mətbuatında biz Zəngilanda “ağıllı kənd” in tikinti işlərinin artıq başa çatdırılması barədə süjet və yazıları həvəslə oxuyurduq. Məsələn, hələ ötən ilin oktyabrın 20-də məlumat verilmişdi ki, Zəngilanda “ağıllı kənd”in tikintisi başa çatmaq üzrədir. Hətta TV-lər ağıllı-ağıllı bildirirdilər ki, “ağıllı kənd” zərbəçi tikintisi üzrə 200 yaşayış evi və dörd sosial təyinatlı bina, tikilib, ilin sonuna qədər süni gölün inşası da başa çatdırılacaq. Deyəsən işləri dağın kəlləsində ipə-sapa yatmayan, dəlilik edən bu süni göl pozub. Çünki 2022-ci ilin ilk günlərində məlum olur ki, iş dayandırılıb, inşaatçılar tikinti yerin tərk edir və 100 milyonlarla dövlət vəsaitinin ayrıdığı anonym şirkətin adı ictimaiyyətdən (elə mətbuatdan da) gizli saxlanılır. Ən qəribəsi odur ki, bu ölkədə “ağıllı kənd”i də ağılsız üsullarla tikmək istəyirlər və görünən odur ki, regionların “inkişafı”ı proqramı üzrə 65-70 milyard dollar vəsaiti yeyib üstündən də Yuxarı Gövhər Ağa məscidində Həzrət Abbas şərbəti içdikdən sonra, bu “ağıllı kənd” də İlham Əliyevin “smart korrupsiya” şəbəkəsinin prioritet obyektlərindən biridir.