Milli Şuranın sədri, professor Cəmil Həsənli
Un və çörək istehsalçıları qiymətlərin artırılması ilə bağlı əhaliyə müraciət ediblər. Müraciətdə qiymət artımı yarıtmaz idarəçiliklə deyil, dünya qiymətlərinin artması və böyük miqdarda taxılın idxalı ilə izah olunur. Onlar 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 36 manata (28 manat olub) qədər, çörəyin qiymətinin isə 30 qəpikdən 40-45 qəpiyə qədər artacağını bildirliblər. Şübhəsiz ki, qeyd edilən rəqəmlər başlanğıc üçün minimum həddir və onların daha yüksək olacağı gözlənilir.
Burada məsələnin maraqlı tərəfi qiymət artımının böyük miqdarda taxılın idxalı ilə izah olunmasıdır. Bir vaxtlar bütün əhalisini yerli taxılla təchiz edən Azərbaycan niyə son illərdə taxıl idxalına görə Rusiyanın 5 partnyorundan birinə çevrilib. Axı 2008-2015-ci illəri əhatə edən ərzaq proqramı qəbul ediləndə vəd verilmişdi ki, Azərbaycan bu proqramın sonunda idxaldan asılılığı aradan qaldıracaq və özünü yerli taxıl məhsulları ilə təmin edəcək. Bu proqramı gercəkləşdirmək üçün regionların inkişafına 65-70 milyard dollar pul xərcləndi. Əvəzinə taxıl idxalı 3,1 dəfə artdı. Ümumi rəqəmlərə diqqət yetirək: 2019-cu ildə ölkənin buğda istehlakı 2 milyon 200 min ton olub və bunun 1 milyon 600 min tonu idxalın hesabına ödənilib. 2020-ci ildə pandemiya ilə bağlı 3 milyon turistin gəlməsi dayansa da, amma buğda istehlakı 2 milyon 400 min tona yüksəlib (10 faiz artıb), bunun da 1 milyon 250 min tonu idxalın payına düşüb. 2021-ci ilin ilkin rəqəmlərinə görə buğda idxalı 1 milyon 300 min tonun ətrafında olacaq.
Amma niyə yerli istehsal yoxdur? Niyə ölkənin əsas qida məhsulunu idxalın üzərinə keçirilib? 20 ildir deyirlər ki, yerli taxıl çörək sənayesi üçün yararsızdır. Necə olur ki, Arazın o tayında Muğan düzünün taxılı bütün İranı çörəklə təmin edir, amma bu tayın taxılı çörək üçün yararsız olur. Bəlkə taxıl yox, idarəçilik yararsızdır. 20 il ərzində o “yararsız” olan nəsnə niyə aradan qaldırılmayıb? Əgər sadə bir məsələni də həll edə bilmirsə, onda Kənd Təsərrüfatı nazrliyi nə üçündür?
Əslində, məsələ yeri taxılın yararsızlığında deyil, yerli hakimiyyətin şəbəkələşmiş korrupsiyasında, taxıl idxalı monopoliyasındadır. İdxal taxılında böyük korrupsiya pulları var və ilbə-il artan taxıl idxalı yerli istehsalı məhv edərək Əliyevlərin əsas korrupsiya mənbələrindən birinə çevrilib. Şübhəsiz ki, hakim ailənin zənginləşməsinə xidmət edən qiymət artımının bədəlini isə çörəyə möhtac olan xalq ödəməlidir.