AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Siyasətçinin məsuliyyəti olduğu kimi, vətəndaşın da ictimai məsuliyyəti olmalıdır. Siyasətçi üçün bu məsuliyyət mövcud problemlər haqda danışıb, hakimiyyətin xalqa zidd siyasətini izah etmək, alternativ təkliflər vermək, cəmiyyət üçün nümunələr göstərməkdir. Vətəndaşlar üçün isə məsuliyyət siyasətçinin gündəmə gətirdiyi problemlərə, ifşa etdiyi qanunsuzluqlara diqqət göstərib adekvat reaksiya verməkdir.
Yox, əgər siyasətçi insanların həyatına, ölkənin gələcəyinə birbaşa təsir göstərən problemlərdən danışırsa və vətəndaş da bunu ya dinləməyə maraq göstərmirsə, ya da ki, dinləyib heç bir reaksiya vermirsə, o zaman problemlərin məsuliyyətinin birtərəfli şəkildə siyasətçilərin üzərinə qoyulması ölkədə dəyişikliklərin gecikməsinə səbəb olur.
Əgər vətəndaşı artan komunal ödənişlərə, verilməyən uşaq puluna, kəsilən təqaüdə görə öz məsuliyyətini hiss edib etiraz etmək əvəzinə , siyasətçiyə ” sən elə et ki, insanlar qalxıb haqqını tələb etsin” deyirsə, bu artıq bəhanədir. Çünki, heç bir siyasətçinin söz bu sadaladığımız problemlər qədər vətəndaşlara təsir göstərə bilməz. Vətəndaş öz həyatını ağırlaşdıran problemlərə görə səsini çıxarmırsa, etirazını bildirmirsə, o halda siysətçinin sözünün elə bir sehirli qüvvəsi yoxdur ki, onu danışdıra bilsin. Siyasətçi özünü təhlükəyə atıb hakimiyyəti tənqid etdiyinə, xalqın haqqlarını tələb etdiyinə görə təzyiqlərə məruz qalırsa, illərini həbsxanalarda keçirməli olursa, bu halda evində otrub meydana çıxmayan, qorxusuna görə adi bir feysbuk statusu ilə etirazını bildirməyənlərin müxalif siyasətçilərə “siz də heç nə edə bilmirsiniz” deməsi, əslində ədalətsizlikdir.
Demək ki, problemin həlli siyasətçilərin hansısa sehirli sözlər tapıb deməsindən yox, insanların öz vətəndaş məsuliyyətini hiss edib problemlərinin həlli üçün mövqe bildirməsindən keçir.